DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnklüziv Təhsil Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.

 

UNEC-dən bildirilib ki, memorandumun məqsədi ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqlar, qazi və şəhid ailələrinin övladları, əlilliyi olan və sağlamlıq imkanları məhdud şəxslərin peşə hazırlığına əlçatanlığını təmin etmək, onların iş imkanlarını genişləndirmək, bu sahədə bərabər imkanlar yaratmaqdır.

 

Sənədə əsasən, ali təhsil ocağının  professor-müəllim heyəti  mərkəzdə təlim alan həssas əhali qrupuna aid şəxslər üçün təlim prosesinə cəlb olunacaq.

 

Əməkdaşlıq çərçivəsində universitetin pedaqoji və müəllim heyətinin iştirakı ilə biznesin təşkili, menecment, mühasibatlıq, bank işi, maliyyə, xarici dillər və digər istiqamətlər üzrə təlimlərin təşkili nəzərdə tutulur.

 

Razılaşma sənədi qarşılıqlı təcrübə mübadiləsi və korporativ əməkdaşlıq məsələlərini, bu xüsusda müştərək layihələrin və innovativ təşəbbüslərin təşkili ilə bağlı birgə fəaliyyəti əhatə edir.