Təhsil Nazirliyinin Xaçmaz rayonuna təşkil etdiyi mediaturdan reportaj


Səhər saat 7. Bakıdan avtobus yola düşür. İçərisində jurnalistlərlə yanaşı deputatlar - Aydın Mirzəzadə, Arzu Nağıyev, Ceyhun Məmmədov, o cümlədən “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, Əməkdar jurnalist, şair, siyasi ekspert Elçin Mirzəbəylinin olduğu həmin avtobusun yolu Xaçmazadı. Hər biri Təhsil Nazirliyinin dəvəti ilə burdadır. Qurumun təşkil etdiyi budəfəki mediaturun məqsədi həmişəki kimi məlumatlandırma xarakteri daşıyır: təhsil sahəsində görülən onlarla uğurlu layihədən biri - “İcma əsaslı təhsil”mərkəzləri ilə tanış olacaq, test imtahanı mərhələsinin avqust ayında keçirilməsi planlaşdırılan müəllimlərin sertifikatlaşdırılmasına hazırlıq çərçivəsində məlumatverici görüşə qatılacaqlar. Heyətə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun  müdiri Cəsarət Valehov və sektorun əməkdaşı Billurə Hacızadə bələdçilik edir.

 

Səfər proqramı zəngindi

 

Səfər başladı.

 

Yola çıxan kimi Cəsarət Valehov səfərin məqsədi barədə qonaqları məlumatlandırdı. Onun sözlərinə görə, əvvəlcə 2 icma əsaslı məktəbəqədər təhsil mərkəzində olacağıq. Mərkəzlərdən biri rayonun Arzu qəsəbəsindəki tam orta məktəbində, ikincisi isə rayon mərkəzində yerləşən 5 nömrəli Xaçmaz şəhər tam orta məktəbindədi. İcma əsaslı təhsil mərkəzləri məktəblərdən birində bu, digərində ötən tədris ilindən yaradılıb.

 

“İcma əsaslı məktəbəqədər təhsil layihəsinin” meneceri İlahə Rəsulova layihə barədə məlumat verir: “Hazırda Təhsil İnstitutu tərəfindən icra olunan layihə ölkə üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılmasına xidmət edir. Məktəbəqədər təhsilin inkişafı və təhsildə valideyn iştirakını təmin etməklə xüsusilə ucqar və ya əlverişsiz dağ kəndlərində keyfiyyətli təhsil xidmətlərinə nail olmaq hədəflənib. Layihənin icrası nəticəsində təhsildə valideyn-icma-məktəb əməkdaşlığının yaranacağı, 3-4 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqlarının formalaşacağı, məktəbəqədər təhsilin inkişafının ibtidai təhsilin keyfiyyətinə müsbət təsir edəcəyi düşünülür”.

 

Günün proqramına görə, məktəblərdən sonra rayonun Tarix Diyarşünaslıq Muzeyində olacağıq. Orada Quba-Xaçmaz Regional Təhsil İdarəsinə daxil olan bölgələr üzrə ibtidai sinif müəllimləri ilə keçiriləcək görüşə qatılacağıq. Bu da o deməkdir ki, həm müəllimləri narahat edən məsələlərlə tanış olmaq imkanı qazanacaq, həm də təhsilverənlərin sertifikatlaşdırılmasına dair bizi maraqlandıran hər suala cavab tapa biləcəyik.

 

Arzu qəsəbə məktəbinin körpə “məktəblilər”i

 

Bu da ilk dayanacaq.

 

Xaçmaz rayonu Arzu qəsəbə tam orta məktəbi. İkimərtəbəli məktəb binası səliqəlidir. Ölkəmizdəki təzə məktəblərdən biridir, 2014-cü ildə tikilib. Nəinki bina, elə məktəb özü də yenidir. 2014-cü ilə qədər qəsəbə sakinləri qonşuluqdakı məktəblərə gedib. 22 müəllimin dərs dediyi məktəbdə 256 şagird təhsil alır.Məktəbin 2017-ci ildən direktoru olan Cahangir Əliyevin sözlərinə görə, son 4 ildə məktəb şagirdləri müsabiqələrdə, bilik yarışlarında iştirak edir, olimpiadalara qatılaraq qalib olurlar. Məktəb olimpiadaçıları arasında 4 medalçı var. Onlardan 2 nəfəri qızıl, 2-si isə gümüş medal sahibidir.

 

Bu ildən isə məktəb 3-4 yaşında uşaqlara da qapılarını, daha doğrusu bir otaq açıb. “İcma əsaslı məktəbəqədər təhsil mərkəzi” adlanan həmin otaqda 21 uşaq məşğələyə cəlb edilib.

 

Bu da onlar. Körpə “məktəbli”lərin əksəriyyəti yerdən oturub. Öz ölçülərinə uyğun stullarda da oturanlar var. Qonaqların gəlişiylə otaqda ab-hava dəyişir. Aha, deyəsən axı, müəllim yoxdur? Otağa daxil olan hər kəsin gözü müəllim axtardı. Səs gələn tərəfdə kiçik səhnəcik qurulub. Qalın kağızdan hazırlanan kiçik ev kukla teatrının səhnəsini xatırladır. Tərbiyəçi-müəllimin də səsi məhz bu kiçik səhnənin arxasından gəlir. Deyəsən, uşaqlar tamaşaya baxmağa hazırlaşırlar. Onlardan geri qalmayan qonaqlar dərhal düşdükləri mühitə “təslim olur”, bir andaca körpələrin yanına oturub tamaşanı izləməyə hazırlaşır.

 

Turpun nağılını körpələr üçün qrupun müəllimi Təhminə Aşkari səhnələşdirdi. Kukla teatrının “kuklaları” nağıl qəhrəmanlarının şəkilləridir. Hər şəkil bir çöpə bağlanıb. Beləliklə, çöp ayaqlı şəkil “kuklalar” körpə tamaşaçılarını və onların qonaqlarını əyləndirməyə hazırdır.

 

Görünən odur ki, tərbiyəçi-müəllim kiçik otaqda məhdud imkanlarla uşqlara tamaşanın necə olduğunu göstərməyə, nağılı səhnələşdirərək onların daha yaxşı dərk etməyinə, bütün bunları edərkən də körpələri əyləndirməyə çalışır.

 

Tərbiyəçi-müəllimin istəyinə nail olduğu qarşıdakı mənzərədən aydın görünür: səhnəcikdə əllərin hərəkət etdirdiyi çöpləri maraqla izləyən gözlər, vəziyyətə uyğun dəyişərək gah təəssüf, gah sevinc saçan çöhrələr, arada azacıq gülümsəyən dodaqlar. Hamısının üzündən xoşbəxtlik yağır.

 

Körpələr tamaşanı, sadəcə izləmədi, müəllimlərinə və onun köməkçilərinə qoşulub nağılı nağıl elədilər.

 

Baba turpu çıxartdı, uşaqların ürəyi rahatladı. Artıq hər kəs başqa bir işin dalınca gedə bilər. Bir qrup masa arxasına keçib plastilinləri yumrulamağa başlayır. Bir qrup yerdən oturub biri-biriylə oyun qurur. Balaca Mələk təklikdən usanıb yerdə oturan dostlarının yanına gedir.

 

Təhminə müəllim də, bu gün mərkəzdə növbətçi valideyn olan Röya xanım da onları nəzarətdən kənarda qoymurlar.

 

Röya Məmmədova Ömər Məmmədzadənin anasıdır. Deyəsən, burada ona növbətçilik tez-tez çatır. Belə ki, qrupa nəzarət üçün hər gün bir valideyn də gəlir. Axı, bu qrup icma əsaslıdır. Valideyn uşağını tərbiyəçi-müəllimin öhdəsinə buraxıb çıxıb getmir, özü də körpəsiylə birlikdə 2 saat ərzində məktəbdə, sinif otağında olur: “Hər gün bir valideyn burda qalıb müəllimə kömək edir. İşləyən valideynlər gələ bilmirlər. Valideynlərlə vatsap qrupumuz var. Günün növbətçisini öz aramızda müəyyənləşdiririk. Uşaqları həftədə 4 dəfə gətiririk. Hər gün 2 saat  məşğul oluruq. Ömər bura həvəslə gəlir. Qrupun açılması hamının ürəyindəndi”.

 

Körpələrdən ibarət ilk qrupun tərbiyəçi-müəllimi Təhminə Aşkari ilə də söhbətləşirik. Deyəsən, icma əsaslı qrupa sevinən yalnız körpələr və onların valideynləri deyil. Evdar qadın olan Təhminənin də həyatı dəyişib. “Bu iş mənə böyük stimul verdi. İndən belə oxuyacağam. Bağça müəllimi olmaq istəyirəm. Əslində, bağça müəllimi olmağı mənə hələ orta məktəbdə oxuyanda müəllimlərim məsləhət görürdülər. Haqlıymışlar. Uşaqları çox sevirəm və gördüyüm iş ürəyimcədi”. 

 

Körpələrlə maraqlı vaxt keçirən qonaqlar Arzu qəsəbə məktəbindən ayrılır.

 

Körpələr tullantıları sənətə çevirməyə başlayıblar

 

Xaçmaz şəhərindəki Bəybala Rəsulov adına  5 nömrəli tam orta məktəb də səliqəsi ilə göz oxşayır. Həyətdə cərgə ilə düzülən ibtidai sinif şagirdləri dərsə başlayacaqlar. Birbaş icma əsaslı məktəbəqədər təhsil mərkəzinə yönəlirik.

 

Burda balaca Rüfət bizi qapıda qarşılayır. Əlini uzadıb qonaqlar ilə görüşür. Soyadı Xələfovdu. Məktəbi də, müəllimini də sevir. Burda çoxlu dostları var.

 

Bu məktəbdə icma əsaslı məktəbəqədər təhsil qrupu ötən tədris ilindən yaradılıb. Bu qrupun tərbiyəçi-müəllimi Nigar Məmmədova 6 nömrəli Xaçmaz şəhər tam orta məktəbində ibtidai sinif müəllimidi. Uşaqlarla yaxşı dil tapır. Bu, onun ikinci məktəbəqədər qrupudu. 2020-ci ildən fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupuna bu il 24 uşaq cəlb edilib. Dediyinə görə, uşaqlar əvvəllər gəlmək istəmirdilər. Amma indi gedəndə ağlayırlar”.

 

Nigar müəllim slayd hazırlayıb. Qonaqlarına təqdim etdiyi slaydda ötən bir il ərzində qrupu ilə yaşadıqları anlar öz əksini tapıb. Sonra tullantılardan hazırladıqları əl işlərini göstərir. Müxtəlif musiqi alətləri, növ-növ çiçəklər, ev avadanlıqları, hətta ölkəmizdəki tarixi və memarlıq abidələri bəzəyir otağı. Hamısını müəllim və ya valideynlərinin köməyilə uşaqlar düzəldiblər. Özü də əllərinə keçən istifadəyə yararsız materiallardan. Yəni, artıq tullantıları əl işinə, sənətə, mədəniyyətə çevirməyə başlayıblar.

 

Vüsal Cəfərovun anası Həlimə xanım evdar qadındır. Bu  gün növbətçi valideyn odur: “Qrupların təşkil olunması çox yaxşı oldu”, deyir. Fikrini də belə əsaslandırır: “Vüsal təkliyi sevirdi, heç kimlə qaynayıb-qarışmırdı. Artıq uşaqlarla oynayır, əl işi düzəldir, fiqurları, hərfləri öyrənir. Başqa valideynlər də razıdır. Uşaqlarımız arasında asosial olanları çox idi. Artıq çox dəyişiblər. Hətta heç nə danışmayan uşaqlarımız şeir də öyrənməyə başlayıblar. Uşaqlar kimi biz də həvəslə gəlirik növbəmiz çatanda”.

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev “Azərbaycan müəllimi” qəzetinə məlumat verib ki, Xaçmazda indiyədək ümumilikdə 15 icma əsaslı qrup təşkil edilib. Həmin qruplarda 300-dən artıq uşaq cəmlənib. Bütövlükdə region üzrə 1232 uşaq 65 qrupda birləşib. Regionda ən çox qrup Qubada təşkil olunub.

 

Layihənin rəhbəri İ.Rəsulova 2018-ci ildə 50 qrup ilə fəaliyyətə başlayan layihə çərçivəsində qrupların sayının 2019-cu ildə 321-ə, 2020-ci ildə isə 500-ə çatdğını vuğulayıb. 2021-ci ildə daha 350 yeni qrupun yaradılması ilə hazırda layihədə 850 qrup və bu qruplar üzrə 761 tərbiyəçi-müəllim fəaliyyət göstərir. 4 il ərzində layihədə iştirak edən 3-4 yaşlı uşaqların sayı 15 dəfə artıb. 2020-ci ildə artıq ölkənin 50 şəhər və rayonunda 10000 nəfər 3-4 yaşlı uşaq layihədə iştirak edib. Layihə 2021-2022-ci tədris ilində ümumilikdə 16000 uşağın məktəbəqədər təhsil almasına imkan yaradır.

 

Beləliklə, 2017-ci ildə UNİCEF tərəfindən pilot olaraq icrasına başlanılan “İcma əsaslı məktəbəqədər təhsil qrupu” layihəsi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsündən sonra Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə hər il genişləndirilir.

 

Bura qədər gəlib ən həyəcanlı dönəmində olan XI sinif şagirdləri ilə görüşməmək olmaz. Onlar fizika dərsindədirlər. Yaqut Abdullayevanın dərsidir. Deputat Araz Nağıyev əlinə qələm alıb onları sınağa çəkir.

 

Bu sinifdə qızlar sayca üstünlük təşkil edir. Əksəriyyəti müəllim olacaq. Sinifdəki şagirdlərin əksəriyyəti təhsil almaqda qərarlıdı. Yalnız bir nəfər peşəni - baba məsləyini davam etdirməyə qərarlıdır.

 

Qonaqlar məktəbdən yüksək ovqat, böyük təəssüratla ayrıldı. Məktəbə körpə nəfəslərin gətirdiyi yenilikdən məmnun idilər. Millət vəkilləri 3-4 yaşdan uşaqların məktəbə bağlanmalarının nəinki ibtidai təhsil səviyyəsində, elə tam orta təhsil səviyyəsində də keyfiyyətə təsir edəcəyinə inam ifadə etdilər.

 

Sertifikatlaşdırma başlayır

 

Mediatur proqramının son bəndindəyik. Quba-Xaçmaz Regional Təhsil İdarəsinə daxil olan rayonlarda çalışan ibtidai sinif müəllimlərinin iştirakı ilə görüş başlayır.

 

Müəllimlərin peşə bacarıqlarının ölçülməsi, peşə yararlılıqlarının yoxlanması məqsədilə keçirilən diaqnostik qiymətləndirmələri xatırladan Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bu prosesin müəllimlər üçün nəticələrinə diqqət çəkdi. Nəticələrdən asılı olaraq müəllimlərin əmək haqqının artdığını vurğulayan şöbə müdirinin sözlərinə görə, təhsilverənlərin qiymətləndirilməsi təhsil siyasətində strateji istiqamət olduğundan bu prosesin davamı da gözlənilən idi: “Diaqnostik qiymətləndirmədən sonra müəllimlərin əmək haqqının artırılması, məktəblərdə dərs yükü bölgüsünün optimallaşdırılması kimi islahatlar aparıldı. Məsələ vacib və bizim üçün strateji istiqamət olduğundan bununla kifayətlənə bilməzdik. Ona görə də yeni qiymətləndirmə mexanizminin tətbiqi zəruri idi. 2018-ci ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə “Təhsil haqqında” Qanunda dəyişiklik edildi və qiymətləndirmə mexanizmi olaraq “təhsilverənlərin sertifikatlaşdırılması” müddəa olaraq qanuna əlavə edildi”.

 

Sertifikatlaşdırma Şurasının qərarı ilə 2022-ci ildən bu prosesə start verilib və ilk mərhələdə Bakı şəhəri, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinin əhatə etdiyi məktəblərdə çalışan ibtidai sinif müəllimlərinin bilik və bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutulub. Digər fənn müəllimlərinin qiymətləndirilməsi növbəti mərhələni təşkil etdiyindən onların qiymətləndirilməsi gələcək illərə çəkəcək.

 

Sertifikatlaşdırma Şurasının katibi Tükəzban Quliyeva müəllimləri sertifikatlaşdırma imtahanlarının test və müsahibə mərhələsi barədə məlumatlandırıb. Test tapşırıqlarında 50 faiz nəticə göstərənlər növbəti müsahibə mərhələsinə keçəcək. Müsahibədə müəllimlərin proqram üzrə mövzunu təqdimetmə, ünsiyyət, pedaqoji prosesi təşkiletmə, qiymətləndirmə və özünü təqdimetmə bacarıqları yoxlanacaq. Sertifikatlaşdırma imtahanlarında uğursuz nəticə göstərən müəllimlərə bir il ərzində iş yeri saxlanılmaqla, yenidən prosesdə iştirak hüququ veriləcək. Uğur qazanmayanlara, daha yaxşı hazırlaşmaq istəyənlərə, üzürlü səbəblərdən imtahanlara qatıla bilməyənlərə dəstək veriləcəyini də vurğulayan Tükəzban Quliyeva Təhsil İnstitutu tərəfindən bu məqsədlə hazırlanan çərçivə sənədlərinə diqqət çəkib. Test imtahanlarına hazırlaşanlar üçün müvafiq sənəd artıq hazırdır. Müsahibə mərhələsi üçün isə bu proses davam edir. Bütün fənlər üzrə nümunə suallar, izahlı videolar da hazırlanıb. T.Quliyeva bildirib ki, Təhsil İnstitutunun və Təhsil Nazirliyinin internet səhifələrində yer alan həmin materialların müəllimlərin hazırlaşmasında çox böyük köməyi olacaq.

 

“Bizi uzun yol gözləyir”

 

Sertifikatlaşdırmanın ilk mərhələsində uşağının 3 yaşınadək sosial məzuniyyətdə olanlar və bu məzuniyyət bitdikdən sonra azı 1 il müvafiq vəzifədə çalışan şəxslər, hamilə qadınlar iştirak etməyəcəklər. Müəlimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yeni işə qəbul olunan şəxslər də bu prosesdən azaddırlar.

 

Suallardan məlum olub ki, müəllimləri “Niyə ibtidai sinif müəllimləri?”, “Sertifikasiyanın nəticələri necə olacaq?”, “Orta yaşı keçmiş müəllimlər işdən azad olunarsa, onların pensiya yaşına qədər olan illəri hədər getməyəcəkmi?” kimi suallar, güzəştlər kimi məsələlər narahat edir.

 

Şöbə müdiri E.Bağırov deyib ki, nə 2018-ci ildə təhsilverənlərin qiymətləndirilməsi barədə təşəbbüslə çıxış edəndə, nə bu prosesin qanunvericilik əsasları yaradılarkən Təhsil Nazirliyinin məqsədi imtahan keçirib nəticələri uğursuz olanları işdən azad etmək olmayıb: “Ona görə də nə müəllimlər, nə də təhsil ictimaiyyəti məsələni bu formada qəbul etməsin. Çünki narahatlıq ifadə olunan məsələ prosesdə ən son addımdır. Halbuki həmin addıma qədər bizi uzun yol gözləyir. Həmin yolda Təhsil Nazirliyi, Təhsil İnstitutu olaraq müəllimlərimizin yanında olacağıq. Bu yoxlamalardan məqsədimiz, sadəcə bir məqamdan əmin olmaqdır. Əmin olmaq istəyirik ki, hər gün sinfə girib uşaqlarımıza dərs keçən müəllimlər öz üzərində işləyir. Bunun üçün onların nəyə ehtiyacı olduğunu bilmək istəyirik. İmtahanlarla müəllimlərin hansı istiqamətdə bilik və bacarığının inkişafına ehtiyac olduğunu müəyyən etməyə çalışırıq ki, ona uyğun da qabaqlayıcı tədbir görək”.

 

E.Bağırov test imtahanlarının avqust, müsahibə mərhələsinin isə noyabr aylarında keçiriləcəyini də vurğulayıb. Bu müddətdə Təhsil İnstitutunun müəllimlərə dəstək məqsədilə mümkün olan bütün vasitələrdən istifadə edəcəyini deyib.

 

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, hamımızın məqsədi təhsildə keyfiyyətin artması, daha bilikli nəslin yetişdirilməsi prosesinə öz töhfəmizi verməkdir: “Hesab edirəm ki, biz doğru yoldayıq. Mövcud problemlər də zamanla həll olunacaq. Ancaq bu prosesdə hər birimizin fəal olmağı zəruridir. Çünki bu gün dünyada təhsilə baxış, yanaşma dəyişir. Hər birimiz bu prosesin öz ölkəmizdə də getməsinə çalışmalıyıq. Müəllimlərin bu prosesdə rolu böyükdür”.

 

Ruhiyyə DAŞSALAHLI

Bakı-Xaçmaz-Bakı