4 – 9 iyul 2022-ci il tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə Qubada “CyberCamp 2022” yay düşərgəsi təşkil ediləcək.

 

Yay düşərgəsində iştirak etmək arzusunda olan və qeyd olunan tələblərə uyğun gələn şəxslərdən aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçmələri xahiş olunur. 

Qeydiyyat üçün keçid: https://anket.edu.az/link/186

 

Qeydiyyat üçün müraciətlərin son qəbul tarixi 27 iyun 2022-ci il müəyyən olunub. Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı təşkil ediləcək. İmtahandan uğurla keçən şəxslər düşərgədə iştirak hüququ qazanacaq. Düşərgədə iştirakçı sayı məhduddur. Seçilən şəxslərə yay düşərgəsi barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək.

 

“CyberCamp” zamanı iştirakçılar üçün kibertəhlükəsizlik üzrə laboratoriya mühitində aşağıdakı istiqamətlərdə praktiki fəaliyyətlərin təşkili planlaşdırılır:

Veb-proqram təminatlarında rast gəlinən və "TOP 10 OWASP" üzrə klassifikasiya olunan təhlükəsizlik çatışmazlıqlarını əhatə edən laboratoriya işləri (CTF formasında);

Əməliyyat sistemlərində imtiyazların yüksəldilməsi;

Zərərli proqram təminatının analizi və tərsinə mühəndisliyə aid tapşırıqlar;

Kriptoqrafiyaya aid tapşırıqlar.

 

Yay düşərgəsində aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur:

Kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və ya kibertəhlükəsizlik ixtisasları üzrə III və IV kursda təhsil alan bakalavrlar, həmçinin magistratura təhsili alan tələbələr;

Qeyd edilən sahə üzrə bilik və bacarıqları olan digər ixtisas tələbələri.

 

Düşərgə çərçivəsində iştirakçılara peşəkar, çevik və innovativ mütəxəssislər dəstək olacaq. İştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə düşərgədə müxtəlif idman və bilik yarışları da təşkil olunacaq. 

 

Qeyd edək ki, layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və bu sahədə karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və yeni iş imkanları əldə etməsinə şərait yaratmaqdır. 

 

Düşərgə ilə bağlı əlaqə yaratmaq istəyənlər suallarını [email protected] (subject: Cybercamp) elektron poçt ünvanına göndərə bilərlər.