Naxçıvan Dövlət Universitetində “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda III respublika elmi konfransı keçirilib.

 

Konfransda  çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Prezident İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutub:” Bunu ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif tədbirlərdəki çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir”.

 

Rektor ali təhsil ocağında artıq üçüncü ildir keçirilən konfransın əhəmiyyətini vurğulayıb,  Azərbaycan dilinin saflığının qorunması və işlək mexanizmlərin təkmilləşdirilməsi istiqamətində müvafiq araşdırmaların aparılması üçün tövsiyələrini çatdırıb.

 

“Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil problemi” mövzusunda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əbülfəz Quliyev söyləyib ki,  Azərbaycan dilçilik elminin böyük bir dövrü Yusif Seyidovun adı ilə bağlıdır:”Dilimizdə qrammatik təhlilin bədii materiallar əsasında aparılması, söz birləşmələri ilk dəfə məhz bu görkəmli alim tərəfindən araşdırmaya cəlb olunub. Yazıcı və dil məsələsi Yusif Seyidovun yaradıcılığında böyük bir problem kimi qoyulub, görkəmli dilçi alim elmi fəaliyyətinin böyük bir hissəsini bu mövzuya həsr edib, bu problemin uğurlu şəkildə həllinə nail ola bilib”.

 

Naxçıvan Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Sədaqət Həsənova “Azərbaycan bədii dilinin özəllikləri (İslam Səfərlinin yaradıcılığı əsasında)” adlı çıxışında deyib ki, unudulmaz şairimiz İ.Səfərli Azərbaycan torpağını, təbiətini və onun insanının duyğularını ən ürəyəyatan bir mahnı kimi təqdim edən söz sənətkarı olub.

 

Sonra konfrans Naxçıvan Dövlət Universiteti, AMEA-nın Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, AMEA Naxçıvan bölməsi, Naxçıvan Universiteti, Naxçıvan Müəllimlər İnstitutundan professor-müəllim heyəti, doktorant və dissertantların qatıldığı 4 bölmə iclası ilə işini davam etdirib.