Peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, təlimlər Türkiyənin  İzmir, İstanbul, Ankara, Bursa və Antalya şəhərlərində yerləşən müxtəlif peşə təhsil müəssisələrində 2 həftə ərzində həyata keçirilir. Təlimlərin təşkilində əsas məqsəd müəllim-pedaqoji heyətin ixtisas biliklərinin təkmilləşdirilməsi ilə yanaşı, müasir tədris yanaşmaları ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsidir. Təlimlərdə 11 peşə təhsili müəssisəsinin 32 müəllimi iştirak edir. Azərbaycanın Türkiyədə yerləşən səfirliyinin dəstəyi ilə həyata keçirilən təlimlər İKT, nəqliyyat vasitələrinin təmiri, qaynaq, moda dizayn, mebel sənayesi, dizayn və digər ixtisas sahələrini əhatə edir. Təlim iştirakçıları qardaş ölkədə peşə təhsil müəssisələrində tədris prosesində aktiv iştirak etməklə yanaşı, sektor üzrə qabaqcıl müəssisə və təşkilatlara təşkil edilən səfərlərdə müasir texnologiyalar ilə də tanış olurlar.

 

Təlimlərdən sonra iştirakçılar tərəfindən qazanılmış təcrübənin bölüşülməsi üçün Azərbaycanda silsilə görüş və seminarların təşkili nəzərdə tutulur.

 

Qeyd edək ki, ötən il “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” imzalanıb. Sözügedən sənəd iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva edir.