Onlarin bir qrupu ilə görüş keçirilib


Naxçıvan Dövlət Universitetində (NDU) I kurs magistrantlarla görüş olub. Əvvəlcə universitetin tanıtım videosu təqdim edilib.

 

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, bu il magistraturaya 250 yerə qarşı 204 magistrant qəbul olub. Hal-hazırda magistraturada 80 ixtisas üzrə kadr hazırlığının həyata keçirildiyini vurğulayan rektor Naxçıvan Dövlət Universitetinin ölkədə bu sahə üzrə ilk sırada olduğunu diqqətə çatdırıb:”Ali təhsil ocağında bakalavr təhsili ilə yanaşı, magistr təhsili də daim diqqətdə saxlanılır. İxtisaslı kadrların hazırlanmasında magistr pilləsinin mühüm əhəmiyyəti var. Bu gün universitetin magistraturasını bitirən məzunlar muxtar respublikanın təhsil sahəsinə mühüm töhfələr verir”.

 

Magistratura mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Etibar Məmmədov qeyd edib ki, magistratura pilləsində tələbələr artıq ümumi nəzəriyyə deyil, sırf ixtisasları üzrə təhsil alaraq özlərini təkmilləşdirir, elmi məqalələr, magistr dissertasiyası yazaraq, elmi fəaliyyətlərinin ilk mərhələsinə qədəm qoyurlar. Diqqətə çatdırılıb ki, magistrantlar onlar üçün  yaradılan səmərəli şəraitdən bəhrələnərək respublikanın müxtəlif ali təhsil müəssisələrində və xarici ölkələrdə keçirilən elmi konfranslarda iştirak edirlər.  Bildirilib ki, magistratura təhsili bütün dünyada ümumi qazanılan bakalavr təhsilinin davamı olub, həm ixtisas, həm də elmi qabiliyyətlərin əsası sayılır.

        

2022-ci ildə ümumi orta müvəffəqiyyət göstəricisi 97.28 bal olmaqla muxtar respublikada magistratura üzrə ən yüksək nəticəni toplayan Azərbaycan dili ixtisaslaşması üzrə I kurs magistrant Səkinə Məmmədzadə ali təhsil ocağında tələbələrə göstərilən qayğıya görə minnətdarlıq edib.

        

Sonda magistrantların sualları cavablandırılıb.