Naxçıvan Dövlət Universitetində (NDU) Tələbə Gənclər Təşkilatlarının I regional konfransı keçirilib.    

 

Əvvəlcə NDU-nun rektoru Elbrus İsayev, Azərbaycan Tələbə Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, İttifaqın baş katibi Orduxan Qəhrəmanzadə, Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti ərazi partiya təşkilatının sədri tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev və NDU Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımovun iştirakı ilə görüş olub. Tədbirdə tələbə təşkilatlarının fəaliyyəti, qarşıya qoyulan məqsədlər, həyata keçirilən layihələrdə  tələbələrin rolu və könüllülük proqramları müzakirə edilib.

 

Sonra ali təhsil ocağının Magistratura mərkəzində NDU, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Universiteti, Naxçıvan Musiqi Kolleci, Naxçıvan Tibb Kolleci və Naxçıvan Texniki Kolleci Tələbə Gənclər Təşkilatlarının uğur və fəaliyyətini əks etdirən kubok, medal, diplom və sertifikatlardan ibarət sərgiyə baxış keçirilib.

 

Akt zalında keçirilən tədbirdə giriş nitqi ilə çıxış edən rektor E.İsayev bildirib ki, ölkəmizin bütün sahələrində aparılan islahatlarda gənc nəslin rolu danılmazdır. Vurğulanıb ki, gənclərimizə olan dövlət qayğısının ən böyük təcəssümü Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin "Gənclər ili" elan olunması idi və bu gün ölkədə səmərəli fəaliyyət göstərən gənclər təşkilatlarının sayının artması, belə təşkilatlara ehtiyac gənclərin milli ruhda yetişdiyinin bariz göstəricisidir.

 

Universitetin Tələbə Gənclər Təşkilatının əldə etdiyi nailiyyətlərdən söz açan rektor təşkilatın il ərzində həyata keçirdiyi tədbirlər, icra olunan layihələr, intellektual yarışlar, olimpiadalar, müsabiqələr və təlimlərin tələbələrin bilik və bacarıqlarının təkmilləşdirilməsinə, onlarda idarəçilik qabiliyyətinin formalaşdırılmasına, tələbə ikən peşə bacarıqlarına yiyələnmələrinə xidmət etdiyini diqqətə çatdırıb.

 

Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev isə çıxışında deyib ki, Prezident İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Diqqətə çatdırılıb ki, Gənclər Fondu gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, ictimai fəallığının artırılması, gənclərin və gənclər təşkilatlarının 5 minə yaxın layihəsinin maliyyələşdirilməsi istiqamətində paytaxtda və regionlarda silsilə proqramlar həyata keçirir.

        

Digər çıxışlardan sonra konfrans Naxçıvan Musiqi Kolleci tələbələrinin hazırladığı musiqi nömrələrindən ibarət bədii hissə ilə davam edib.