Şagirdlərimiz Moskvada növbəti uğura imza atıblar


Məlumdur ki, məktəblilərin bilik və bacarıqlarının möhkəmləndirilməsində ayrı-ayrı fənlər üzrə keçirilən bilik yarışları, olimpiadalar   əvəzsiz rol  oynayır.  Bilik olimpiadalarında əldə olunan  nəticələr hər hansı ölkənin  elm, təhsil səviyyəsini göstərir.  Təhsil Nazirliyinin istedadlı şagirdlərin üzə çıxarılması və onların elmi potensial  və tədqiqatçılıq qabiliyyətlərinin  stimullaşdırılması istiqamətində məqsədyönlü səyləri nəticəsində məktəblilərimiz artıq son illərdə dünyanın müxtəlif nüfuzlu fənn olimpiadalarında ölkəmizi layiqincə təmsil edirlər.  Beynəlxalq olimpiadalar sırasında  artıq  3 ildir ki, Moskvada  dünyanın paytaxt şəhərlərinin  orta  məktəb şagirdləri arasında keçirilən (Beynəlxalq Meqapolis Olimpiadalar)  da diqqəti cəlb etməkdədir.  Ötən  Meqapolis yarışları şagirdlərimiz üçün  uğurlu olub.  Yeni dərs ili ərəfəsində,  sentyabrın 2-7 tarixlərində  Moskvada  baş tutan III Beynəlxalq Meqapolis Olimpiadasından da məktəblilərimiz vətənə 4 medalla dönüblər.  Və bu zəfəri yeni dərs ili üçün uğur simvolu kimi də dəyərləndirmək olar.

 

Olimpiadada fərdi  və komanda yarışlarında ölkəmizi təmsil edən məktəblilər -kimya fənni üzrə Respublika Kimya-biologiya liseyinin 10-cu sinif şagirdi Əli Əliyev qızıl, Ağdaş şəhər, Texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın 10-cu  sinif şagirdi Fərid Əliyev gümüş medal qazanıblar.  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat üzrə gümüş medal əldə edib. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu  sinif şagirdi İbrahim Tağızadə isə informatika fənni üzrə bürünc medala layiq görülüb.

 

Qaliblərlə daha yaxından tanış olaq.

 

Əli ƏLİYEV,

Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdi

 

“Ən yüksək balı toplayaraq birinci yeri tutdum”

 

 

2002-ci il 15 iyul tarixində  Bakı şəhərinin Zirə qəsəbəsində anadan olub.  Orta  təhsilinə qəsəbədəki Nüsrət Yaqubov adına 120 nömrəli  tam orta məktəbdə başlayıb.  VIII sinifdə beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzinə qəbul üçün keçirilən imtahanlarda kimya fənni üzrə iştirak edib və  mərkəzə qəbul olunub.  Daha sonra  mərkəz tərəfindən Kimya-Biologiya təmayüllü respublika liseyində keçirilən dərslərdə iştirak edib. IX sinifdə  adıçəkilən tədris müəssisəsinə qəbul olunub.  İndiyə qədər müxtəlif beynəlxalq olimpiadalarda - Qazaxıstanın Astana şəhərində keçirilən 51-ci Beynəlxalq Mendeleyev Kimya olimpiadasında və Rusiyanın Moskva şəhərində keçirilən Meqapolis olimpiadasında iştirak edib.  Meqapolis Olimpiadasında və  Niderlandın Neymegen şəhərində keçirilən 14-cü Beynəlxalq Elm Olimpiadasında bürünc medallara  layiq görülüb.

 

- 2-7 sentyabr tarixlərində Moskvada keçirilən Meqapolislərin Beynəlxalq Olimpiadasında iştirak etdik. Kimya komandası olaraq beynəlxalq olimpiadalara müəllimimiz İqrar Nəzərovun təşəbbüsü ilə M.V.Lomonosov adına  Moskva Dövlət Universitetinin Bakı filialında keçilən dərslərdə iştirak edərək hazırlaşırdıq. Olimpiada 4 fənn üzrə təşkil olunmuşdu. Kimya fənni üzrə iştirakçılar 3 turda iştirak etməli idilər: “Blitz tur”,  təcrübi tur, nəzəri tur.  “Blitz tur”  komanda yarışı idi. Bu turda kimya üzrə mümkün maksimal nəticəni (20 bal) göstərərək iştirak edən şəhərlər arasında kimya üzrə birinci yeri tutduq. Təcrübi və nəzəri turlar fərdi idi. Təcrübi tur keçən illə müqayisədə daha çətin idi. Lakin MDU-nun Bakı filialında təşkil edilən  intensiv dərslərin və müəllimlərin gərgin zəhmətinin nəticəsi olaraq mən bu turda bütün iştirakçılar arasında ən yüksək bal toplayaraq birinci yeri tutdum. Nəzəri tur 5 məsələdən ibarət idi. Digər suallar maraqlı və düşündürücü idi. Medala görə qiymətləndirmə digər beynəlxalq kimya olimpiadalarında olduğu kimi təcrübi və nəzəri turda toplanan xalların cəminə görə hesablanırdı. Mənim nəticəm mənə qızıl medal qazanmağa imkan verdi. Əlbəttə ki, bu nəticənin arxasında müəllimlərimizin böyük zəhməti durur. Mən bu nəticəyə görə onlara borcluyam.

 

 

Fərid ƏLİYEV,

Texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın şagirdi

 

“Daha yüksək nəticə əldə edə bilərdim”

 

 

2002-ci il avqustun 2-də Zərdab şəhərində anadan olub. 2008- ci ildə Zərdab şəhər Ş.Qurbanov adına 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. 2015-ci ilə qədər bu məktəbdə təhsil alıb. Hazırda Ağdaş şəhər, Texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın 10-cu  sinfində təhsil alır. VIII sinifdən  kimya fənni üzrə olimpiada hazırlığına başlayıb.   IX sinifdə kimya fənni üzrə Respublika fənn olimpiadasında gümüş medal əldə edib. 

 

- Yeni dərs ilindən XI sinfə gedəcəm.  Artıq 3 ildir ki, kimya üzrə  beynəlxalq və respublika olimpiadalarına  hazırlaşıram. İndiyə qədər respublika olimpiadalarından  2 gümüş medal qazanmışam  və  bundan əvvəl  Hollandiyada keçirilən Gənclərin Beynəlxalq Elm Olimpiadasında (IJSO 2018) və Tailandda keçirilən  Beynəlxalq Kimya Olimpiadasında (ICHO 2017) iştirak edərək bürünc medala  layiq görülmüşəm.  Bütün olimpiadalar üçün əsas  hazırlığımız ilboyu keçirilən praktiki və nəzəri  dərslər olur. Demək olar ki, hər həftə  Moskva Dövlət Universitetinin Bakı filialında praktiki məşğələlərimiz olurdu. Həmçinin hər həftə kimya müəllimimiz Xamməd Əsədov tərəfindən  Təhsil Nazirliyinin təşkil etdiyi dərslər keçilirdi.  Bundan əlavə, Mendeleyev Kimya və Beynəlxalq kimya olimpiadalarından əvvəl  Təhsil Nazirliyinin təşəbbüsü ilə  həm praktiki, həm də nəzəri dərslər keçmək üçün xaricdən 1-2 həftəliyə müəllimlər gəlmişdilər.  Olimpiadanın çox yüksək səviyyədə təşkil olunduğunu deyə bilərəm.  Bilik müsabiqəsində dünyanın müxtəlif  yerlərindən ən böyük Meqapolislər iştirak edirdi.  Xüsusən də,  Rusiya və Çin kimi ölkələrdən bir neçə şəhərin iştirakı rəqabətin necə yüksək olacağını göstərirdi. Təbii ki,  daha yüksək nəticə əldə edə bilərdim, bu, növbəti olimpiadalar  üçün ən böyük stimulumdur.

 

İbrahim TAĞIZADƏ,

Fizika-riyaziyyat  və informatika təmayüllü liseyin şagirdi

 

“Şükürlər olsun ki, ölkəmizə bürünc medal gətirə bildim”

 

2003-cü ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Orta təhsilinə Bakıdakı   Məmməd Rahim adına 7 nömrəli  tam orta məktəbdə başlayıb. Hazırda təhsilini  Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinfində davam etdirir. 2016-cı ilin martında Təhsil Nazirliyinin təşəbbüsü ilə olimpiada siniflərinin yaradılması üçün keçirilən Respublika fənn olimpiadalarında riyaziyyat fənnindən qalib olub.  2017-ci ilin dekabrından riyaziyyatla bərabər informatika fənni ilə də yaxından məşğul olmağa başlayıb. 2018-ci ilin mayında Respublika fənn olimpiadalarında informatika fənni üzrə 2-ci yerə layiq görülüb. 2018-ci ilin iyulunda  gənclər arasında keçirilən Avropa Olimpiadasında (EJOI) bürünc, 2018-ci ilin sentyabrında isə  Meqapolislər  Olimpiadasında yenidən informatika fənni üzrə bürünc medala sahib olub. İbrahim idmana də həvəs göstərir.  Müxtəlif illərdə açıq cüdo birinciliklərində I,  III,  2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi 26 fevral - Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş dama üzrə açıq birincilikdə “Ən fəal damaçı” diplomuna layiq görülüb.

 

-  Bu,  mənim ölkədən xaricə 2-ci səfərim idi. Əvvəllər Moskva haqqında bildiyim yalnız  eşitdiklərimdən ibarət  idi. Lakin Rusiya paytaxtına getdikdə Moskvanın eşitdiklərimdən daha yaxşı şəhər olduğunu gördüm. Moskva öz qədimliyini qorumaqla yanaşı,  həm də müasir şəhərdir. Bizə göstərilən xidmətlər yüksək səviyyədə idi. Yarışlardan sonra ekskursiyalar təşkil olunurdu, bu da imtahan yorğunluğunun aradan qalxmasına kömək edirdi. İmtahandan  əvvəl təşkil olunan “blitz tur”da kimyaçı şagirdlər tam nəticə göstərərək mükafata layiq görülməyimizə çox kömək oldular. Yarışda rəqiblərim arasında güclülərə də rast gəlmək olardı. Bu, məni həyəcanlandıraraq bəzi səhvlərə yol verməyə səbəb oldu, lakin şükürlər olsun ki, ölkəmizə bürünc medal gətirə bildim. Lakin bununla kifayətlənmək fikrim yoxdur, gələn il Azərbaycanda keçiriləcək İnformatika üzrə Dünya olimpiadasında da medal qazanmaq istərdim.

 

Murad AĞAZADƏ,

Fizika-riyaziyyat  və informatika təmayüllü liseyin şagirdi

 

“İki günlük imtahandan sonra hədəfimə çatdım”

 

 

2002-ci il 28 yanvar tarixində Naxçıvan MR-nın Şərur rayonunda anadan olub. 2009-cu ildə 220 nömrəli tam orta məktəbin I sinfinə gedib.  VIII sinifdən etibarən Fizika-riyaziyyat  və informatika təmayüllü liseydə təhsil alır.   Riyaziyyat fənni üzrə bir sıra  olimpiadalarda iştirak edib.  Muradın ilk uğurları VI sinifdən başlayıb. O, məktəblilərarası fənn müsabiqəsində, VII  və  VIII  siniflərdə  isə  Respublika fənn olimpiadasında I yerə, 2016, 2017  və 2018-ci illərdə isə Respublika Fənn Olimpiadalarında qızıl medala layiq görülüb. Beynəlxalq Olimpiadalarda isə 2017-ci ildən iştirak edir.  2017-ci ildə yeniyetmələrin  Balkan Riyaziyyat Olimpiadasında (Bolqarıstan),  2017 və 2018-ci illərdə 35-ci Balkan olimpiadasında (Makedoniya və Serbiya) bürünc medala və Dünya Olimpiadasında (Braziliya və Rumıniya) həvəsləndirici sertifikata layiq görülüb. 

 

- Bu il Meqapolislər Olimpiadasında  ikinci dəfə iştirak edirdim.  İlk dəfə 2017-ci ildə bu olimpiadada bürünc medal almışdım.  Yay aylarında 2016 və 2017-ci illərdə keçirilmiş Meqapolislər və buna oxşar bir neçə olimpiadanın sualları ilə məşğul oldum. Keçən il bu olimpiadada bürünc aldığımdan, bu il artıq hədəfim gümüş idi. İki günlük imtahandan sonra hədəfimə çatdım.

 

Komanda hesabında 3-cü

 

Olimpiadaya dünyanın ən böyük 33 şəhər  və paytaxtlarından 14-18 yaş arası iştirakçılar dəvət olunub. Olimpiada 4 fərqli fənlər (riyaziyyat, informatika, kimya və fizika) üzrə keçirilən komanda turniridir. Birinci mərhələdə komanda üzvlərinin tapşırıqları düzgün həll etmələri ilə yanaşı, həm də sürətli olmalarına önəm verilir. Kimya və fizika fənləri üzrə qatılan iştirakçılar nəzəri və təcrübi hissələrdən ibarət olan müsabiqədə öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Riyaziyyat və informatika fənləri üzrə qatılan iştirakçılar isə onlara təqdim olunan tapşırıqları həll edirlər. İştirakçıların yazı işləri beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilir.

 

Kimya üzrə komanda yarışlarında ölkəmizin təmsilçiləri birinci olublar. Onlar verilən 20 tapşırığın hamısını dəqiqliklə yerinə yetiriblər. Onlar fizika, kimya, riyaziyyat və informatika üzrə öz biliklərini  sınayırlar. İlkin mərhələdə hər bir komandaya 80 tapşırıq təqdim olunur. Burada nəinki  tapşırıqların düzgün həllinə,  həm də sürət amilinə diqqət yetirilir. Şagirdlərin ixtiyarında 2 saat var. İlkin mərhələ müstəqil yarışmadır, onun nəticələri ümumi  hesabda nəzərə alınmır. Tapşırıqların çətinlik səviyyəsi irimiqyaslı beynəlxalq olimpiadaların müvafiq səviyyələrinə uyğundur. İştirakçıların tapşırıqları  beynəlxalq münsiflər heyəti tərəfindən yoxlanılır, onların arasında tanınmış müəllim və nüfuzlu alimlər var.

 

Komanda hesabında olimpiadanın  qalibi adına Moskva, Şanxay, Sankt-Peterburq və Honkonq şəhərlərinin komandaları layiq görülüb. İkinci yeri Belqrad, Sofiya, Minsk,  İstanbul, Budapeşt, Cakarta, Zaqreb komandaları  tutub. Bakı Leyspiq, Düşənbə, İnsburk, Milan, Almatı, Bratislava, Bişkek kimi şəhərlərlə  3-cü yeri tutub.

 

Qeyd  edək ki, ilk dəfə 2017-ci ildə bu  olimpiadaya qatılan məktəblilərimiz bir  qızıl  və  dörd  bürünc  medal  əldə ediblər.  Olimpiadada  iştirak  edən  şagirdlər  Fizika,  riyaziyyat  və   informatika təmayüllü liseyin və Kimya, biologiya təmayüllü liseyin nəzdində yaradılmış  Beynəlxalq   olimpiadalara  hazırlıq mərkəzlərində xüsusi proqram əsasında hazırlıq prosesindən keçiblər. 2014-cü ildən etibarən Təhsil Nazirliyinin müvafiq əmri əsasında yaradılmış mərkəzlərdə artıq 4 ildir ki, şagirdlər beş müxtəlif fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə iki fərqli yaş qrupu olmaqla hazırlıqlara cəlb olunurlar. 200-dən çox şagirdin dinləyici olduğu bu mərkəzlərə müxtəlif dövlət və özəl məktəblərin şagirdləri dəvət edilir. Tədris ilinin əvvəlində namizədlər arasından seçilən şagirdlər ali məktəblərin, ayrı-ayrı institutların alim və professorlarının, eləcə də əcnəbi mütəxəssislərin dərslərində iştirak edirlər. Olimpiadalara hazırlıq mərkəzləri yerli və ölkədən kənarda bir neçə ali məktəblə sıx əməkdaşlıq yaradaraq, nəzəri və praktiki dərslərin hazırlığı prosesini davam etdirməkdədir.   

 

 Oruc MUSTAFAYEV