Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq mərkəzi tərəfindən filologiya və jurnalistika fakültələri tələbələri arasında keçirilən “Şuşa İli”- nə həsr olunmuş “Ayrılmadı könül candan” adlı esse və hekayə müsabiqəsində qaliblər mükafatlandırılıb. Naxçıvan Dövlət Universiteti Jurnalistika ixtisası üzrə III kurs tələbəsi İlahə Allahverdiyeva “Qarabağ Azərbaycanın musiqi beşiyidir”, həmin ixtisas üzrə I kurs tələbəsi  Əli Yarıyev “Ayrılmadı könül candan” adlı essesi ilə qaliblər sırasında olub.

 

Bu məqsədlə keçirilən tədbirdə çıxış edən Dövlət Dil Komissiyası yanında Monitorinq mərkəzinin direktoru, professor Sevinc Əliyeva bildirib ki, tələbələrin hər bir yazısında Qarabağa olan həsrət dolğun şəkildə ifadə olunub. Qeyd edilib ki, müsabiqə gənclərimizin Qarabağa olan məhəbbətini ifadə etməsi və  düzgün yazı vərdişlərinin inkişafı, ədəbi dilin normalarına riayət olunması məqsədi ilə keçirilib. Vurğulanıb ki, 10 tələbənin məzmun və yazı quruluşu baxımından dolğun olan yazısı mükafat alanlar sırasında olub.  

 

Sonda qaliblər Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.