Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə kafedranın müdiri, tanınmış iqtisadçı alim, professor Məhəbbət Məmmədovun 70 illik yubileyinə həsr olunan elmi seminar keçirilib.

 

Seminarda Milli Məclisdən, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA), Auditorlar Palatasından, nazirliklərdən, respublikamızın elm-təhsil müəssisələrindən qonaqlar, eləcə də  universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
         

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova professor Məhəbbət Məmmədovu 70 illik yubileyi münasibətilə təbrik edib, ona elmi, pedaqoji fəaliyyətində uğurlar arzulayıb. Rektor vurğulayıb ki, Məhəbbət müəllim ömrünün 45 ilini elmə, təhsilə həsr edib, onun elmi-pedaqoji fəaliyyəti 230 elmi əsərdə, o cümlədən 5 monoqrafiyada, 8 dərslikdə, Almaniyada, Fransada, Macarıstanda, Çexiyada,Turkiyədə, İranda, Rusiyada və s. ölkələrdə çap edilmiş 45 elmi əsərdə öz əksini tapıb. Dəyərli alimin elmi-pedeqoji və istehsalatda səmərəli fəaliyyəti həmişə qiymətləndirilib, Prezidentin sərəncamı ilə  “Tərəqqi” medalına layiq görülüb,  Təhsil Nazirliyinin, Energetika Nazirliyinin, Enerji Nəzarəti Dövlət Agentliyinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fəxri fərmanları ilə təltif olunub. Onun elmi rəhbərliyi ilə bu günə qədər 26 doktorant və dissertant dissertasiya işi müdafiə edib, hazırda rəhbərliyi ilə doktorluq proqramı çərçivəsində 4 doktorluq və 5 doktorant (o cümlədən, 2 xarici ölkə vətəndaşı) dissertasiya işlərini yerinə yetirirlər.

         

Sonra Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Nazirlər Kabinetinin şöbə müdiri Elşən Hacızadə,  Auditorlar Palatasının sədri Zahid Novruzov, İqtisadi İslahatlar Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı  və başqaları yubilyarı təbrik edib, haqqında ən xoş arzularını dilə gətiriblər. Professor M.Məmmədovu savadlı, bacarıqlı, enerjili, zəhmətkeş, vətənpərvər, dövlətçilik ənənələrinə sadiq ziyalı kimi xarakterizə edən dostları yubilyarın gənc nəslə örnək olacaq ömür yolu keçdiyini vurğulayıblar.  
       

Sonda professor Məhəbbət Məmmədov əməyinə verilən yüksək dəyərə görə seminarda iştirak edən həmkarlarına minnətdarlığını bildirib.