Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Gənc mina təlimçiləri” adlı yay düşərgəsi təşkil edilib.

 

Layihə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu və Avropa İttifaqının maliyyə dəstəyi, Təhsil Nazirliyi, UNICEF və Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanan Fəaliyyət Planı çərçivəsində həyata keçirilib. 

 

Yay düşərgəsinin məqsədi işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsini minimuma endirmək, minalara qarşı maarifləndirmə fəaliyyətlərində interaktiv yanaşmadan istifadə edərək prosesi daha da effektiv etmək, məktəblilərin istedad və bacarıqlarını kəşf etmək, yay mövsümündə uşaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün şərait yaratmaqdan ibarət olub.

 

Düşərgədə Ağdam, Tərtər, Füzuli, Goranboy, Xocavənd, Ağcabədi, Beyləqan, Göygöl, Daşkəsən və Bərdə rayonlarında fəaliyyət göstərən 90-a yaxın ümumtəhsil məktəbindən 12-17 yaşlı 70-ə yaxın məktəbli iştirak edib.

 

Təşkilatçı qurumların peşəkar ekspertləri tərəfindən mina təhlükəsizliyi qaydaları mövzusunda təqdimat nümayiş olunub, “Gənc mina maarifləndirmə təlimçisi”, “Təhlükəli, şübhəli, təhlükəsiz” və “Minasız ərazi” adlı interaktiv oyun və yarışlar təşkil edilib, liderlər üçün vacib olan bacarıq vərdişləri, işləri düzgün planlanma, səmərəli ünsiyyət, kreativlik və tənqidi düşüncənin formalaşdırılması, ilk yardımın əsasları, müxtəlif fövqəladə hallar zamanı nə etməli mövzularına dair təlimlər keçirilib.

 

5 gün davam edən düşərgədə məktəblilərə şərti işarələr, xəritəni oxumaq, kompasla düzgün işləmək barədə məlumat verilib, İçərişəhər ərazisində səmti müəyyənetmə yarışları keçirilib, iştirakçıların Heydər Əliyev Mərkəzi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Suraxanı” gəmi-muzeyi, Yarat İncəsənət Muzeyi, Tusi-Bohm Planetariuma ekskursiyaları təşkil olunub. 

 

Sonda qazanılan biliklərin yoxlanılması məqsədilə şagirdlər arasında qiymətləndirmə testi keçirilib. 


Düşərgə iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.