“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunur: “Müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu dövrdə ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin etmişdir.” 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin daha da möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə böyük inam vardır.

 

Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi hədəflərimizdəndir. Azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Bunun üçün təhsildə elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrində olan bilikləri gündəlik həyatda qarşıya çıxan problemlərin həllində fənlərarası inteqrasiya və layihə əsaslı öyrənmə vasitəsilə reallaşdırma metodikası zəruridir.

 

Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Sənəddə bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı üç məqsədə nail olunmalı ideyası irəli sürülür: XXI əsrin tələblərinə uyğun təhsil; yaradıcı və innovativ cəmiyyət; vətəndaşların sağlam həyat tərzi.

 

XXI əsrin tələblərinə uyğun təhsil üçün səciyyəvi olanlar: Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalı; təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalı; strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməli; erkən və məktəbəqədər təhsilin əhatə dairəsi genişlənməli və mərhələlərlə müvafiq yaşda olan bütün uşaqları əhatə etməlidir.

 

Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi, məzmun islahatlarının dərinləşməsi, inteqrativ tədris təcrübəsinin inkişaf etdirilməsi müasir çağırışlara əsaslanır. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunması qaçılmazdır.

 

Təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından bu sahədə səriştələrin aşılanmasına diqqət yetirməsi, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələrin verməsi zərurəti yaranır.

 

İnsanların yüksək keyfiyyətli təhsil almaq imkanlarının genişləndirilməsi, kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşması, peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmalıdır.

 

Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlılığı təmin olunmalıdır. Aparılan nəzəri və praktik səciyyə daşıyan araşdırmalardan aydın olur ki, dünya təhsilinin keyfiyyət baxımından səviyyəsinin yüksəldilməsində alimlərimiz ümumilikdə fəaliyyət prosesində baş verən əməliyyatların sisteminə daha çox diqqət göstərirlər. Lakin həmin dəyişikliklərin səmərəli həllində iştirak edən tərəflərin (öyrədən və öyrənən) normal iş görmə qabiliyyətlərinin təminatına uyğun enerji amili ilə bağlı elmi fikirlər demək olar ki, pedaqoji mövzu olaraq tədqiqata geniş cəlb edilmir. Pedaqoji prosesdə təlimin başlıca məqsədi öyrənənlərin şüurunda dünyanın düzgün, dolğun mənzərəsini yaratmaq, onların intellektual inkişafını və tərbiyəsini təmin etməkdir. Bir anlığa dərindən düşünsək, məlum olar ki, qarşıya qoyulan məqsədin uğurlu həlli ilə əlaqədar yaranan ziddiyyətlərin müəyyənləşdirilməsi, onların aradan qaldırılmasının qanunauyğunluqları, hərəkətverici qüvvələrin tapılması, müvafiq prinsiplərin və metodların müəyyənləşdirilməsi və s. mərhələlərin hər biri kifayət qədər mənəvi enerjinin hesabına reallaşmış olur. Təsəvvürlər, anlayışlar və qanunlar formasında dünyanı öyrənənlərin (şagirdlər, tələbələr) şüurunda əks etdirilməsi enerji hesabına yaranan qabiliyyətlərlə şərtlənir. Pedaqoji prosesdə didaktik məqsədə nail olmaq üçün istifadə olunan yollar təlim metodları olub, sosial-iqtisadi inkişafa yönələn enerjiyə əsaslanan qabiliyyətlə tənzimlənir.

 

Təhsildə təlim metodlarının təsnifatında vahidlik olmasa da, onlar bilik mənbələrinə (söz, əyani və praktik); didaktik vəzifəyə (yeni biliyin verilməsi, bilik və bacarıqların möhkəmləndirilməsi, yoxlanılması); öyrənənlərin dərketmə fəaliyyətinə (izahlı-illüstrativ, reproduktiv, problemli şərh, tədqiqatçılıq) və bir çox cəhətlərə görə ayırd edilir. İstifadə edilən hər bir metodun özündə müxtəlif tərzlərin (priyomların) birləşməsini nəzərə alsaq, onda bu prosesdə fəaliyyət zamanı sərf olunan enerjinin tamlığı zərurəti barədə düşünmək olar. Pedaqoji proses dedikdə, tərbiyə, təhsil, təlim və inkişafla bağlı həyata keçirilən texnoloji əməliyyatların məcmusu başa düşülür. Belə olan təqdirdə öyrənənlərin bilik və fəaliyyətinin sosial-iqtisadi problemlərin həllinə mənəvi enerji olmadan bu sahədə hər hansı bir məqsədin həllindən danışmaq olmaz. İctimai münasibətlərin məcmusu olan insan şəxsiyyəti təbiətə və cəmiyyətə müəyyən təsir etməklə (enerji hesabına) özü də dəyişir. Pedaqoji prosesdə təlim hazırlığının ümumi məqsədi şagirdlərin imkanları, yaş xüsusiyyətləri, yaxın inkişaf səviyyələri ilə sosial formalaşma vəzifələrini təmin etməkdir. Bunun üçün müəllimin pedaqoji təsiri (xarici qüvvə) şagirdin mənəvi aləmi ilə transformasiya (enerji çevrilməsi) olunaraq faydalı iş görməyə, fəaliyyətə yönəlir. Burada qarşıya qoyulan məqsəd öyrənənlərin idrak tələbatlarının təmin olunma obyektinə çevrilməsi onların aktiv fəaliyyətə qoşulmasının düz mütənasiblik asılılığı hərəkətverici qüvvədir. Pedaqoji prosesdə qarşıya qoyulan məqsədin şagirdin marağına çevrilməsinin səviyyəsi təlim hazırlığının sosial-iqtisadi şəraitdə enerji baxımından faydalılıq dərəcəsi ilə şərtlənir. Bu mühüm cəhət keyfiyyət göstəricisi olub müasir pedaqoji texnologiyanın predmeti kimi tədqiq olunmalıdır. Burada məsələnin bir şagirdin fəaliyyəti və kollektiv üçün (induktiv və deduktiv) tədqiqi xüsusi mahiyyət daşıyır. Təlim hazırlığı prosesində öyrənənlərin dərk edilmiş və dərk edilməmiş motivlərlə bağlı mənəvi enerji məsrəfində faydalılıq müqayisə edildikdə, məlum olur ki, bu nisbət daimi dəyişərək yaranan ziddiyyətlərin mahiyyətindən asılıdır. Məsələn, ibtidai siniflərdə oxuyan şagırdlərin insan kapitalına yönələn təhsilə marağı digər mərhələlərlə müqayisədə həmişə yüksək olur. Buna əsas səbəb kimi fənlərin əksəriyyətinin eyni bir müəllim tərəfindən tədris olunması və onların fiziki və zehni əməyin nəticələrindən zövq almalarıdır.

 

Problemlə bağlı konseptual səciyyə daşıyan tələblər irəli sürən akademik Mehdi Mehdizadənin sosial-iqtisadi mahiyyət daşıyan aşağıdakı  qanunauyğun fikirləri həmişə aktuallığını saxlayır: şagirdlərin sərf etdikləri hər növ əməyin, göstərdikləri hər növ fəaliyyətin təlim-tərbiyə məqsədlərinə, o cümlədən əmək tərbiyəsi məqsədinə xidmət edilməsi; şagirdlərin sərf etdikləri əməyin ictimai əhəmiyyətini dərk etmələri; şagird əməyinin onların qüvvə və imkanlarına uyğun olması; ictimai- faydalı işlərin və əmək tapşırıqlarının sistematikliyini və planlığını təmin etmək; şagirdlərin əmək fəaliyyətinin müxtəlifliyini təmin etmək; şagirdlərin ictimai-məhsuldar əməyinin kollektiv səciyyə daşıması.

 

Müəllim təlim hazırlığı prosesində şagirdin mənəvi gücünün səviyyəsini dəqiq təxmin etdiyi üçün onun enerjisini düzgün tətbiq etməyə, faydalılıq dərəcəsini yüksəltməyə nail olur. İnkişaf etmiş ölkələrdə təhsildə kurikulumun tətbiqinə həmişə diqqət göstərilir. Ona görə ki, təlim standartlarla həyata keçirilir, bilik və fəaliyyət arasında düz mütənasiblik təmin edilir, öyrənənlərin aktiv fəaliyyəti motivləşdirilir, faydalılıq yüksəldilir, enerji itkisi minimuma endirilir. Valideynlər birmənalı olaraq övladlarının təlim nəticələrinin yüksək səviyyədə olmasını arzu edirlər. Bu istəyi bütün şagirdlər üçün eyni dərəcədə reallaşdırmaq hər bir fərdin düşünməyə yönəltmə, dərketmə və düşünmə kimi idrak fazalarının malik olduqları enerji payı ilə əlaqədardır. Məsələn, ibtidai siniflərdə “Texnologiya”dan təhsil alanların fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsində səviyyələrə uyğun enerji sərfinin tənzimlənməsinə aid nümunə göstərməyi məqsədəuyğun sayırıq.

 

II sinif “Texnologiya”.

1. Emal texnologiyaları. 1.2. Emal prosesində hazırlıq işlərini yerinə yetirir. 1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir (alt-məzmun standartı).

 

Hazırlanacaq məmulata görə iş yerinin təşkilini nümayiş etdirir (təlim məqsədi); təşkiletmə (dərsin gedişində qiymətləndirmə aspekti);  məmulat, iş yeri (açar sözlər). Təlim hazırlığının enerji amili nəzəriyyə ilə praktikanın, yəni biliklə fəaliyyətin (standart) nə dərəcədə bir-birini tamamlamasında özünü aydın göstərir. Qeyd olunan məzmun standartının təlim prosesində reallaşdırılmasına cəlb edilən 100 şagirdin 60%-nin birinci və ikinci səviyyə, 25%-nin üçüncü səviyyə və 15%-nin dördüncü səviyyə nümayiş etdirmələri onların mənəvi enerjinin nə dərəcədə faydalı olması barədə təsəvvür yaradır. Bu, o deməkdir ki, müəyyən məsafəni qaçmağa cəlb edilən 100 nəfər ikinci sinif şagirdindən 15-i birinci, 25-i ikinci, qalanları isə əvvəlkilərdən sonra tapşırığa əməl etmiş olurlar.

 

Aparılan tədqiqatlar sübut edir ki, alınan nəticələrin keyfiyyət baxımından yüksəldilməsi üçün nəzəriyyə ilə praktikanın əlaqəsini təmin edən aşağıdakı fəlsəfi, pedaqoji və psixoloji qanunauyğunluqlar mühüm əhəmiyyət kəsb edir, enerjinin faydalılığını artırır, əlavə itkiləri (vaxt, çaşqınlıq, səhvlər) azaldır: Təlimin effektivliyi və keyfiyyəti praktika ilə yoxlanılır, təsdiq olunur, istiqamətləndirilir; təlimin nəticələrinin tətbiq sahəsi olan praktika həqiqətin meyarıdır, idrak fəaliyyətinin mənbəyidir;  böyüməkdə olan nəsli fəal dəyişdirici fəaliyyətə hazırlayan düzgün qurulmuş təhsil-tərbiyə həyatın, praktikanın özündən doğur;  şəxsiyyətin formalaşmasının effektliyi təlim hazırlığında enerjinin texnoloji fəaliyyətə cəlb edilməsi, onun məzmunu, növləri, formaları və istiqamətləri ilə müəyyən olunur; şagirdlərin əmək və istehsal fəaliyyəti nə qədər dolğun olarsa, onların ümumi hazırlığının keyfiyyəti bir o qədər yüksək olar.

 

Bu ideyanın mahiyyətində xüsusi yer alan əmək, istehsalat, fəaliyyət kimi açar sözlərdən bir daha aydın olur ki, qazanılan nailiyyətlər insanda qabiliyyət yaradan mənəvi enerjidən asılıdır. Hər bir insanın normal fəaliyyəti onun yaşına uyğun olaraq gündəlik rejimə daxil olan tələblərin həyata keçirilməsindən asılıdır. Aparılan müşahidələr göstərir ki, gün ərzində rejimə əməl etməyən şagirdin təlim hazırlığı aşağı səviyyədə olur. Şagirdlərdə gözlənilən qabiliyyətlərin inkişafı məhz öz fəaliyyətini rejimə uyğunlaşdırmaqla bağlıdır.

 

Müasir dərsin ilkin mərhələsi motivasiya ilə başlanır. Müəyyən problemlə məktəbə gələn, hər hansı səbəb üzündən normal vəziyyətdə olmayan, istedadlı şagird üçün müsbət motivin olması mümkünsüzdür. Çünki onun rejimi pozulub. Pedaqogika və psixologiya elmləri şagird şəxsiyyətinin inkişafı ilə əlaqədar araşdırmalar aparır, yeni-yeni qanunauyğunluqlar müəyyənləşdirir, prinsiplər, metodlar irəli sürür. Bütün problemlərin nüvəsində hərəkətverici mənəvi güc dayanır. Bu barədə zəruri addımların həyata keçirilməsini kurikulum islahatında görmək olur. Bu da həmin konseptual sənədin inteqrativ, nəticəyönümlü və şagirdyönümlü xarakterə malik olmasındadır. Vaxta qənaət, resursların və informasiyaların insanların maraq və mənafelərinə xidmət etməyə yönəldilməsi məhz faydalılıq əmsalının artırılmasına xidmət edir. Ümumtəhsil fənn kurikulumlarının əhəmiyyəti, məqsəd və vəzifələrində qeyd olunan bu başlıca cəhət aparıcı rol oynayır. Şagirdlərin təlim hazırlığında texnoloji bilik və bacarıqlara yiyələnmələri, öz fəaliyyətlərində itkiyə  yol vermədən onlardan səmərəli şəkildə məqsədyönlü istifadə edə bilmələri bütün dünyada qarşıya qoyulan vəzifə kimi diqqətdə saxlanılır. “Texnologiya”nın bir fənn kimi ümumtəhsil məktəblərində tədrisi bu zərurətdən irəli gəlir. Təlim hazırlığında nümayiş olunan bacarıqlar şagirdlərin qabiliyyətlərinin göstəricilərini əks etdirir. Məsələn, ibtidai sinif şagirdləri “Texnologiya” fənninin məzmun xətləri üzrə aşağıdakı bacarıqları müxtəlif səviyyələrdə nümayiş etdirmiş olurlar. Sadalama, adlandırma və tanıma bacarıqları; Seçmə, müəyyənləşdirmə, fərqləndirmə, izahetmə, şərhetmə, təşkiletmə və münasibət bildirmə bacarıqları; Hazırlama, əməletmə, tərtibetmə, təqdimetmə, nümayiş etdirmə, təsvirçəkmə bacarıqları. Məzmun standartları fəaliyyət baxımından idraki, emosional və psixomotor bacarıqlara bölünür. Qeyd olunan bacarıqlar deklarativ, prosedural, konteksual biliklər hesabına yaranır. Kurikulum nəzəriyyəçiləri standart (bilik və fəaliyyət) tərtib edənlərə kömək üçün təhsilə yararlı olan idraki, emosional və psixomotor taksonomiyanın mərhələlərini ifadə edən feilləri müəyyənləşdiriblər. Enerji ilə bağlı olan, hərəkət bildirən feillər bacarıqların ifadə edilməsində başlıca göstəricidir. Feil bacarığın taksonomiyanın hansı mərhələsinə aid olduğunu əks etdirir. Taksonomiyalar təlim hazırlığında prosesi ardıcıl və səmərəli qurmağa optimal şərait yaradır. Şagirdlərdə təlim hazırlığı prosesində mənəvi enerjinin canlı biliyin imkanlarının genişlənməsinə nail olmaq, müasir yanaşma texnologiyasına aid edilir. Fəaliyyətdə olan bilik daim faydalılığı ilə seçilir. Bu bilik yeni biliklərin yaranması üçün baza rolunu oynamaqla yanaşı, eyni zamanda müvafiq əməli fəaliyyət sahələrində tətbiq olunur. Cansız bilik yalnız başqalarının təfəkkürünün məhsuludur. Bilik hafizədən fikir faktına, canlı düşüncə prosesinin bir ünsürünə çevrildikdə o özü də canlanır. Daha sonra nəzəri və əməli fəaliyyətin təməlinə yönəlir. İnkişaf etmiş ölkələrin təcrübəsindən məlum olur ki, kurikulumların istinad etdiyi prinsiplərin həyata keçirilməsinə müasir pedaqoji texnologiyalardan səmərəli istifadə etməklə nail olmaq mümkündür. Ona görə ki, yeni pedaqoji texnologiyaların mahiyyəti və məzmununda həmin prinsiplər əks olunmuşdur. Bura daxildir:  şagirdyönümlülük; fəal müstəqil və birgə təlim fəaliyyəti imkanlarının yaradılması; təlimin inteqrativliyi; təlimin məzmun və nəticələrinin təlim alanların məktəbdən sonrakı həyat fəaliyyəti və cəmiyyətlə əlaqəli olması. Təlim fəaliyyətinin göstəricilərinin yüksək olması öyrənən üçün lazım olan gündəlik kalorinin təmin olunma miqdarından asılıdır. Təlim məqsədlərinə nail olmaq dərəcəsini izahetmə, fərqləndirmə, təsviretmə, ümumiləşdirmə, təbliğetmə meyarlar üzrə qiymətləndirmək olar. Hər bir meyara uyğun enerji payının fərqli olduğu nəzərə alınmalıdır. Dərsdə təlim məqsədlərinə nail olmaq üçün ardıcıl olaraq A, B, C, D mərhələləri üzrə texnoloji əməliyyatlar aparılmalıdır.

 

A - Verilən mətn və suallar əsasında maraq oyatma (motivasiya). Mövzu ilə əlaqədar tədqiqat sualının qoyulması (düşünməyə yönəltmə).

B - Mətnin dərslik üzrə oxunuşu tapşırığının icrası. Qrupların yaradılması. İş vərəqlərin paylanması. Tədqiqat sualının cavablandırılması (dərketmə).

C - Müəllim tərəfindən təşkil olunmuş müzakirə zamanı təlim məqsədlərinə aid sualların şagirdlər tərəfindən cavablandırılması (düşünmə).

D - Şagirdlərin diqqətinin tədqiqat sualına yönəldilməsi. Tədris olunan mövzunun tədqiq edilməsi ilə əlaqədar fərziyyələrə aydınlıq gətirilir, ümumiləşmə aparılır, zəruri tövsiyələr verilir. Sonda qiymətləndirmə təlim məqsədlərinə müvafiq olan meyarlara əsasən bacarıqlar üzrə aparılır.

 

Mövzu ilə əlaqədar aşağıdakı nəticələri söyləmək olar: Təhsildə öyrənənlərin bilik və fəaliyyətinin sosial-iqtisadi problemlərinin həlli enerji amili ilə şərtlənir; Təlimdə subyektlərin fəaliyyətinin onların mənəvi gücünə görə təşkili təhsildə keyfiyyəti yüksəldir; Öyrənənlərin pedaqoji prosesdə qarşıya çıxan ziddiyyətlərin aradan qaldırılması ilə hərəkətverici qüvvəsi onların malik olduqları enerjinin faydalılıq dərəcəsi ilə düz mütənasibdir;  Öyrənənlərin biliyinin bacarığa çevrilmə səviyyəsinə uyğun olaraq fərdi yanaşma enerji amilinin faydalılığını artırır; Müasir təhsil proqramlarında inteqrativ, nəticəyönümlü və şagirdyönümlü (tələbəyönümlü) xarakterə malik olması, vaxta qənaət, resursların və informasiyaların öyrənənlərin maraq və mənafelərinə yönəlməsi işgörmə qailiyyətinin, təlim əməyinin artırılmasına xidmət edir.

 

Şahrza AĞAYEV,

pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti