Dövlət İmtahan Mərkəzi (DİM) ilə Bakı Mühəndislik Universiteti (BMU) arasında rəsmi əməkdaşlığı dəstəkləyən Anlaşma memorandumu imzalanıb. Memorandum maliyyə sahəsində savadlılığın artırılması, maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, beynəlxalq və yerli kvalifikasiyalara uyğunlaşdırılması məqsədi daşıyır.

 

İmzalanma mərasimində DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil ocaqlarının əməkdaşlıq üçün göstərdiyi marağı yüksək dəyərləndirərək, qarşılıqlı razılaşmanın tələbələrin həm nəzəri bilik, həm də praktik bacarıqlarının inkişafında əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb. Mərkəz rəhbəri PMS imtahanlarının IFAC (Beynəlxalq Mühasiblər Federasiyası) standartlarına uyğunlaşdırılması, PMS-ə sahib şəxslərin ACCA-in müvafiq kvalifikasiyalarından azad olması mexanizmləri, peşəkar inkişaf proqramlarının hazırlanması və sertifikasiya prosesi ilə inteqrasiyası kimi məsələlərə toxunub, həmçinin DİM tərəfindən keçirilən PMS imtahanları haqqında statistik məlumatlar təqdim edib, qurumun Maliyyə Nazirliyi, peşəkar mühasib təşkilatları və tədris mərkəzləri ilə əməkdaşlığını xüsusi vurğulayıb.

 

ACCA-in  Türkiyə Regional Mərkəzinin rəhbəri Filiz Demiröz də ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib, eyni zamanda ACCA kvalifikasiyalarının üstünlükləri və yaratdığı imkanlar haqda ətraflı məlumat verib.

 

Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov Azərbaycanda mövcud mühasibat uçotu sistemi ilə bağlı qanunvericilik aktlarından bəhs edib. Ölkəmizdə Peşəkar Mühasib Sertifikatı əldə etmək üçün imtahanların keçirilməsinin DİM-ə həvalə edildiyini xatırladan rektor bu imtahanların materiallarının hazırlanmasında BMU müəllimlərinin aktiv rol aldığını bildirib. BMU-da Azərbaycan və ingilis dillərində Mühasibat uçotunun beynəlxalq standartlarının və müvafiq sahə üzrə dövlət qanunvericiliyinin tədrisinin uğurla aparıldığını söyləyən H.Məmmədov rəhbərlik etdiyi ali təhsil ocağının ölkədə tanınan mütəxəssis və əməkdaşlarının DİM ilə qeyd olunan istiqamətdəki birgə fəaliyyətini yüksək qiymətləndirib, səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu deyib.

 

Rektor dövlətimizin şəffaf iqtisadiyyat və hesabatlılıq tələblərinin yüksək səviyyədə olduğu bir dövrdə BMU-nun həm beynəlxalq, həm də yerli təşkilatlarla yüksək səviyyəli əməkdaşlığının olduğunu qeyd edib. Bildirib ki, BMU-da mühasibat uçotunun tədrisi ACCA-in tədris proqramına tam uyğunlaşdırılıb, tədris olunan dərs sillabusları və imtahan sualları bu qurumun tələblərinə cavab verir. BMU-nun bir çox tələbələrinin və məzunlarının ACCA üzvü olduğunu nəzərə çatdıran rektor onların arasında ACCA-in imtahan sessiyalarında dünya və Azərbaycan üzrə ilk yerləri tutanların olduğunu vurğulayıb.

 

Qeyd edək ki, tədbirdə BMU ilə yanaşı, DİM və Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Mingəçevir Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti arasında da Anlaşma memorandumu imzalanıb.