“Məktəbəqədər və ibtidai təhsil” jurnalının xüsusi buraxılışı təqdim olundu


Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik nəşri “Məktəbəqədər və ibtidai təhsil” jurnalının “Sağlam Təhsil-Sağlam Millət” layihəsinə həsr edilmiş xüsusi buraxılışının təqimatı keçirildi. Tədbiri “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin koordinatoru Nigar Şahhüseynbəyovanın çıxışı ilə açıldı. Sonra layihənin yaradılması tarixi və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirildi.

 

Tədbirdə Təhsil Nazirliyinin, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının əməkdaşları, məktəb direktorları, layihəni həyata keçirən müəllimlər, həkim-mütəxəssislər, valideynlər, tələbələr, elmi jurnalların redaktorları iştirak edirdilər.

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin layihələrlə iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova “Sağlam Təhsil - Sağlam Millət” layihəsi haqqında məlumat verərək bildirdi ki, 2014-cü ildən başlayaraq ibtidai siniflərdə tətbiq olunan bu layihə  fiziki-psixi və mənəvi cəhətdən sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik, proqressiv Azərbaycan vətəndaşı yetişdirmək missiyasına xidmət edir. O, vurğuladı ki, layihə Azərbaycan təhsilində getdikcə daha geniş arealı əhatə etməkdədir. Statistika göstərir ki, layihədən gözləntilər özünü doğrultmaqdadır. Sektor müdiri “Məktəbəqədər və ibtidai təhsil” jurnalının xüsusi buraxılışlar ideyasını yüksək qiymətləndirdi, jurnalın əməkdaşlarına minnətdarlığını bildirdi.

 

“Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktor əvəzi Böyükağa Mikayıllı öz çıxışında jurnalın yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında qısa məlumat verdi. Jurnalın yaranmasında əvəzsiz xidmətləri olmuş görkəmli alimlərin - M.Mehdizadə, Y.Kərimovun adlarını çəkərək onların əməyini xüsusi qeyd etdi.  B.Mikayıllının çıxışı zamanı “Məktəbəqədər və ibtidai təhsil” jurnalı və onun xüsusi buraxılışı haqqında hazırlanmış videoçarx nümayiş etdirildi. Bildirildi ki, “Məktəbəqədər və ibtidai təhsil” jurnalında sağlam təhsillə bağlı ilk məqalə 2016-cı ildə dərc olunub və bu mövzu daim diqqətdə saxlanılıb. O, jurnalın  “Sağlam Təhsil - Sağlam Millət” layihəsinə həsr olunmuş xüsusi buraxılışında dərc edilmiş təhsil mütəxəssislərinin, tibbi ekspertlərin, sosioloqların, psixoloqların məqalələri haqqında qısa məlumat verdi. Qeyd edildi ki, bu məqalələrdə müəlliflər təhsilalanların sosiallaşmasında sağlam təhsil texnologiyalarının rolu, innovativ texnologiyalar şəraitində “Sağlam Təhsil - Sağlam Millət” layihəsi əsasında təhsilalanların sağlamlıq vəziyyətinin, düzgün fiziki inkişafının nəzarətdə saxlanılması, yaradıcı şəxsiyyətin formalaşması, sağlam təhsil siniflərində pedaqoji texnologiyaların tətbiqi məsələlərindən bəhs edilir. Sağlam təhsil və ənənəvi təhsil siniflərində təhsilalanların sağlamlığının qorunması məsələsi müqayisəli təhlil olunur.B.Mikayıllı onu da qeyd etdi ki, xüsusi buraxılışın çap olunması jurnalın fəaliyyətində yeni bir səhifədir, bundan sonra da təhsilin aktual problemlərinə həsr olunmuş məsələləri əhatə edən mövzular üzrə xüsusi buraxılışların hazırlanması davam etdiriləcəkdir. Bu, nazirliyin həyata keçirdiyi layihələrin elmi-nəzəri cəhətdən əsaslandırılması baxımından əhəmiyyətlidir.

 

Qeyd edək ki, jurnalın “Sağlam Təhsil - Sağlam Millət” layihəsi ilə bağlı xüsusi buraxılışında məqalələr Azərbaycan və rus dillərində dərc olunub. Xüsusi buraxılışın redaktorları Xalidə Həmidova, Nigar Şahhüseynbəyova və Böyükağa Mikayıllıdır. Xüsusi buraxılış jurnalın və “Sağlam Təhsil - Sağlam Millət” layihəsi əməkdaşlarının birgə əməyinin nəticəsi olaraq ərsəyə gəlib.

 

ADPU-nun məktəbəqədər təhsil fakültəsinin dekanı, professor Şəhla Əliyeva və  Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri, professor Müseyib İlyasov uzun illər “Məktəbəqədər və ibtidai təhsil” jurnalı ilə əməkdaşlıq etdiklərini vurğulayaraq jurnalın Azərbaycan təhsilində xüsusi xidmətlərindən söhbət açdılar. Çıxış edənlər sırasında SABAH  qruplarının ADPU üzrə mərkəzinin rəhbəri, dosent Lalə Mürsəlbəyova, 246 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov, ATU-nun dosenti Sədaqət Həsənova, 322 nömrəli tam orta məktəbin sağlam təhsil sinfinin  müəllimi Aybəniz Həsənova da var idi. Onlar “Sağlam Təhsil -Sağlam Millət” layihəsinin tətbiqi haqqında məlumat verərək bildirdilər ki, 2014/2015-ci tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə başlanan layihə uğurla davam etdirilir. Layihə Sumqayıtda 1,  Bakıda 50 olmaqla, ümumilikdə 51 ümumtəhsil müəssisəsinin 287 ibtidai sinfində tətbiq olunur və şagirdlərin ümumi sayı 5166 nəfər təşkil edir.Layihənin tətbiq olunduğu sağlam təhsil sinifləri və ənənəvi siniflərdə tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin aparıldığı və nəticələrə əsaslanaraq, layihə şəbəkəsinin gələcəkdə genişləndirilməsinin nəzərdə tutulduğu açıqlandı. Sonra “Belə-belə işlər” sosial platformasının hazırladığı videoçarx nümayiş olundu.

 

İlhamə ƏSƏDOVA,

“Məktəbəqədər və ibtidai təhsil” jurnalının əməkdaşı