Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin tələbələri ilə təhsil eksperti, Əməkdar elm xadimi, tanınmış alim və ictimai xadim, professor Şahlar Əsgərovun görüşü keçirilib.

 

Görüşdə AzTU-nun prorektoru, professor İsa Xəlilov qonağı tələbələrə  təqdim edib və bildirib ki, Şahlar Əsgərovla görüş tələbələrin təşəbbüsüdür.

 

Xüsusi texnika və texnologiya fakültəsinin dekanı Ramiz Hüseynov bir müddət əvvəl Şahlar Əsgərovun şəxsi kitabxanasından fakültə tələbələrinə hədiyyə etdiyi kitabları yada salaraq deyib ki, artıq tələbələrlə dəyərli professor arasında səmimi münasibət formalaşıb. Ramiz Hüseynov çıxışında fakültə haqqında və mühəndis kadrların hazırlanması ilə bağlı aparılan işlər, xüsusilə Müdafiə Sənayesi Nazirliyi ilə həyata keçirilən əməkdaşlıq barədə məlumat verib. 

 

Daha sonra Şahlar Əsgərov tələbələrə "Tərəqqinin fəlsəfəsi" mövzusunda mühazirə oxuyub. Professor mühazirədə, əsasən, biliyin qiymətləndirilməsi və qiymətləndirmə modelləri, kamillik, təhsilin və elmin mahiyyəti kimi məsələlərə toxunub.

 

Şahlar Əsgərov mühazirəsi zamanı özünün yeni nəşr olunan “Kamilləşən bəşəriyyət” adlı kitabından sitatlar gətirib və toxunulan bəzi məsələlərin geniş izahı ilə bağlı kitabda yer alan araşdırmalar haqqında məlumat verib.

 

Bundan əlavə, alim gənclərlə özünün həyat təcrübəsini də bölüşüb. Şahlar Əsgərov tələbələrə bir sıra məsələlərlə, xüsusiilə güclü ailə fərdi olmaqla bağlı tövsiyələrini çatdırıb.

 

Tələbələri maraqlandıran suallar cavablandırıldıqdan sonra iştirakçılara “Kamilləşən bəşəriyyət” kitabı hədiyyə olunub.

 

Görüşdə Xüsusi texnika və texnologiya fakültəsinin qış imtahan sessiyasında ən yaxşı nəticə göstərən qrupu fəxri fərmanla təltif olunub. 

 

Sonda İsa Xəlilov tələbələrin dəvətini  qəbul edib öz fəlsəfi fikirlərini onlarla bölüşdüyünə görə Şahlar Əsgərova minnətdarlığını bildirib və görüşdən xatirə olaraq rəsmi təşəkkürnamə təqdim edib.