“Peşə təhsili və insan kapitalı” jurnalının redaksiya heyəti ilə oxucularının görüşündə bu müzakirə olundu


Elm və Təhsil Nazirliyinin pedaqoji orqanı “Peşə təhsili və insan kapitalı” jurnalının redaksiya heyəti ilə oxucularının görüşü olub. Görüşdə peşə təhsilinin ictimai statusu, onu yüksəltməyin yolları və  jurnalın bu istiqamətdə rolu müzakirə edilib. İctimai müzakirəyə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili siyasəti və məzmunu şöbəsinin müdiri Zaur Əliyev, elm adamları, ayrı-ayrı sahələrin mütəxəssisləri, peşə və orta ixtisas təhsili müəssisələrindən metodistlər qatılıb.

 

“Heydər Əliyev İli”nə bir töhfə

 

Jurnalın baş redaktoru Şahbaz Balakişiyev “Gənc fəhlə” bülleteni kimi çıxdığı gündən ötən 53 il ərzində sözügedən mətbuat vasitəsinin keçdiyi yola nəzər salıb. Baş redaktor jurnalın işıq üzü gördüyü tarixlə növbəti 2023-cü il arasında bağlantı quraraq gələn ilin planlarından danışıb: “Jurnalın çıxması ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəldiyi ilə təsadüf edib. Ona görə də mən bu jurnalı Ulu Öndərin peşə təhsilinə hədiyyəsi hesab edirəm. Elə bu tədbirimiz də “Heydər Əliyev İli”nə bir töhfədir. Biz gələn il keçirilməsi nəzərdə tutulan oxucu konfransımızı “Heydər Əliyev və peşə təhsili” mövzusuna həsr etməyi planlaşdırmışıq. Jurnalımızın oxucuları ilə görüşlərimiz növbəti il də davam edəcək və hətta regionlarda da təşkilini planlaşdırırıq”.

 

“Peşə təhsili və insan kapitalı”  adı ilə 2017-ci ildən nəşr olunduğunu vurğulayan baş redaktor jurnalın məqsəd və fəaliyyət istiqamətləri ilə yanaşı, problemlərindən də danışıb. Səhifələrində daha çox elmi-pedaqoji məqalələrə üstünlük verildiyini, ayrı-ayrı peşə sahələri, peşə təhsilində yenilikləri əhatə edən sənətkar sözünə, mütəxəssis yazılarına isə böyük tələbat olduğunu qeyd edib. Jurnalın fəaliyyəti dövründə mütəmadi olaraq bu ehtiyacın hiss edildiyini vurğulayan Ş.Balakişiyev yeni ildən redaksiya heyətində planlaşdırdıqları dəyişikliklərə də diqqət çəkib.

 

Uğura pay qatanlar

 

Diskussiya şəraitində keçən tədbirdə jurnalın işində fəal iştirak edən Vidadi Xəlilov, Rəsul Əsgərov, Şahrza Ağayev, Fatma Çandirova, Hikmət Camalov və başqaları fikirlərini paylaşıb, təkliflər veriblər. Bildirilib ki, elmi-praktiki, metodiki jurnal  olan “Peşə təhsili və insan kapitalı”nda  pedaqogika, texnika, iqtisadiyyat, informatika, ekologiya və digər fundamental elm bölmələri üzrə məqalələr, metodiki yazılar verilir ki, həmin yazılar ayrı-ayrı sahələri öyrənənlər üçün bələdçi ola bilər. “Jurnalın oxucuları belə bir mətbu orqanın ildə 4 dəfə çıxmasının az olduğunu, ildə heç olmasa 6 dəfə gözlədiklərini bildiriblər: Jurnal pedaqoji mətbuat, həm də metodiki vəsait, dərslik kimi bizə kömək edir. Hər kəsə məlum olduğu kimi, peşə təhsili sahəsində bəzən ədəbiyyat problemi ortaya çıxır ki, biz bu tələbatı jurnal vasitəsi ilə ödəyirik. Ona görə də jurnalın çıxmasını həvəslə gözləyirik”.

 

Tədbirdə ötən dövr ərzində əldə etdiyi uğurlar və bu uğurlarda payı olanlar da unudulmayıb. Beynəlxalq Standart  seriyasına sahib, Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına diplomuna layiq görülən jurnalla əməkdaşlığa görə Naxçıvan Muxtar Respublikasına ünvanlanan xüsusi təşəkkür məktubu oxunub, redaksiya heyətinin üzvləri, redaksiyaya yazılar göndərən elm adamları və mütəxəssislər, həmçinin oxucular arasında fərqlənənlər təltif edilib.

 

Ruhiyyə DAŞSALAHLI