Gələcək nəslin həm fiziki, həm də mənəvi cəhətdən formalaşması, kamil şəxsiyyət kimi cəmiyyətin bir fərdinə çevrilməsi, düşdüyü yeni mühitlərə asan uyğunlaşması mühüm vəzifə kimi qarşıda durur və bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir. Son dövrlər psixologiya elminin həyatımızın bütün sahələrində, istər əmək fəaliyyətimizdə, istər şəxsi həyatımızda, istərsə də təhsilimizdə nə qədər önəmli yerə sahib olduğu danılmazdır. Düzdür, psixologiya tətbiq baxımından nisbətən yeni elm sahəsidir, amma ona ehtiyac böyükdür, əvvəlki zamanlarla müqayisədə bu gün psixoloqlara müraciət edib onların köməyindən yararlanmaq normal, hətta daha anlayışla qarşılanır.

 

Məktəbə ilk qədəm qoyan 1-ci sinif şagirdlərinin psixoloji hazırlığından danışmaq istərdik. Uşaq bir şəxsiyyətdir və onun həyatda atdığı hər ilk addım, ilk tanışlıq yeni bir dünyanın başlanğıcı olur. Uşaq yeni bir mühitə, yeni kollektivə qədəm qoyur və onun gələcək həyatı üçün önəmli sayılan bu hadisəyə biganə qala bilmir.

 

O, psixoloji cəhətdən buna hazırdırmı? Doğrudur, ümumtəhsil müəssisələrində məktəb psixoloqları bu işdə hərtərəfli yardım göstərirlər, amma bəzən gözlə görünməyən, hiss olunmayan xırda nüanslar gələcəkdə böyük travmalara səbəb ola bilir. Buna görə də bu məsələni sırf uşaqlarla işləyən, onlara daim dəstək duran, valideynlərə gərəkli məsləhətlər verən  “Orvita” Psixoloji və Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru, psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oqtayqızı ilə müzakirə etməyə çalışdıq.

 

- Uşaqlar 5 yaşından məktəbəhazırlıq dövrünə başlayır və 6 yaşından  1-ci sinifə qəbul olunurlar. Uşaqların məktəbə psixoloji hazırlığını təyin etmək üçün nəyə diqqət etmək lazımdır?

 

- Uşaqların psixoloji hazırlığında diqqət etdirilməli olan bir neçə nüans var. İlk olaraq uşaqların İQ – yəni intellektual əmsallarının formalaşmasına, ikincisi EQ – yəni emosional əmsalının normal vəziyyətdə olmasına diqqət yetirilməlidir. Təbii ki, uşağın bu prosesə psixoloji hazır olub-olmaması da ən önəmli yerdə durmalıdır. Uşağın məktəbə adaptasiyası, valideynlərdən ayrılmasına psixoloji cəhətdən hazır olması, eyni zamanda anlama, qavrama, sintezetmə qabiliyyətinin formalaşması vacib amillərdəndir. Uşaqda məntiqi və riyazi təfəkkürün inkişafına diqqət yetirmək lazımdır. Bunları müəyyən etmək üçün 5 və 6 yaşındakı uşaqlar  üçün kerninq metodikasından istifadə edilir. Bu metodikanın köməyi ilə uşaqlarda incə matorika dəyərləndirilir. Uşaqlara ilk olaraq, müəyyən bir şəkil çəkdirməklə onların təfəkkürünün, psixoloji inkişafının müəyyənləşdirilməsi yerinə yetirilir. İkinci istiqamətdə isə anket vasitəsilə uşaqların anlama-qavrama, analizetmə qabiliyyətini təyin etmək mümkündür. Onlara müxtəlif rənglər, fiqurlar, əşyalar verməklə fərqliliyi seçmək, segenler vasitəsilə kölgə effektini tam təqlid etmək və kiçik hekayələrlə analizetmə qabiliyyətinin formalaşmasına dəstək göstərmək lazımdır. Əgər 5-6 yaşında məktəbəhazırlıq dövrünü keçən uşaqlarda bu kimi psixoloji hazırlıqlar olarsa, bu uşaqlar məktəbdə əziyyət çəkməyəcəklər.

 

“Bəzən psixoloqlar uşağın psixoloji cəhətdən məktəbə hazır olmadığını bildirdikləri halda valideynlər israrla buna qarşı çıxırlar. Əgər uşağın nitqində, davranışında, qavramasında, təfəkküründə ləngimələr müşahidə olunursa, o uşaqlar üçün ya inkluziv təhsil nəzərdə tutulmalı, ya da bir il daha geç məktəbə getmələrini təmin etmək lazımdır. Əgər bir uşağın nitqi 4 yaşında açılırsa, burda ləngimə müşahidə olunur və mütləq psixoloji ləngimə də araşdırılmalıdır. Günümüzün reallığı olaraq təəssüflə qeyd etməliyəm ki, son dövrlər uşaqlarda psixi və nitq ləngimələrə sıx şəkildə rast gəlinir. Bu zaman valideynlər daha diqqətli olaraq, uşaq psixoloqu və loqopedlə təmasa girərək bu problemlərin öhdəsindən gələ bilərlər. Bəzən bu problemlər 5 yaşına kimi üzə çıxmadığı üçün məktəb dövründə özünü daha qabarıq biruzə verir. Bu zaman həm müəllim, həm uşaq əziyyət çəkir.  Ona görə də uşaqların həm mənəvi, həm də psixoloji cəhətdən məktəbə tam hazır olmaları vacib amil kimi diqqətdə saxlanılır”-deyən Ramidə Oqtayqızı bildirib ki, bir çox ölkələrdə uşaqlar məktəbə qəbul olunmadıqdan öncə valideynlər uşaqlarını mütləq psixoloq söhbətinə cəlb edirlər. Belə olduqda uşaq valideynindən ayrılmaq qorxusu yaşamır, yeni kollektivə, yeni mühitə öyrəşməkdə çətinlik çəkmir. Psixoloq bu təcrübəni müsbət qiymətləndirib.

 

Dilrubə SƏRDARQIZI