Öyrənmə motivasiyası təlim prosesinin məhsuldarlığını müəyyən edən amillər arasında aparıcı yer tutur. Motivlər təlim prosesinin başlıca hərəkətverici qüvvələridir. Motivlər dedikdə, şəxsiyyəti fəaliyyətə sövq edən konkret niyyətlər, səbəblər başa düşülür. Fəaliyyətdə olan motivlərin öyrənilməsi və onlardan düzgün istifadə, şəxsiyyətin inkişafını lazımi tərəfə istiqamətləndirmək pedaqoji əməyin özəyini təşkil edir.

 

Maraq insan fəaliyyətinə güclü təsir edən  motivlərdən biridir. O, hərəkət, fəaliyyət üçün real səbəbdir. Təlimdə çoxlu maraqlar fəaliyyət göstərir. Uşağı hər hansı bir fəaliyyətə cəlb etməkdən qabaq onu həmin işlə maraqlandırmaq lazımdır: o, həmin fəaliyyətə hazırdırmı, qüvvələrini toplayıbmı?  Əgər hazırdırsa, deməli, işi uşaq özü görəcək, müəllimin vəzifəsi isə onun fəaliyyətinə rəhbərlik etmək və istiqamətləndirməkdən ibarət olacaq.

 

Şagirdlərin maraqları onların biliklərinin səviyyəsi və keyfiyyətindən, öz müəllimlərinə münasibətindən asılıdır. Şagirdlər sevdikləri və hörmət etdikləri müəllimin fənnini maraqla öyrənirlər. Əvvəlcə müəllim, sonra onun fənni - bir çox insanların taleyini müəyyən etmiş dəyişməz asılılıq bundan ibarətdir.

 

Məktəblilərdə sabit idraki maraqları formalaşdırmaq üçün təcrübədən irəli gələn müxtəlif yol və vasitələr içərisində aşağıdakılar xüsusilə fərqlənir:

 

  • * həvəslə tədris etmək;
  • * tədris materialının yeniliyi;
  • * tarixilik;
  • * məktəblilərin həyat planları və meyli ilə əlaqədar biliklərin praktiki tətbiqini göstərmək;
  • * yeni təlim texnologiyalarından istifadə etmək;
  • * sinifdə müsbət mikromühitin yaradılması;
  • * şagirdlərə etibar etmək;
  • *  müəllimin pedaqoji taktı və ustalığı;
  • * müəllimin öz fənninə və şagirdlərə münasibəti;
  • * məktəb münasibətlərinin humanistləşdirilməsi  və s.

 

Tələbatlar motivlərlə üzvi əlaqədə mövcuddur. Tələbatların əsasında nəyə isə olan ehtiyac durur. Tələbatlar aktivliyin mənbəyi və onun hərəkətverici qüvvəsidir.

 

Müasir dövrdə öyrənənin elm və informasiya tutumlu cəmiyyətdə layiqli yer tutması üçün tədris-təlim prosesində onlarda hansı kompetensiyaların formalaşdırılmasının qabaqcadan müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan konseptual kompetensiyaların formalaşmasında, inteqrativ xarakterli tənqidi təfəkkürün inkişafında müstəsna rol oynayan fəal təlim metodlarından, yeni yanaşmalardan təhsil sistemində istifadə öz aktuallığı ilə seçilir. Konseptual kompetensiyaların formalaşdırılmasında yeni yanaşmalar içərisində təhsildə səriştəli yanaşmanın xüsusi yeri vardır.

 

Təhsil sferasında səriştəli yanaşmanın tətbiqinə keçən əsrin 60-70-ci illərində başlanılmış və bu yanaşmanın tətbiqi ilə bağlı materiallar toplanaraq pedaqoji ictimaiyyətin geniş müzakirəsinə verilmişdir. Son illərdə problemin həllinə belə baxış təhsildə milli-mənəvi xüsusiyyətlər nəzərə alınaraq, səriştəli yanaşmanın mahiyyəti və məzmununun elmi əsaslarının işlənilməsini əsas problem kimi ön plana çəkdi.

 

Təhsildə səriştəlilik - şərəf, ləyaqət, məsuliyyət; mükəmməl bilik; aldığı biliyi həzm etmək; ondan istifadə edərək xeyir vermək və bunu başqalarına çatdırmaq (ziyalı olmaq); bunlara mane olan əməllərə qarşı barışmaz mövqe tutmaq bacarıqlarını formalaşdırır. Deməli, yüksək səviyyədə səriştəlilik, geniş bilik, bacarıq və vərdişlər toplusunun formalaşdırılmasında şəxsi, institusional və ictimai inkişafın əsas amili kimi, tədris-təlim prosesinin keyfıyyətinin yüksəldilməsinə və onun səmərəli idarə olunmasına imkan verən əsas göstərici hesab edilir. Ona görə də insanların səriştəlilik səviyyəsinin yüksəldilməsini və bunun aktuallığını əmək bazarında daimi artan tələblərin, çox böyük sürətlə dəyişən texnoloji yanaşmaların, eyni zamanda akademik və əmək mobilliyinin yüksəlməsi ilə şərtləndirmək lazımdır.

 

Hazırda təhsildə səriştəli yanaşma, tədris-təlim prosesinin keyfiyyətinin yüksəldilməsi və onun səmərəli idarəedilməsinin vasitəsi olub, dünya təhsil sferasında təhsil sisteminin modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri kimi qiymətləndirilir.

 

Müxtəlif tip səriştəli yanaşma səviyyəsinin psixo-pedaqoji qiymətləndirilməsi öyrənənlərin, müəllimlərin, məktəbin, idarəetmə qurumlarının səriştəlilik göstəricilərinin müəyyənləşdirilməsinə və ölçülməsinə dair təkliflərin formalaşdırılmasına imkan versə də, təhsildə səriştəlilik probleminin tətbiqi və inkişafı ilə bağlı məsələlərin birgə müzakirəsi və diskussiyaların aparılması yeni səmərəli yanaşmaların tətbiqini tələb edir. Təhsil sistemi qarşısında duran əsas məqsədlərin həyata keçirilməsi üçün səriştəli yanaşmadan istifadə edərək müəyyən edilmiş kompetensiyalar sisteminin tətbiqi nəticəsində bilikli, bacarıqlı, müstəqil düşüncəli və özünüidarəetmə qabiliyyətli şəxslərin yetişdirilməsi məsələləri aktuallaşdırıldı. Ona görə də təhsilini başa vurmuş öyrənən, daimi dəyişən dünyada həyati bacarıqlara yiyələnməli, əmək bazarında öz yerini tutmağa hazır olmalı, öyrənmənin vacibliyini daim başa düşməli, zamanın tələblərinə uyğun müvafıq bilik, bacarıq və vərdişləri qazanmağı bacarmalıdır.

 

Bəs öyrənənlərdə, ümumiyyətlə, insanlarda hansı kompetensiyalar formalaşdırılmalıdır ki, səriştəli yanaşmadan istifadə olunaraq, birinci növbədə insanın fəaliyyətində xüsusi rol oynayan aşağıdakı səriştəlilik göstəriciləri formalaşdırılsın:

 

  • * mürəkkəb formada yazılı mətnləri başa düşmək üçün savadlılıq;
  • * ədədlər və ölçülən kəmiyyətlərlə işləmək, onları saymaq və onlar üzərində müxtəlif əməliyyatları yerinə yetirmək üçün ədədi savadlılıq;
  • * müxtəlif şəraitdə düzgün həyat mövqeyinin seçilməsi və yaşayış tərzinin formalaşdırılması üçün müvafıq bilik, bacarıq və vərdişlərin qazanılması;
  • * akademik biliklər sisteminə yiyələnmə.

 

Bunlardan başqa müasir cəmiyyətdə harmonik fəaliyyət üçün insanlar konseptual kompetensiyalara da malik olmalıdırlar. Belə kompetensiyalara, əsasən, prosedur, motivasiya və fəaliyyətlə bağlı məsələlər daxil edilir.

 

Başlıca vəzifə öyrənənləri elə bilik, bacarıq və vərdişlər qazanmağa istiqamətləndirmək lazımdır ki, onlar problemin həlli üçün tələb olunan materialları özləri axtarıb tapsınlar və öz təcrübəsi əsasında başqa fərdləri də öyrətmək imkanına malik olsunlar.

 

Təhsildə səriştəli yanaşma, müasir dövrdə təlimin yalnız ayrı-ayrı fənlər üzrə bilik və bacarıqların verilməsi kimi məqsədindən, həyatı bacarıqların formalaşması üçün tələb olunan kompetensiyalara yiyələnmiş, rəqabətədavamlı şəxsiyyətin yetişdirilməsi kimi əsas məqsədə keçməklə, təhsil paradiqmasının dəyişdirilməsini ən zəruri problem olaraq qarşıya qoyur.

 

Məktəb təcrübəsində şagirdlərdə təfəkkürü inkişaf etdirmək üçün nəyi, nə üçün və necə öyrətmək probleminə diqqət artırılmalı və bu fəaliyyətlər həmişə diqqət mərkəzində saxlanılmalıdır.

 

Dayanıqlı, yaradıcı düşünmə bacarıq və vərdişlərinə malik olmayan öyrənənlərdə (əsasən aşağı sinif şagirdlərində və birinci, ikinci kurs tələbələrində), eyni zamanda yaşlılarda təfəkkürlə bağlı kompetensiyaların imkanlarını genişləndirməklə, sosial, elmi, praktik problemlərin səmərəli həllini təmin etmək üçün inteqrativ xarakter daşıyan yaradıcı təfəkkürün formalaşmasına xüsusi diqqət yetirilməlidir.

 

Zülfiyyə VƏLİYEVA,

ADPU-nun   ETM-nin elmi işçisi, Əməkdar müəllim, “Müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi” layihəsi  üzrə Milli məsləhətçi