16-19 dekabr 2022-ci il tarixlərində Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə yunan-Roma və sərbəst güləş üzrə U17 beynəlxalq “Təhsil” turniri keçiriləcək.


Bakı İdman Sarayında baş tutacaq yarışa uşaq-gənclər idman məktəblərindən, idman təşkilatlarından və xarici ölkələrdən komandalar qatılacaqlar.


Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Böyük Britaniya, Tacikistan, Qazaxıstan, İsrail və Fransadan ümumilikdə 200-dən çox idmançı iştirak edəcək.


Turnirin açılış mərasimi 16 dekabr saat 17:00-da Bakı İdman Sarayında baş tutacaq.


Yerli və əcnəbi hakimlərin idarə edəcəyi yarışın ilk iki günündə sərbəst, növbəti iki günündə isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Qarşılaşmalar hər gün saat 10:00-da başlayacaq.
 

Qeyd edək ki, turnirin keçirilməsində məqsəd güləşin məktəblilər arasında kütləviliyinin, yeniyetmə idmançıların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və bu idman növü üzrə yeniyetmələrdən ibarət ölkə və Təhsil Respublika İdman Mərkəzinin yığma komandalarına namizədlərin seçilməsindən ibarətdir.