ADPU-da ədəbi dərnəyin hesabat tədbiri keçirilib


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) filologiya fakültəsində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin 5 illik hesabat tədbiri keçirilib. Tədbirdə universitet rəhbərliyi, müvafiq strukturların rəhbərləri, habelə tanınmış şair, ədəbiyyatşünas alim professor Vüqar Əhməd, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva iştirak ediblər.

 

Əvvəlcə fakültənin foyesində “Meh” ədəbi dərnəyinin üzvləri tərəfindən canlandırılan klassik və müasir Azərbaycan şairlərinin obrazları qonaqları salamlayıb, milli adət-ənənələrimizi əks etdirən kompozisiyaya tamaşa edilib. Daha sonra ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova qonaqları ədəbi dərnəyin fəaliyyətini əks etdirən stendlə tanış edib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən ADPU-nun ədəbiyyat kafedrasının müəllimi dosent Qüdrət Umudov qeyd edib ki, professor Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılan “Meh” ədəbi dərnəyi fakültədə tələbə həyatının canlanmasına səbəb olub.

 

Dosent Q.Umudov bildirib ki, nəsr, poeziya və ədəbi tənqid bölmələri ilə fəaliyyətə başlayan ədəbi dərnəyin tərkibində bu gün əlavə olaraq musiqi, rəsm, rəqs, teatr və aktyorluq, bədii qiraət bölmələri də fəaliyyət göstərir: “”Meh” ədəbi dərnəyi bu müddət ərzində çoxsaylı respublika və beynəlxalq tədbirlərdə uğurla iştirak edib; ADPU-nun 100 illik yubiley tədbirinin bədii hissəsini, tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin yaradıcılıq və yubiley tədbirlərini təşkil edib, fəaliyyəti mətbuatda geniş işıqlandırılıb”.

 

Tədbirin bədii hissəsində tanınmış şairə Mahirə Nağıqızının "Qəlbimdəki məzar", "Sənli günlərim", "Xəyalımda", "Ağlama" kimi şeirləri səsləndirilib, Əməkdar artist Elnur Zeynalov, Gülzar Fərəcova, Almaxanım Əhmədli kimi tanınmış incəsənət nümayəndələri, fakültənin məzunu aşıq Ceyhun Qurbansoy və digərləri tərəfindən şeirlərə bəstələnən mahnılar, eləcə də xalq mahnıları, aşıq havaları muğamlar ifa olunub. Dərnəyin üzvləri Azərbaycan, ingilis və fransız dillərində xalq mahnısı "Sarı gəlin"i ifa ediblər.

 

Sonda professor Mahirə Hüseynova tərəfindən “Meh” ədəbi dərnəyinin sədri Raman İsmayılov  və üzvləri məhsuldar fəaliyyətə görə Fəxri fərmanla təltif olunub.