Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) memarlıq fakültəsinin məzunu, I Qarabağ müharibəsi şəhidi Fuad Əsədovun 50 illik yubileyi təhsil aldığı universitetdə qeyd olunub. Tədbirdə şəhidin ailə üzvləri, komandirləri, döyüş yoldaşları, AzMİU-nun rəhbərliyi, memarlıq fakültəsinin müəllim və tələbələri iştirak ediblər.

 

Tədbir iştirakçıları əvvəlcə Fuad Əsədovun təhsil aldığı fakültədəki barelyefi önünə əklil qoyub, onun xatirəsini ehtiramla yad ediblər.

 

Bədii hissədən öncə şəhidin tələbə vaxtı çəkdiyi əsərlərdən və memarlıq fakültəsinin tələbəsi Nabat Əsgərovanın əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Sonra AzMİU tələbələrinin ifasında şəhid Fuad Əsədovun şeir və nəğmələri əsasında hazırlanmış bədii kompozisiya nümayiş etdirilib. Bədii kompozisiyada şəhidin şeirləri səsləndirilib, onun həyat və yaradıcılığını, döyüş yolunu əks etdirən səhnələr yer alıb.

 

Tədbirin sonunda şəhidin anası Solmaz Əsədova, memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova, AzMİU-nun prorektoru Orxan Naqdiyev, şəhidin komandirləri və döyüş yoldaşları çıxış edərək, Fuad Əsədov haqqında xatirələrini bölüşüb, gəncləri şəhidlərimizin həyat yolunu dərindən öyrənməyə çağırıblar.