Bakı Slavyan Universitetində (BSU) Milli Məclisin deputatları, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə infosessiya-ictimai məlumatlandırma günü keçirilib.

 

Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Milli Məclisinin deputatı, Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov, Milli Məclisin deputatı Arzu Nağıyev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, media nümayəndələri, BSU-nun rəhbərliyi və əməkdaşları iştirak ediblər.

 

Rektor Anar Nağıyev tədbirin məqsədinin  BSU-nun fəaliyyətini mütəmadi olaraq ictimaiyyət üçün açıq elan etmək olduğunu bildirib. Bu tədbirlərin davamlı olacağını deyən rektor BSU haqqında təqdimatla çıxış edib. Universitetin qazandığı nailiyyətlərindən söz açan A.Nağıyev son 22 ildə BSU-da bir sıra Şərqi Avropa dilləri, slavyanşünaslıq, jurnalistika, tərcümə, beynəlxalq münasibətlər üzrə mütəxəssis hazırlığı aparıldığını diqqətə çatdırıb. Ali təhsil müəssisəsində 4000-dən çox tələbənin təhsil aldığını deyən rektor  ali təhsilin hər səviyyəsində müxtəlif ixtisaslar üzrə üç dildə-Azərbaycan, rus və ingilis dillərində 75 ixtisaslaşma əsasında təhsil proqramları aparıldığını söyləyib.

 

A.Nağıyev deyib ki, yaxın bir neçə il ərzində slavistika üzrə, xüsusilə tədqiqatlar sahəsində qlobal və regional şəkildə, tanınmış mükəmməllik mərkəzinə çevrilmək BSU-nun hədəflərindəndir. O, tədqiqatyönümlü universitetə çevrilmək istiqamətində aparılacaq işlərdən söz açıb. Təhsildə keyfiyyətin təminatı məsələsinin vacibliyini önə çəkən rektor bu kontekstdə həyata keçiriləcək fəaliyyətdən də danışıb, həmçinin məzunların əmək bazarına hazırlanmasının  daha keyfiyyətli təşkil olunması üçün səriştəəsaslı proqramların tətbiq edilməsinin əhəmiyyətini önə şəkib, həmin proqramlara uyğun olaraq Təhsil Nazirliyinin Xarici dil üzrə qrant layihəsinin, bolqar dilinin tədrisi  və tədris resurslarının hazırlanması ilə  bağlı Bolqarıstan səfirliyi və Bolqarıstan Xarici İşlər Nazirliyi ilə layihənin  həyata keçirildiyini diqqətə çatdırıb. Bununla yanaşı, Polşa ilə əlaqələrin genişləndirilməsi üzrə müəllim və tələbələrin birgə mübadilə proqramı üzərində çalışıldığını bildirib. 

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov BSU-nun gələcəyə baxışı, hədəf və məqsədlərinin olmasını müsbət qiymətləndirib.

 

Millət vəkili Arzu Nağıyev BSU-nun dövlət qurumları üçün yüksək ixtisaslı kadrların hazırlanması sahəsində potensial mərkəz olduğunu qeyd edib, universitetdə Şərqi Avropa dilləri üzrə mütəxəssislərin yetişdirilməsində ciddi işlər görüldüyünü deyib.

 

Tədbirin digər iştirakçıları infosessiya-məlumatlandırma gününü yüksək qiymətləndirib, BSU-da aparılan islahatların, görülən işlərin bu ali təhsil ocağının fəaliyyətində qarşıya qoyulan yeni hədəflərin yerinə yetirilməsinə inam yaratdığını bildiriblər.

 

İnfosessiya-ictimai məlumatlandırma günü imtahan sessiyasının izlənməsi ilə başa çatıb.