Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən tələbələr üçün icbari tibbi sığorta ilə bağlı infosessiya keçirilib.

 

Görüşdə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev diqqətə çatdırıb ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması və əhaliyə zəruri tibbi xidmətlərin göstərilməsi işini təkmilləşdirmək məqsədilə 2021-ci ildən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Prorektor qeyd edib ki, hər bir vətəndaş sistemdən yararlanmaqla keyfiyyətli tibii xidmətdən istifadə edə bilər. Bu baxımdan müvafiq hədəf qrupları, o cümlədən tələbələrlə maarifləndirmə işinin aparılması olduqca əhəmiyyətlidir.

 

Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Pərvin Baxşəliyeva və agentliyin əməkdaşı Emil Lətifov icbari tibbi sığortaya müraciət və istifadə qaydası, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xidmətlər haqqında ətraflı məlumat veriblər.

 

Sonda tələbələr tibbi sığortadan istifadə ilə bağlı suallarını ünvanlayıb və xidmət keyfiyyətinin artırılması ilə bağlı onlayn sorğuda iştirak ediblər.