Məhsəti Zeynalova: “Xalqa faydalı nəsil yetişdirmək qürurvericidir”


Məhsəti Zeynalova 1980-ci ildə Goranboy rayon Şadlı kəndində dünyaya gəlib. 1997-ci ildə Gəncə Dövlət Universitetinin ibtidai təhsilin pedaqogika və metodikası ixtisasına qəbul olub. 2000-ci ildə Goranboy rayon Şadlı kəndində müəllimlik fəaliyyətinə başlayıb. 2008-ci ildən isə Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etdirir.

 

- Məhsəti xanım, uzun illərdir ki, müəllimlik fəaliyyətilə məşğulsunuz və müəllimliyin sizə qazandırdıqları nələr olub?

- Artıq 22 ildir ixtisasım üzrə ibtidai sinif müəllimiyəm. Müəllimlik peşəsini  sevərək seçmişəm. Düşünürəm ki,  şagirdlərimə münasibətimdə, özümün də nə vaxtsa uşaq olduğumu unutmadan davranmağı, onlarla dost olmağı, uşaqların dünyasını anlamaqla cəmiyyətə, xalqa faydalı nəsil yetişdirmək kimi şərəfli peşədə qətiyyətlə addımlamağı qazandırıb mənə.

 

- eTwinning layihəsi üzrə keyfiyyət nişanı əldə edibsiniz. Bu və bu kimi hansı layihə və görüşlərdə iştirakınızı sadalaya bilərsiniz?

- Müəllim hər zaman öz üzərində çalışmalıdır. Dəyişən dünyamızda buna həqiqətən ehtiyac var. Bütün bu qeyd etdiklərimə uyğun olaraq mən İTE (İnnovativ Texnologiyalar üzrə Əlavə Təhsil Mərkəzi) təlimçisi olmuşam. Bununla belə “eTwinning” layihəsində 2020-2021 və 2022-2023-cü tədris  illərində “ Keyfiyyət nişanı” ilə təltif olunmuşam. Bundan başqa “Microsoft Education Center” (müəllim bacarıqlarının artırılması üzrə) MİE Expert nominasiyasının 2021-2022 və 2022-2023-cü tədris illərində qalibi olmuşam. Yeni başladığımız tədris ilində isə artıq təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalibi olaraq yeni layihə icra edəcəyəm. “İnkluziv siniflərdə animasiya” adlı layihəm şagirdlərdə rəqəmsal bacarıqların artırılması məqsədi daşıyır. Bundan başqa mən EYUDER (Eğitim Yöneticileri Uzmanları Derneyi) üzvüyəm.

 

- Bir müəllim kimi fərqli təlim və görüşlərdə hansı təcrübəni əldə edibsiniz?

- Müəllim daimi axtarışda olmalıdır. Peşəmlə bağlı yenilikləri öyrənmək mənim gündəlik tələbatımdır, deyərdim. İştirak etdiyim, istər yerli, istərsə də beynəlxalq təhsil görüşləri, təlimlər, elmi konfranslar və layihələrdən əldə etdiyim yenilikləri dərslərimə tətbiq edirəm və bununla şagirdlərimi XXI əsr bacarıqlarına uyğun yetişdirməyə nail oluram.

 

- Fənninizi tədris edərkən hansı yenilik və innovasiyalardan yararlanırsınız?

- Hazırki informasiya bolluğunda şagirdlərin diqqətini dərsə, elmə yönəltmək asan deyil. Bunun üçün,  onları birlikdə, əməkdaşlıq edərək layihə əsaslı öyrənməyə yönləndirirəm. Beynəlxalq “eTwinning” platforması layihə əsaslı öyrənmə üçün ən gözəl vasitədir. Artıq ikinci ildir ki, bu platformada şagirdlərimlə işlədiyimiz layihələr beynəlxalq nailiyyət  qazanır. Hər bir müəllim innovativ vasitə və üsullardan istifadə etməklə dərslərini maraqlı, şagirdlərin diqqətini çəkəcək  formada  keçə  bilər.  Çalışmaq lazımdır ki, hərtərəfli inkişafa nail olaq. Müəllim özünü inkişaf etdirməli və bu, daimi olmalıdır. Bu yanaşma savadlı və bacarıqlı şagirdlərin yetişdirilməsinə geniş meydan açacaq.

 

- Sizə stimul verib, motivasiya edən nədir?

- Mənə əsas stimul verən müəllimlik adıdır. İbtidai sinif şagirdləri yaş kateqoriyasına görə kiçikyaşlı olduqları üçün onlarla çalışmaq xüsusi olaraq zövqvericidir. Bundan başqa 22 il ərzində dərs keçdiyi şagirdlərin müxtəlif peşələrdə özünü doğrultmuş görmək, bir müəllim üçün, ən gözəl stimul, motivasiyadır. Müəllim  uşaqları  həyata  hazırlayandır. Bu iş nə qədər çətindirsə, o qədər də faydalıdır. Xalqa, cəmiyyətə faydalı nəsil yetişdirmək isə qürurvericidir!

 

Raminə MƏMMƏDOVA,

Gəncə-Daşkəsən RTİ-nin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi