2022/2023-cü tədris ili Lənkəran Dövlət Universiteti (LDU) üçün   əlamətdar hadisələrlə başlayıb. Ötən həftə universitetin yeni tədris korpusunun təntənəli açılış sevincinə bu gün daha biri əlavə olunub. Belə ki, Lənkəran Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalının “Humanitar elmlər” seriyası dünyanın nüfuzlu beynəlxalq indeksləmə sistemi olan “İNDEKS COPERNİCUS” bazasına daxil edilib.

 

Universitetdən bildirilib ki, jurnal eləcə də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının dövri elmi nəşrləri siyahısına da daxildir.

 

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov bu uğuru LDU-nun fəaliyyətə başlamasının 30 illiyinə dəyərli töhfə kimi qiymətləndirib:“Lənkəran Dövlət Universitetinin maddi-texniki bazasının yenilənməsini, universitetin modern ali təhsil müəssisəsinə çevrilməsini bir məqsəd kimi qarşıya qoyduq və bu istiqamətdə çoxşaxəli fəaliyyətə start verdik. Budur,  artıq əldə etdiyimiz ürəkaçan nəticələr göz qabağındadır. Yeni inşa olunmuş 3 tədris korpusu, 153 nəfərlik yataqxana  binası, tam rekonstruksiya olunmuş Elmi kitabxana, xaricdən alınmış tədris laboratoriyaları, Turizm tədris bazası, aqrar ixtisaslarda oxuyan tələbələr üçün təcrübi biliklərini artırmaları məqsədilə yaradılmış tədris-təcrübə bazası, ehtiyacı olan  müəllimlər üçün xidməti evlər. Bu siyahını uzatmaq da olar. Amma mən bu gün  Lənkəran Dövlət Universitetinin  “Elmi xəbərlər” jurnalının “Humanitar elmlər” seriyasının  dünyanın nüfuzlu beynəlxalq indeksləmə sistemi olan “İNDEKS COPERNİCUS” bazasına daxil edilməsini  böyük elmi uğur, fəaliyyətimizin əməli nəticəsi hesab edir, bu münasibətlə universitetimizin bütün kollektivini ürəkdən təbrik edirəm. Sevincimiz kimi, hədəflərimiz də böyükdür. LDU-nun dünyanın reytinqli ali təhsil müəssisələri sırasına daxil olması  istiqamətində işlərimizi davam etdirəcək,  bu amal uğrunda  var qüvvə ilə çalışacağıq”.

 

Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalının “Humanitar elmlər” seriyası ildə iki dəfə çap olunur və məqalə qəbulu il üzrə mütəmadi şəkildə aparılır.