Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 30 aprel və 1 may tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

 

İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2022/netorta/) daxil olaraq iş nömrəsi (şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

 

DİM-dən bildirilib ki, bu imtahanlarda iştirakı nəzərdə tutulan 44142 nəfərdən 520 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 3 nəfərin nəticəsi ləğv edilib.

 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 2 iyun tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 30 may saat 10:00-dan 1 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı, valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparılır. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

 

Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırılır ki, bu tip müraciətlərə baxılmayacaq.