Macarıstanın dövlət və elm xadimləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

 

Görüşdə Macarıstanın ölkəmizə yeni təyin olunan səfiri Tamaş Yojef Torma, Azərbaycanın Macarıstanda və Polşadakı sabiq səfiri, diplomat və alim Həsən Həsənov, Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdəki nümayəndəliyinin rəhbəri Yanoş Hovari, macar alimi, görkəmli türkoloq Georg Hazainin qızı Sisilya Hazai, TDT-nin Macarıstandakı nümayəndəlik ofisinin layihə direktoru Elbəy Əliyev, həmçinin AMEA-nın Rəyasət Heyəti Aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin əməkdaşı Ruslan Qasımov iştirak ediblər.

 

Qonaqlar əvvəlcə MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunda olublar. Buradakı guşələr, məlumat bazaları və nəşrlər haqqında məlumatlandırılıblar.

 

Daha sonra MEK-in fondunda macar dilində olan ədəbiyyatlardan, eləcə də görkəmli alim, türkoloq G.Xəzainin kolleksiyasından ibarət sərgiyə baxış keçirilib.

 

MEK-in baş direktoru, professor Məmməd Əliyev qonaqlara kitabxananın fəaliyyəti haqqında danışıb, bildirilib ki, hazırda MEK-in fondlarında 1,5 milyona yaxın nəşr saxlanılır. Bu nəşrlər arasında Azərbaycan macar elmi əlaqələrinin güclənməsində xüsusi rolu olan macar türkoloq Georq Hazainin kolleksiyasının xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Həmçinin, baş direktor MEK ilə Macarıstan təşkilatları arasında səmərəli tərəfdaşlıq əlaqələrindən də bəhs edib. Qeyd olunub ki, Macarıstanın ən böyük və daim genişlənən rəqəmsal dövri məlumat bazası olan “Arcanum” şirkəti və Macarıstan Respublikasının Eotvos Lorand Universiteti (ELTE) ilə ikitərəfli əməkdaşlıq yaranıb və uğurla davam etdirilir.

 

Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma Azərbaycana gəlişindən sonra ilk ziyarət etdiyi yerlərdən birinin məhz Mərkəzi Elmi Kitabxana olduğunu qeyd edib. O, iki ölkə arasında elmi, mədəni əlaqələrin səviyyəsinin yüksək olduğunu bildirib, G.Hazainin mirasının və xatirəsinin bu kitabxanada yaşadılmasının qurulan tarixi və möhkəm əlaqələrin bariz nümunəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Daha sonra Azərbaycanın Macarıstanda və Polşadakı sabiq səfiri, diplomat və alim Həsən Həsənov görüşün önəmini vurğulayıb, görkəmli türkoloq alim G.Hazaini şəxsən tanıdığını bildirib, onunla bağlı xoş xatirələrini bölüşüb.

 

TDT-nin Budapeştdəki nümayəndəliyinin rəhbəri Yanoş Hovari öz növbəsində türk dövlətləri ilə işbirliyini dəstəklədiyini bildirərək türk tarixinin, elminin öyrənilməsində kitabxanaların və xüsusilə kitabların rolundan danışıb.

 

“Atamdan mənə qalan ən dəyərli miras onun Azərbaycandakı çalışmaları, elmi işləridir”-deyə görkəmli alimin qızı Sesiliya Hazai qeyd edib. O, məşhur türkoloq alimin həyat və yaradıçılığına həsr olunan yeni nəşrləri MEK-ə hədiyyə edib.