ADNSU-da “HORIZON 2020” çərçivəsində tədbir keçirilib


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali məktəbin tərəfdaşı olduğu “HORIZON 2020” çərçivəsində ELECTRON layihəsinin və digər bu kimi layihələrin Azərbaycanda təşviqatı ilə bağlı “Enerji böhranı və kibertəhlükəsizlik” mövzusunda tədbir keçirilib.

 

Tədbirdə Avropa Komissiyasının təhsil və tədqiqat, enerji və kibertəhlükəsizlik istiqamətində nümayəndələri, bu istiqamətdə Avropanın nüfuzlu təşkilatları, o cümlədən HORİZON proqramının kibertəhlükəsizlik və təhlükəsiz enerji təsnifatına aid olan layihələrinin rəhbərləri, enerji provayderləri, kibertəhlükəsizlik təşkilatlarının nümayəndələri onlayn və oflayn şəkildə iştirak ediblər.

 

Tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, “Prosol” şirkətinin İdarə Heyətinin sədri və həmtəsisçisi Babək Ağayev, həmçinin Yunanıstanın inkişaf və investisiyalar üzrə nazirinin müavini Christos Dimas onlayn və oflayn formatda çıxış ediblər. Çıxışlarda müasir dövrdə kibertəhlükəsizlik, süni intellektə əsaslanan təhlükəsizlik sisteminin qurulması həmçinin ekoloji və enerji təhlükəsizliyi kimi qlobal əhəmiyyət daşıyan məsələlərə toxunulub, yeni metodların tətbiqi, alternativ enerji mənbələrinin istifadəsi, dayanıqlılığının artırılması və yeni hədəflərin müəyyən olunmasından danışılıb.

 

Tədbir plenar iclaslarla davam edib. İclaslarda Avropa Komissiyası nümayəndələrinin Avropada enerji krizisi istiqamətində çıxışları dinlənilib, Avropa və Azərbaycanın enerji provayderlərinin panel müzakirələri olub, həmçinin HORIZON 2020 proqramında iştirak edən uyğun istiqamətlərdə layihələrin təqdimatı, onların enerji provayderlərində informasiya təhlükəsizliyi istiqamətində həlləri nümayiş edilib.

 

Bundan başqa, tədbir çərçivəsində enerji provayderlərindən birinin sponsorluğu ilə “Secure Energy” (“Təhlükəsiz Enerji”) hakatonu keçiriləcək. Hakatonda ümumilikdə 100 nəfər 40 saat onlayn və oflayn formatda verilən tapşırıqları yerinə yetirəcək.

 

Qeyd edək ki, sözügedən hakaton Azərbaycan və Avropada enerji provayderlərinin kibertəhlükəsizliyi, smart texnologiyaların tətbiqi ilə enerji şəbəkələrinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində problemlərin həllinə yönələcək. İştirakçı komandalara həllərin hazırlanmasında Avropa və Azərbaycandan olan mentorlar dəstək göstərəcəklər.