Azərbaycan Milli Mətbuatının 147-ci ilində Naxçıvan Dövlət Universiteti tədbirlərinin işıqlandırılmasında xüsusi fəallıq göstərən muxtar respublika KİV nümayəndələri təltif olunub.

 

Bu məqsədlə ali təhsil ocağında keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Qeyd olunub ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, mətbuatımızda milli jurnalistika ənənələri qorunub saxlanılır, kütləvi informasiya vasitələri cəmiyyətin güzgüsü hesab olunur. KİV-ə göstərilən dövlət dəstəyinin jurnalist kadrların yetişməsində oynadığı rol xüsusilə vurğulanaraq qeyd edilib ki, universitetin Media mərkəzində tələbələrin peşəkar jurnalist kimi yetişməsi, nəzəri biliklərin praktik tətbiqinə nail olunması üçün hər cür şərait vardır. Rektor universitet televiziyasının muxtar respublikada yayımını universitet mediasına verilən yüksək dövlət qayğısının bəhrəsi kimi dəyərləndirib.

 

E.İsayev universitetdə təşkil edilən tədbirlərin işıqlandırılması, muxtar respublika və ölkə mediasına çatdırılması istiqamətində mərkəzin fəaliyyətini təqdirəlayiq hesab edib və universitetin elektron təhsil şəbəkəsinin idarə olunmasında universitet televiziyasının xüsusi əməyi olduğuna diqqət çəkib.

 

“Naxçıvan Muxtar Respublikasında jurnalistika ixtisası üzrə kadr hazırlığı” adlı çıxışında Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva bildirib ki, milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə və tərəqqisinə böyük töhfələr veriblər. Vurğulanıb ki, muxtar respublikada mətbuata göstərilən hərtərəfli qayğının tərkib hissəsi kimi, ali təhsil ocağında da milli və müasir jurnalistika ənənələri formalaşaraq inkişaf edib.

 

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva ali təhsil ocağının Media Mərkəzinin fəaliyyətindən danışıb, jurnalist tələbələrin peşəkar kadr kimi formalaşmasında mərkəzin özünəməxsus xidmətlərini qeyd edib.

 

Sonda AZƏRTAC informasiya agentliyinin Naxçıvan Bürosunun rəhbəri Rauf Əliyev, İctimai TV və radio Yayımları Şirkətinin Naxçıvan üzrə bölgə müxbiri, Azərbaycanın Əməkdar jurnalisti Qahirə Hüseynova, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşı, “Nuhçıxan” informasiya agentliyinin redaktoru, “Şərq qapısı” qəzetinin bir qrup heyəti, Naxçıvan xəbərləri informasiya saytının müxbiri, Əlahiddə Ümumqoşun Ordunun Sənədli və Tədris filmləri kinostudiyasının üzvləri, “Yeni fikir” qəzeti redaksiyasının baş redaktoru, universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri, əməkdaşları və könüllü fəaliyyət göstərən tələbələri, “Qeyrət” nəşriyyatının direktoru və əməkdaşları ali təhsil ocağında baş verən yenilikləri operativ ictimaiyyətə çatdırdıqları üçün təşəkkürnamə ilə təltif olunub.

 

Qeyd edək ki, həmçinin I Beynəlxalq Tibb Forumu çərçivəsində mediada fəal mövqeyinə görə də qurumların rəhbərlərinə sertifikatlar təqdim edilib.