Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Rektor Vilayət Vəliyevlə görüşən Gebhard Reul DAAD ilə AzTU-nun mövcud əməkdaşlığından və bu əlaqələrin genişləndirilməsindən danışıb.   

 

AzTU-da yeni yaradılan Alman mühəndislik fakültəsi barədə qonağa məlumat verən rektor Vilayət Vəliyev bu fakültənin fəaliyyəti çərçivəsində mövcud əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bildirib. Həmçinin elektroenergetika, bərpa olunan enerji texnologiyaları, metallurgiya, kibertəhlükəsizlik, süni intellekt və informasiya texnologiyaları sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb, bu istiqamətdə DAAD-ın mövcud proqramlarına müraciət ediləcəyini söyləyib.

 

Rektor Brandenburq Texniki Universiteti Cottbus-Senftenberg (BTU Cottbus-Senftenberg) ilə magistatura və doktorantura səviyyələrində imzalanan ikili diplom müqavilələrindən də bəhs edib və bu əməkdaşlığın həyata keçirilməsində DAAD-ın dəstəyini xüsusi vurğulayaraq minnətdarlığını bildirib.    

 

Daha sonra Gebhard Reul DAAD-ın magistratura proqramına müraciət edən namizədlərin müsahibə mərhələsinin mart ayında AzTU-da keçirilməsi üçün yaradılacaq şəraitlə tanış olub və dəstək üçün təşəkkürünü bildirib.