Sentyabrın 9-da Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin hesabat tədbiri keçirilib.


Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, təhsilverənlərin sertifikatlaşdırma prosesində və müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərən, ucqar kənd məktəblərində çalışan, müsabiqələr üzrə uğur qazanan şəhid ailəsi üzvləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Tədbirdə əvvəlcə İnsan Resursları Mərkəzinin son 5 ildə həyata keçirdiyi layihələr üzrə hesabat nümayiş edilib.  Hesabatda Mərkəzin təşkil etdiyi müsabiqələr üzrə yeniliklər, ümumi statistikalar tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

 

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Mərkəzinin keçirilən müsabiqələrdəki əhəmiyyətli rolu haqqında fikirlərini paylaşıb. Həmçinin nazir müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində ciddi işlərin görüldüyünü bildirib. Nazir 60 000-dən çox şəxsin müsabiqədə iştirakının prosesin şəffaf və obyektiv keçirildiyinin nəticəsi olduğunu qeyd edib.

 

Nazir son 10 ildə müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə fəaliyyətə başlayan təhsilverənlərin sertifikatlaşdırma prosesində 100 faizlik nəticə göstərərək test imtahanı mərhələsindən keçdiklərini bildirib. Emin Əmrullayev sertifikatlaşdırmanın nəticəsindən asılı olaraq  təhsilverənlərin təkmilləşdirilməsi istiqamətində işlərin görülməsinin planlaşdırıldığını da diqqətə çatdırıb. 

 

Elm və təhsil naziri Emin Əmrullayev bu il ilk dəfə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən müəllimlərə sertifikatlarını təqdim edib. Nazir müəllimlərə əldə etdikləri nəticəyə görə öz təşəkkürünü bildirib.

 

Görüşün sonunda səmərəli fəaliyyətlərinə görə İnsan Resursları Mərkəzinin əməkdaşları, müsabiqələrin təşkilində dəstək olan “Məktəblinin Dostu” layihəsinin nümayəndələri və “Bir” Tələbə Könüllü İctimai Birliyinin könüllüləri təltif olunub.