Hamılıqla ibtidai, sonra ümumi icbari təhsilə keçid prioritet istiqamət hesab edilirdi


Respublika üsul-idarəsini bütün müsəlman Şərqində ilk dəfə tətbiq etmiş Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın çoxəsrlik tarixində, milli dövlətçiliyin əsaslarının yaradılmasında, milli özünüdərkin inkişafında mühüm rol oynamışdır.

 

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı zaman müharibə və daxili iğtişaşlar nəticəsində Azərbaycanda maarif sisteminə də çox güclü ziyan dəymişdi.  1914-cü ildə Azərbaycanda hər cür tipdən olan 976 məktəb mövcud idisə və bu məktəblərdə 73,1 min şagird təhsil alırdısa, 1919-1920-ci tədris ilində cəmi 643 ibtidai və 23 orta məktəb fəaliyyət göstərirdi. İbtidai məktəblərdə 48078, orta məktəblərdə 9611 şagird təhsil alırdı. Belə bir vəziyyətdə Azərbaycan hökuməti qarşısında duran ən mühüm məsələ məktəb şəbəkəsinin dağılmasının qarşısını almaq və yeni məktəblər açmaq idi.

 

Digər mühüm məsələ maarif sistemində işin milli mənafelərə, milli azərbaycançılıq hərəkatının və Azərbaycan dövlətçiliyinin tələblərinə uyğun şəkildə qurulması idi. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən özünün fəaliyyətində xalq maarifinin, elm və mədəniyyətin  inkişafına müstəsna əhəmiyyət verərək bu sahəni müstəqil, demokratik, dünyəvi dövlət quruculuğunun təməl prinsiplərindən, ən vacib atributlarından saymaqla xalq maarifinin məzmun və struktur cəhətdən müstəqil dövlətçilik ənənələrinə uyğun şəkildə yenidən qurulmasını milli hökumətin əsas vəzifələrindən biri kimi bəyan etdi.  Xalq təhsili və maarifləndirmə üzrə ilk nazirlik - Azərbaycan Xalq Maarif Nazirliyi 1918-ci il mayın 28-də Cümhuriyyət hökuməti tərəfindən təsis edildi. Nazirlər Şurasının qərarı ilə 30 iyun 1918-ci ildə nazirliyin üç şöbədən (ümumi orta təhsil, ali və orta-ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq edildi. Maarif naziri isə sonradan AXC hökumət başçısı olan Nəsib bəy Usubbəyov oldu. Xalq təhsili sahəsində ilk önəmli tədbir 1918-ci il avqustun 28-də məktəblərin milliləşdirilməsi və bu məktəblərdə təhsilin doğma Azərbaycan türk dilinə keçirilməsi oldu. Bununla da ilk dəfə olaraq azərbaycanlı uşaqların doğma dildə təhsil alma hüququ qanuniləşdirildi.

 

Xalq Maarif Nazirliyi 1919-1920-ci tədris ilinin əvvəlindən ali ibtidai məktəblərin bütün siniflərinin və orta təhsil məktəblərinin üç sinfinin milliləşdirilməsini qərara aldı. 1918-ci il 7 sentyabr tarixli fərmanı ilə isə bütün ali ibtidai məktəblərdə qeyri-müsəlman tələbələr üçün dini və onların ana dili tədrisi tətbiq edildi.

 

Xalq maarif naziri yəhudi məktəblərinin rəhbəri Y.Baysband və F.Şapiroyanın təşkil etdikləri yəhudi dili, yəhudi xalqının tarixi və yəhudi ədəbiyyatının tarixi kurslarına dinləyiciləri yazdırmağa icazə verdi. Dərslər 20 oktyabr 1918-ci ildə başlandı. 1918-ci ilin oktyabr ayında Yəhudi Milli Şurasının nəzdində fəaliyyət göstərən məktəblərdə 700 nəfər təhsil alır, 24 müəllim çalışırdı. Bu məktəblər hər ay 10 min rubl məbləğində dövlət tərəfindən subsidiyalaşdırılırdı. Azərbaycan dövləti tərəfindən alman koloniyalarında fəaliyyət göstərən məktəblər də dəstəklənirdi. Alman koloniyalarında tədris keçən müəllimlərin hər birinə 1918 və 1919-cu illərdə inspeksiya tərəfindən hər ay 90 rubl ödənilirdi. Şübhəsiz ki, bütün bunlar AXC hökumətinin elə ilk çağlardan təhsil sahəsində necə beynəlmiləl mövqe tutmasını sübut edirdi.

 

Məktəblərə vətəndaşlar, xeyriyyəçilər - Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Həmidə Məmmədquluzadə, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi mesenatlar da yardım edirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə formalaşan ikinci kabinetinin Azərbaycan xalqına ünvanlanmış 17 iyun 1918 - ci il tarixli müraciətində deyilirdi ki, hökumətin yaxın dövrdə həyta keçirəcəyi tədbirlərdən biri də xalq maarifi, təhsil müəssisələrinin milliləşdirilməsi, maarif ocaqlarında təhsilin ana dilində aparılması, anadilli məktəblər şəbəkəsinin genişləndirilməsi olacaqdır. Eyni zamanda müraciətdə bu da xüsusilə vurğulanırdı ki, təhsildə milliləşmə prosesi tədrici yolla, mərhələlərlə həyata keçiriləcəkdir.

 

Milli hökumətin bu müraciətindən az sonra Xalq Maarif və Dini Etiqadlar Nazirliyinin strukturu və idarəetmə sistemi (ştat cədvəli) təsdiq edilir, ölkədə fəaliyyət göstərən bütün maarif ocaqları, məktəblər onun tabeliyinə verilir. Az keçmir ki, hökumətin qərarı ilə Azərbaycanda həmin Nazirliyin tabeliyində əvvəlkilər saxlanmaqla, 10 bölgədə yeni xalq məktəbləri müfəttişliyi yaradılır və regionlardakı təhsil müəssisələrinin fəaliyyətinə nəzarət onlara tapşırılır.

 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin maarif, təhsil müəssisələrinin milliləşdirilməsi sahəsində ilk tədbirlərindən biri, heç şübhəsiz, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan (tatar) şöbəsinin Azərbaycana köçürülməsi haqqında 22 iyun 1918 - ci il tarixli qərarı olur. Az keçmir ki, milli hökumətin Gəncə xəzinədarlığından ayırdığı maliyyə vəsaiti və Gürcüstan hökuməti ilə əvvəlcədən razılaşma əsasında böyük maarifçi Firudin bəy Köçərlinin fədakarlığı ilə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazax şəhərinə köçürülür, bu şöbənin bazasında Qazax Müəllimlər Seminariyası yaradılır.   

 

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz fəaliyyətinin Gəncə dövründə  təhsil müəssisələrinin, dövlət orqanlarının milliləşdirilməsi sahəsində qarşıya qoyulan vəzifələrin  həyata keçirilməsinin hüquqi bazasını yaratmaq məqsədilə “Türk (Azərbaycan) dilinin dövlət dili elan edilməsi haqqında” 27 iyun 1918-ci il tarixli qərar qəbul edir. Həmin qərarla Azərbaycan türkcəsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dili elan edilir, bütün dövlət orqanları, məhkəmə, təhsil müəssisələri və digər inzibati qurumlarda bu dildən istifadə olunması tələb olunur. Bu qərar məktəb və bütövlükdə maarif sahəsində milliləşmə prosesinin bir növ başlanğıcı rolunu oynadı.

 

Lakin nəzərə alınmalıdır ki, istər Azərbaycan türkcəsinin dövlət dili elan olunması, istərsə də təhsil sisteminin, məktəb və maarif ocaqlarının milliləşdirilməsi ideyası təsadüfi deyildi. Tarixi reallıq belə idi ki, təhsil sisteminin milliləşdirilməsi, təhsilin ana dilində aparılması uğrunda yarım əsrlik milli mücadilənin o zamankı təmsilçilərinin - hökumətə rəhbərlik edən maarifçi ziyalıların əlinə tarixi bir fürsət düşmüşdü. Onlar bu tarixi şəraitdən yararlanmağı özlərinin və müstəqil dövlətin ən ali vəzifələrindən biri sayırdılar. Azərbaycanda XIX əsrin II yarısından başlanan milli maarifçilik hərəkatı XX əsrin əvvəllərindən etibarən milli azadlıq hərəkatına keçmiş, bu mücadilə və tarixi şərait Azərbaycan xalqına milli dövlət qurmaq şansı vermiş, Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdı. Bu mənada ABŞ-ın tanınmış tarixçi alimi T.Svyatoçovskinin son dərəcə sərrast və dəqiq söylədiyi fikirlə razılaşırıq ki, “Ziyalıların ölkəni idarə etməsi ilə çoxdan arzulanan milli təhsil (söhbət ana dilində təhsildən gedir - İ.A.) reallaşdı. Türk dili (Azərbaycan türkcəsi - İ.A.) bütün məktəblərdə siniflərin hamısını əhatə etməklə tədris edilməyə başlandı və türk xalqlarının tarixi Rusiya tarixi fənnini əvəz etdi. Bir çox orta məktəblərdə rus dili tədris dili kimi ləğv olundu. Lakin kadr çatışmazlığı orta məktəblərdə türkcələşdirmənin (Azərbaycan türkcəsi) inkişafını ləngitdi”.

 

Göstərilməlidir ki, təhsilin inkişafında, xüsusilə humanitar fənlərdən tarixin tədrisinin milli ruhun daha da gücləndirilməsi istiqamətində oynayacağı böyük rolu nəzərə alaraq böyüməkdə olan gənc nəsildə vətənpərvərlik ruhunun aşılanması istiqamətində irəliyə doğru bir sıra əhəmiyyətli addımlar atıldı. Yenicə yaradılmış hökumətin atdığı ilk addımlardan görünürdü ki, Azərbaycan tarixi, ümumi tarix, ümum türk tarixi, eləcə də ilahiyyat tarixi kimi humanitar fənlərin tədrisinə çox böyük əhəmiyyət veriləcəkdir. Belə ki, əvvəlki dövrlərdə tədris edilən Rusiya tarixi təbiidir ki, azərbaycanlı şagirdlərdən VƏTƏNİNİ, XALQINI sevən alovlu vətənpərvər yetişdirmək kimi müqəddəs vəzifələrin həyata keçirilməsi işinə kömək edə bilməzdi. Aydındır ki, XALQINI, VƏTƏNİNİ canından artıq sevən, DOĞMA EL - OBASI ÜÇÜN həyatını belə istənilən an qurban verməyə hazır olan VƏTƏNDAŞLARI ancaq və ancaq Azərbaycan, Türk tarixini tədris etməklə yetişdirmək olardı. Belə ki, tarix elminə verilən çoxsaylı təriflərdən birində deyilir: Tarix elmi - İNSANI VƏTƏNDAŞA ÇEVİRƏN ELMDİR.

 

Buradaca qeyd etmək yerinə düşərdi ki, gələcəkdə güclü, qüdrətli, inkişaf etmiş AZƏRBAYCANI quracaq VƏTƏNDAŞ ilk növbədə AZƏRBAYCANÇILIQ ideologiyası ilə silahlanmalı idi. Azərbaycançılıq ideologiyasının rəsmi tarixi isə son iki əsrlə bağlıdır. 

 

AXC hökumətinin ümumi təhsilə müstəsna əhəmiyyət verməsinin bir göstəricisi də bu idi ki, milli hökumət əvvəlcə hamılıqla ibtidai təhsilə, sonra isə ümumi icbari təhsilə keçidi özünün təhsil siyasətində prioritet istiqamət hesab edirdi. Belə ki, AXC-nin sayca dördüncü hökumət kabinetinin parlamentə təqdim etdiyi hökumət proqramında (deklarasiyasında) deyilirdi ki, təhsilin milli müstəqilliyin möhkəmləndirilməsində müstəsna rolu nəzərə alınaraq ümumi icbari təhsil haqqında qanun layihəsinin hazırlanması ilə bərabər həmin ilin payızından ümumi təhsil müəssisələri şəbəkəsi daha da yenilənəcəkdir.

 

Ümumi təhsilin məzmunca milliləşdirilməsi, ümumi təhsilin məzmununda türk dünyası, islam aləmi ilə əlaqələrin gücləndirilməsi və Qərb dəyərlərinə üstünlük verilməsi əsas tələb kimi irəli sürülürdü. Bu sahədə ən uğurlu addım ümumtəhsil məktəblərində, o cümlədən realnı məktəb, gimnaziya və seminariyaların tədris planlarına məcburi və əsas fənlər sırasına “Türk xalqları tarixi” kursunun salınması olur. Təcili olaraq həmin kursa dair proqram və geniş şərhlər hazırlanıb tədris müəssisələrinin istifadəsinə verilir.

 

Məktəblərdə Rusiya tarixi və coğrafiyasının tədrisinin ləğvi də yeni fənlərin lazımi həcmdə və səviyyədə keçilməsini təmin etmək zərurətindən irəli gəlirdi. Bundan başqa, xüsusilə göstərilməlidir ki, Rusiya tarix və coğrafiyasının tədris olunduğu istiqamət də Azərbaycan dövlətçiliyi əleyhinə yönəlmişdi və Rusiyanın müstəmləkə siyasətinə bəraət qazandırılması işinə xidmət edirdi. Aydındır ki, qarşısına işıqlı gələcək, güclü, qüdrətli, inkişaf etmiş dövlət qurmaq kimi ali məqsədlər qoymuş bir dövlətin özünün ideya düşməninin ideologiyasını təbliğ edən fənnin tədrisinə imkan verməsi qeyri - mümkün bir iş idi.

 

Bu baxımdan qeyd etmək yerinə düşərdi ki, respublikanın tədris ocaqlarında proqramlara daxil edilmiş türk xalqlarının tarixi fənninin tədrisi ölkədə, cəmiyyət həyatında milliliyin gücləndirilməsi istiqamətində baş verən proseslərlə bağlı idi. 1919-cu ilin oktyabrın əvvəllərində Maarif Nazirliyi orta tədris müəssisələri üçün rus dilində  türk xalqlarının tarixinin epizodik və sistemli kursunun və türkdilli ölkələrin coğrafiyası kursunun tərtib edilməsi üzrə müsabiqə elan etmişdi. 1919-cu ilin noyabrı üçün türk xalqlarının tarixi üzrə proqram və izahat qeydləri artıq hazır idi. Bu barədə danışarkən xüsusən vurğulamaq istərdim ki, Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində görmüş olduğu işlərdə 1919-cu il avqust ayının 20-də Bakı I realnı məktəbin (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) akt zalında öz işinə başlamış sayca üçüncü qurultayın böyük rolu oldu. Belə ki, qurultay müəllim kadrlarının keyfiyyətinin yüksəldilməsi üçün müəllimlik şəhadətnaməsi olmayanların dərs demək üçün siniflərə buraxılmasını qəti qadağan etmişdi.

 

Şübhəsiz ki, bütün yuxarıda göstərilənlər Azərbaycn Xalq Cümhuriyyətinin təhsilə, xüsusilə humanitar fənn kimi Azərbaycan tarixi, ümumi tarix, ümumi türk tarixi, ilahiyyat tarixi kimi fənlərin tədrisinə necə əhəmiyyət verməsini bir daha sübut edir. Təəssüf ki, bu hökumətin ömrünün çox az olması, cəmi 23 aydan sonra devrilməsi, nəticə etibarı ilə qarşısına qoymuş olduğu məqsədləri həyata keçirməsinə imkan vermədi. Əvəzində hazırda müstəqillik yollarında inamla irəliləyən ölkəmiz insanı vətəndaşa çevirməkdə  böyük rol oynayan  tarix elminin inkişafında, onun böyüməkdə olan gənc nəslə çatdırılmasında bütün zəruri addımları atır. Yəqin elə bunun nəticəsidir ki, xalqımız bu gün nəinki qardaş Türkiyə Respublikasında çəkilən filmdə haqqında danışılan, eləcə də  Rusiya Federasiyasının Prezidenti V.V.Putinin belə qeyri-adi qəhrəmanlığını xüsusi olaraq qeyd etdiyi Mübariz İbrahimov, eləcə də cəsurluğu ilə hətta düşməni belə heyrətə gətirən Etibar İsmayılov, Ramil Səfərov və s. kimi oğulları ilə fəxr edir.

 

İlqar ABDULLAYEV,

Bakı şəhəri MLK-nın tarix müəllimi,  Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru  

 

 

 

Bölmənin digər xəbərləri