Naxçıvan Dövlət Universiteti ilə Britaniya Şurası arasında əməkdaşlıq çərçivəsində IELTS imtahanları ilə bağlı 2 gün müddətində təlim keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev təlimin müəllim heyəti üçün önəmini vurğulayaraq bunun gələcəkdə tələbələrə faydalı olacağını qeyd edib. Diqqətə çatdırılıb ki, tələbələrin xarici dil biliklərini inkişaf etdirmək üçün müəllim dəstəyinin və texnoloji avadanlıqların lazımi səviyyədə olması xüsusi önəm kəsb edir. Tələbələrin IELTS imtahanlarında yüksək nəticə göstərdiklərini vurğulayan  rektor bu uğurların qazanılmasında universitetin xarici dillər fakültəsinin müəllim heyətinin böyük rolu olduğunu söyləyib. Qeyd edilib ki, hal-hazırda xarici dillər fakültəsində 6 xarici dil üzrə ixtisaslar tədris olunur.  Rektor onu da bildirib ki, İngilis dili və tərcümə, İngilis dili və metodika kafedralarında bu sahə üzrə kadr hazırlığı diqqətdə saxlanılır. E.İsayev IELTS təhsil sistemində böyük nailiyyətlər və uğurlar qazanmaq üçün belə təlimlərin davamlı olmasının və dərslərdə həyata keçirilməsinin vacibliyini vurğulayıb:”Universitetin qlobal rəqabətliliyini artıran IELTS qeydiyyat və imtahan mərkəzi artıq ali məktəbdə ingilisdilli təhsilin inkişafına öz töhfələrini verir. Ötən tədris ili müddətində 150-dən artıq müəllim və tələbənin IELTS sertifikatı ilə təmin olunması bunun bariz nümunəsidir”.

        

Qeyd edək ki, Britaniya Şurasının təmsilçisi tərəfindən keçirilən təlimdə müəllimlər ingilis dili metodologiyası, IELTS imtahanına hazırlıq, tələbələrin IELTS imtahanında yüksək nəticələr göstərməsi üçün dörd bacarıq üzrə vacib məqamların müzakirəsi və IELTS imtahanı haqqında ümumi biliklər əldə ediblər. Təlimdə, ümumilikdə 32 müəllim iştirak edib.