Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının cari tədris ilində yekun iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən iclasda MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

 

İclasda “MDU-nun daxili nizam-intizam qaydalarına riayət edilməsi haqqında”, “Tələbə vətənpərvərlik inkişafı sahəsində görülən işlər haqqında”, “Karyera inkişafının təşkili haqqında” və “2021-2022-ci tədris ilində MDU Elmi Şurasının qərarlarının icra vəziyyəti haqqında” hesabatlar dinlənilib. Aparılan müzakirələrdən sonra hesabatlar qəbul olunub.

 

Sonra Qazi Universitetindən qonaq professorlar- Ercan Nurcan Yılmaz və Cemal Yılmaz cari tədris ilində MDU-dakı fəaliyyətləri barədə məlumat veriblər. Cari tədris ilinin sonunda fəaliyyət müddətlərinin başa çatacağını diqqətə çatdıran professorlar qardaş ölkə universitetinin uğurlarında pay sahibi olmaqdan qürur duyduqlarını bildirib və MDU kollektivi ilə bir arada çalışmaqdan məmnunluqlarını ifadə ediblər. Qonaq professorların MDU-nun modernləşməsi işinə verdiyi töhfələri yüksək qiymətləndirən Elmi Şuranın üzvləri əməkdaşlığın davamlı olacağına inandıqlarını söyləyiblər və onlara uğurlar arzulayıblar.

 

Daha sonra dərs vəsaitinin nəşr olunması haqqında Elmi-Metodiki Şuranın təklifi müzakirəyə çıxarılıb və qəbul olunub.

 

İclasda rektor cari tədris ilində universitet həyatında baş verən önəmli hadisələri də diqqətə çatdırıb. Müxtəlif fəaliyyət istiqamətləri üzrə universitetdə əldə edilən nailiyyətlərdən bəhs edən Ş.Bayramov Qazi Universitetinin iki professorunun MDU-da fəaliyyət göstərməsi ilə yanaşı, universitetdə ilk beynəlxalq elmi konfransın keçirilməsini, “TEKNOFEST Azərbaycan” festivalında uğurlu iştirakı, ilk dəfə Təhsil Nazirliyinin qrantının qazanılmasını, universitetin 8 əməkdaşının qardaş ölkədə təlim və təcrübəyə qatılmasını, yerli və xarici tərəfdaş universitetlərlə birgə beynəlxalq konfranslarda tərəfdaşlığın və təşkilatçılığın həyata  keçirilməsini və ölkəmizin ən böyük transmilli şirkəti olan SOCAR ilə əməkdaşlığın əsasının qoyulmasını xüsusi olaraq vurğulayıb.

 

Cari məsələlərə baxılması ilə davam edən iclasda növbəti tədris ilində dərs yükünün bölünməsi, mövcud tədris-metodiki vəsaitlərin yenilənməsi, yeni dərslik və dərs vəsaitlərinin hazırlanması, elmi məqalələrin sayının artırılması, akademik və inzibati heyət üzvlərinin potensialının inkişafı və digər məsələlər müzakirə edilib.