Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreyanın İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə birgə gerçəkləşdirilən ikili diplom proqramının (İDP) icra vəziyyəti ilə bağlı monitorinqlər keçirilir. Bu məqsədlə İNHA Universitetinin Qlobal Təhsil Layihəsi Qrupu ölkəmizdə səfərdədir.

 

Monitorinqlərin məqsədi BMU-da İDP üzrə təhsilin cari şərtlərinin yoxlanılması, rast gəlinən problemlərin diaqnostikası, proqramın təkmilləşdirilməsi üçün ideyalar layihəsinin hazırlanması, bununla da təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə nail olmaqdır.

 

BMU-İNHA İDP-nin 2021/2022-ci tədris ilini əhatə edən monitorinqin ilk günündə sözügedən tədris ilində proqrama qəbul olunmuş tələbələrin biliyinin ekvivalentlik qiymətləndirilməsi məqsədilə iki istiqamət - fizika və  riyaziyyat fənləri üzrə imtahan təşkil olunub.

 

Bundan əlavə, monitorinq çərçivəsində 2021/2022-ci dərs ilində proqram üzrə tədrislə məşğul olan müəllimlərdən dərs materialları, tədris proqramı, tələbələrin nəticələri və s. məlumatlar toplanılaraq analiz edilir. Eyni zamanda, proqramın iştirakçısı olan professor-müəllim heyəti ilə müsahibə aparılıb. Müsahibəyə BMU İNHA İDP-ni tədris edən BMU-nun 10 müəllimi cəlb olunub. BMU müəllimləri tədris proqramları, fənlərin tədrisi, laboratoriyalarla iş və s. məsələlərlə əlaqədar fikirlərini və qarşılaşdıqları çatışmazlıqları qeyd edib, təkliflərini bildiriblər.

 

Monitorinqin növbəti günündə proqram üzrə təhsil alan tələbələrlə müsahibələrin təşkili də nəzərdə tutulub.