Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Dünya Rektorlar Forumunda (World Rectors’ Forum) iştirak məqsədilə Bişkek şəhərinə səfəri çərçivəsində Qırğız İqtisad Universitetində (Kyrgyz Economic University - KEU) olub.

 

MDU-nun rektoru KEU-nun rektoru Almaz Kadıraliyev ilə görüşüb. Görüşdə ölkələrimiz və xalqlarımız arasında tarixi və mövcud dostluq münasibətlərindən bəhs edilib. Forum çərçivəsində MDU və KEU arasında Anlaşma memorandumunun imzalanmasından məmnunluq ifadə edilib və potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Rektorlar qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliklərini bildiriblər. Qeyd edilib ki, hazırda hər iki ali təhsil müəssisəsində reallaşdırılan modernləşmə tədbirləri kontekstində nəticəyönümlü birgə fəaliyyətlərin həyata keçirilməsi universitetlərin potensialının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edəcək.

 

Sonra KEU-nun geniş tərkibdə rəhbər heyəti ilə görüş keçirilib. Görüşdə universitetlər arasında imzalanan Anlaşma memorandumunun yaratdığı imkanlar diqqətə çatdırılıb. Yeni təhsil texnologiyaları və idarəetmə metodları üzrə təcrübə mübadiləsi, ortaq təhsil və tədqiqat proqramları, birgə seminarlar, tələbə və müəllim mübadiləsi, Erasmus+ və digər qrant layihələrində birgə iştirak sahələrində real əməkdaşlığın yaradılmasına dair müzakirələr aparılıb.

 

Daha sonra KEU kollektivi qarşısında “Yeni dövrün universitetinin qurulması: Mingəçevir Dövlət Universiteti təcrübəsi” mövzusunda təqdimatla çıxış edən rektor Ş.Bayramov professor-müəllim və inzibati-rəhbər heyəti üzvlərinin çoxsaylı suallarını cavablandırıb. Dost Azərbaycanın müasirləşən universiteti ilə işbirliyinin qurulmasından məmnunluqlarını ifadə edən KEU kollektiv üzvləri əməkdaşlığın konkret addımlarla möhkəmlənəcəyinə inandıqlarını söyləyiblər.

 

Ziyarət çərçivəsində rektor Ş.Bayramov KEU-nun mövcud tədris infrastrukturu və maddi-texniki bazası ilə tanış olub.