Naxçıvan Dövlət Universitetinin (NDU) kollektivi muzey günləri çərçivəsində Xatirə Muzeyində olub.

 

Muzeyin bələdçisi bildirib  ki, Naxçıvan Ali Məclisi sədrinin sərəncamı ilə 1997-ci ildə yaradılan muzey əvvəl  Şəhidlər Muzeyi adı ilə fəaliyyət göstərib. Naxçıvan Nazirlər Kabinetinin 2000-ci il 3 may tarixli qərarına əsasən,  muzeyin adı dəyişdirilərək Xatirə Muzeyi adlandırılıb.

 

Hazırda muzeydə 2000-dən çox eksponat var. Onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Muzeydə erməni daşnaklarının Azərbaycan torpaqlarında törətdiyi qanlı cinayətləri, soyqırımları əks etdirən sənəd və materiallar, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının fotoşəkilləri, şəxsi əşyaları qorunub saxlanılır. Burada, eyni zamanda Milli və Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və onlara aid olan digər materiallardan ibarət eksponatlar mühafizə və nümayiş etdirilir. Həmçinin Naxçıvan Muxtar Respublikasının sərhədlərində baş verən döyüşlərdə Vətən oğullarının erməni işğalçıları ilə mübarizəsindən bəhs edən eksponatlar haqqında da  ətraflı məlumat verilib.

 

Muzeyin bələdçisi onu da vurğulayıb ki, Vətən müharibəsi dövründə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ayrıca guşə yaradılıb. Burada onlar haqqında fotoşəkillər və məlumatlar öz əksini tapır.