Nərgiz İsmayılova: “Yüksəliş” səni sırf peşəkar idarəçi, bir lider kimi qiymətləndirir”


Ölkəmizdə insan kapitalının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər yüksək peşəkarlıq səviyyəsinə, intellektual hazırlığına, müasir səriştə və bacarıqlara malik olan gənclərin dövlət idarəetmə qurumlarında təmsil olunması və irəli çəkilməsinə imkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən  keçirilən “Yüksəliş” müsabiqələrinin əsas məramı da dövlət idarəetməsinə peşəkarların cəlb olunmasıdır. “Yüksəliş”lə yüksələn gənclərdən biri də Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri Nərgiz İsmayılovadır. İkinci “Yüksəliş” müsabiqəsinin qalibi kimi N.İsmayılova ilə söhbətimizdə müsabiqənin gedişi, əhəmiyyəti və bir sıra məsələlərə aydınlıq gətirməyə çalışdıq. Müsahibimiz “Yüksəliş” müsabiqəsinin qalibi kimi elm və təhsil naziri Emin Əmrullayevin qəbulunda olub.

 

- “Yüksəliş” müsabiqəsində qalib gələnə qədər mən təhsil sahəsində işləməmişdim. Müsabiqədə qalib gəldikdən sonra təqdim olunan anketdə 3 mentor  seçməli idik. Elm və təhsil naziri Emin Əmrullayevin idarəetməyə olan yanaşması, metodikası mənə çox maraqlı olduğundan seçimlərimdən biri o idi. Xoşbəxtlikdən 2 mentorumdan biri məhz cənab nazir təyin olundu.  Biz  Emin Əmrullayev ilə artıq həm “Yüksəliş”, həm də Təhsilin İnkişafı Fondu olaraq bir neçə dəfə görüşmüşdük. Həmin görüşlərdə olduğu kimi, mentor görüşümüzdə də cənab nazir müzakirə olunan məsələlərə maraqlı yanaşma tərzi ilə diqqətimi çəkdi. Mən və Mustafa Hüseynov (digər qalib) nazirlə görüşdə mentor proqramından gözləntilərimizi, peşəkar həyatımızın növbəti mərhələsi üzrə planlarımızı, arzularımızı bölüşə bildik. E.Əmrullayev, eyni zamanda çox praktik bir şəxs olduğundan mentorluq proqramına da xüsusi məsuliyyət və tələbkarlıqla yanaşır.  Buna görə də düşünürəm ki, mentorluq proqramının sonunda önəmli olan məsələlər üzrə lazımi istiqamətləri almış olacağıq. İlk görüşümüzdə bizim elm və təhsilin inkişafı ilə bağlı mövzularımız oldu. Cənab nazir görüşdə təhsildəki cari problemlər, onların aradan qaldırılması üçün görülən işlər, yaxın 3-5, 10 ildə bizi gözləyən hədəflər barədə məlumat verdi, bizim də fikirlərimizi öyrəndi.

 

“Yüksəliş” unikal bir yarışmadır

 

- Artıq III “Yüksəliş” müsabiqəsinə start verilib. Müsabiqənin qalibi kimi bu prosesin gedişi  və onun əhəmiyyəti barədə nə deyə bilərdiniz?

-  “Yüksəliş” çox unikal bir yarışmadır. Müsabiqənin yarımfinal və final mərhələləri zamanı yaşadığımız anlar əvəzolunmazdır. Təsəvvür edin ki, yeni tanış olduğunuz müxtəlif xarakterli, idarəçilik tərzi olan komanda yoldaşlarınız ilə konsensusa gəlməklə çətin keysləri həll edirsiniz. Böyük şirkətlər bu tip məsələlərə həftələrlə, aylarla zaman ayırsa da, sizin bunun üçün maksimum 40-50 dəqiqə vaxtınız olur. “Yüksəliş”in digər önəmli məqamı iştirakçıların psixoloji portretinin çəkilməsi, idarəçilik tərzində olan müsbət tərəflər və çatışmazlıqların aşkar olunmasıdır. Bu, həqiqətən də hər zaman ələ düşən fürsət deyildir.

 

Müsabiqənin ilkin mərhələləri zamanı ümumi dünyagörüşü səviyyəsi testdən keçirilsə də növbəti mərhələlərdə qərarvermə, strateji düşünmə, komandada işləmə və kommunikasiya, yeniliklərin tətbiq olunması kimi təcrübə ilə formalaşan bacarıqlar yoxlanılır.  Qeyd etdiyim bacarıqların qazanılmasına isə bir çox faktor təsir edir: Mütaliə, təhlil, şəxsi keyfiyyətlərin kritik qiymətləndirilməsi, peşəkar mühitdə işləmə təcrübəsi və s.

 

“Müsabiqəyə qarşıma hər hansı xüsusi məqsəd qoyub qatılmamışdım”

 

- Belə bir müsabiqədə qalib gələcəyinizə inanırdınızmı və bu əminlik nə ilə bağlı idi?

- “Yüksəliş”ə qarşıma hər hansı xüsusi məqsəd qoyub qatılmadım. Sadəcə, mənə bu müsabiqədə iştirak etmək və hansı mərhələyə qədər irəliləyə biləcəyimi sınamaq maraqlı idi. Müsabiqənin ilkin mərhələləri namizədlərin dünyagörüşü ilə bağlı idi. Azərbaycan tarixi, dünya tarixi, coğrafiya, mədəniyyət və s. üzrə suallar verildi. Yalnız müsabiqənin əyani mərhələsinə daxil olanda prosesin nə qədər ciddi olduğunu anladım. Əyani mərhələdə hər bir namizəd kompüter arxasında ona verilən sualları cavablandırmalı idi. 4 saat davam edən imtahanda sualları, onların dəyərliliyini görəndə anladım ki, bu, idarəçilik və qərarvermə ilə bağlı yarışmadır. Mənim müsabiqəyə həvəsim də məhz əyani mərhələdə yarandı. Bu mərhələdə yaxşı nəticə əldə edib yarımfinala keçdim. Bakı Ekspo Mərkəzində keçirilən bu mərhələyə 12299 iştirakçıdan 317 nəfər vəsiqə qazanmışdı. Onların arasında özümü görmək çox xoş idi. Onu da deyim ki, həm yarımfinala, həm də finala keçən namizədlər dünyagörüşü və intellektual səviyyələrinə görə ölkənin beyin qaymaqları idi. Namizədlər dövlət, özəl, QHT, beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif ölkələrdə işləmiş şəxslər idi.

 

“Hər hansı bir sahədə peşəkarların olması mütləqdir”

 

- Ölkəmizdə gənclərin dövlət qurumlarında yüksək vəzifələrə təyin olunmasını necə qiymətləndirirsiniz?

- Əlbəttə, mən bunu çox müsbət dəyərləndirirəm. Bu məqama bir az da fərqli baxıram. Kifayət qədər təcrübəyə malik, bacarıqlı gənclərin yüksək vəzifələrdə təmsil olunması dövlət idarəetməsinə yeni baxışın, tərzin gətirilməsi, çevik və optimal qərarların verilməsi baxımından müsbət haldır. Digər tərəfdən mənə görə, ən gözəl hal həm də gənc liderin yanında daha təcrübəli, peşəkar sahəvi komanda üzvlərinin cəmləşməsidir. Hər bir sahədə, xüsusən də həyati vacib olan təhsil və səhiyyə sahələrində peşəkaların olması mütləqdir. Düşünürəm ki, gənc rəhbər və daha təcrübəli peşəkar komanda tandemi daha uğurlu və dayanıqlı nəticələrə gətirib çıxarır.

 

“Yüksək postlara irəli çəkilən gənclər arasında qadınlar da çoxdur”

 

- “Yüksəliş” qalibi olaraq karyera və fəaliyyət planlarınız barədə nə deyə bilərsiniz? Özünüzü daha çox hansı sahədə görürsünüz?

- Mən, ümumiyyətlə, karyeram ərzində daim gənclərin, xüsusən də, qadınların müstəqil bir fərd kimi formalaşmasına əhəmiyyət vermişəm, bu istiqamətdə olan layihələrə gücüm çatan qədər töhfə verməyə çalışmışam.

 

Xoşbəxtlikdən hazırda əməkdaşı olduğum Təhsilin İnkişafı Fondu sosial həssas qrupdan olan həmvətənlərimizin inkişafına dəstək olacaq dayanıqlı, maraqlı təşəbbüslərə imza atır. Hazırda olmalı olduğum yerdəyəm. Fond olaraq bizim layihələrimizdən biri gənc qızların təhsilinə dəstək layihəsidir. İstərdik ki, qızlarımız təhsilli olsunlar, müstəqil bir fərd kimi yetişsinlər, güclü olsunlar.

 

Bu layihəni biz artıq proqram kimi görürük. Hazırda layihənin genişləndirilməsi üzərində iş gedir. Çox sevinirəm ki, bu ana xətti geniş müstəvidə dəstəkləyə bilirik.

 

Biz Fond olaraq özəl sektor, beynəlxalq təşkilatlarla da münasibətlər qururuq, onlarla təhsilin dayanıqlı inkişafını dəstəkləyəcək fəaliyyət istiqamətlərimiz, layihələrimizin icrası üzrə əməkdaşlıq edirik.

 

1-ci “Yüksəliş”də 27 qalibdən 4-ü, ikincidə isə 22 qalibdən 5-i qadınlar idi.  Faiz etibarı ilə bir az artım olsa da bu göstəricinin daha çox artmasına zəmin vardır. Çünki son illərdə yüksək vəzifələrə, ölkəmiqyaslı layihələrin idarəçiliyinə təyin olunan gənclər arasında qadınların sayı çoxdur. Bu da çox təqdirəlayiq haldır. Mən bir xanım kimi buna görə çox sevinirəm.

 

“Bilik, bacarıq və təcrübə”

 

- “Yüksəliş” cəmiyyətə nə kimi mesajlar verir və qaliblərə nə qazandırır?

- Məncə, “Yüksəliş”in verdiyi ən böyük mesajlardan biri bacarıqlı, potensial həmvətənlərimizin dəyərləndirildiyini bildirməkdir. Sosial statusundan, mövqeyindən asılı olmayaraq yalnız bilik, bacarıq və təcrübə qiymətləndirilir. Ən böyük mesajlardan biri odur ki, əgər bilikli, bacarıqlı, yetərli qədər də təcrübəlisənsə, rəhbər olaraq ədalətli qərarvermə potensialın varsa, sən mütləq qiymətləndirilirsən. “Yüksəliş” səni sırf peşəkar idarəçi, bir lider kimi qiymətləndirir. 

 

Müsabiqənin digər mesajı isə odur ki, ədalət qalib gəlir.

 

Qaliblər nə qazanır?  Nəinki qaliblər, mən deyərdim ki, həm də yarımfinala vəsiqə qazananlar birinci növbədə yaxşı dostluqlar, yaxşı münasibətlər qazanırlar.  Yaxşı dedikdə, mən peşəkarlarla ünsiyyəti nəzərdə tuturam. Mən eyni ideologiyanı paylaşdığım, bir çox təşəbbüsdə mənimlə birgə olacaq yeni dostlar qazandım. İkinci qazancımız, əlbəttə, qalib olaraq mentorlardır. Mentorlarım olaraq elm və təhsil naziri Emin Əmrullayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə bir il ərzində əməkdaşlıq edəcəyəm. Onların dəstəyi ilə peşəkar bacarıqlarım, cari vəziyyət təhlil olunacaq, müvafiq tövsiyələr veriləcəkdir. Digər qazancımız isə 20 min manat məbləğində maddi mükafatdır. Mən o məbləğin bir hissəsini İngiltərə universitetlərindən birində magistratura təhsilimə sərf edəcəyəm.

 

Müsabiqə zamanı namizədin psixoloji portreti də çəkilir. Biz müvafiq testlərdən keçdikdən sonra əldə etdiyimiz hesabatda temperament, qabiliyyət, xarakterimiz, işçi və rəhbər kimi xüsusiyyətlərimiz müsbət və mənfisi ilə birlikdə çox gözəl izahlar verildi.

 

“Bütün bunlar məktəbdə qazandığım bacarıqlardır”

 

- Karyeranızda layihələrin rolunu necə qiymətləndirirsiniz?

- Mən Bakıdakı 275 nömrəli tam orta  məktəbin şagirdi olmuşam. Məktəb o vaxt üçün Suraxanı rayonu üzrə pilot məktəblərdən biri idi. Məktəbdə çox maraqlı tədbirlər keçirilir, eksperimental layihələr icra edilirdi. Məktəbdə layihə təşəbbüslərinin, tədbirlərin təşkilatçılarından biri də mən idim. Mən ilk növbədə  ibtidai sinif müəllimimə minnətdaram. “Yüksəliş” müsabiqəsinə qatıldıqda da demişdim ki, rəhbər lider kimi formalaşmağımda ibtidai sinif rəhbərimin böyük rolu olub. Sinif nümayəndəsi olmaqdan savayı, mən birinci sinifdən bir çox tədbirlərin - Novruz bayramı, Dünya Azərbaycanlılarının həmrəylik günü, yeni il, Ulu Öndərin doğum günlərinin təşkilatçı və aparıcılarından biri olmuşam. Məhz məktəb illərində mən planlama, komandanın idarə olunması, kommunikasiya, analitik düşüncə kimi bacarıqlara yiyələnmişəm.

 

İş həyatıma gəlincə, mən 10 ildən artıqdır ki, layihə idarəçiliyində çalışıram. Layihə idarəetməsinin nə demək olduğunu mən ilk iş yerimdə öyrəndim. Bu İsveçrənin əczaçılıq şirkəti (Octapharma) idi. Mən şirkətin Azərbaycan ofisində ofis meneceri kimi çalışmağa başladım, o zaman tələbə idim, 4-cü kursda oxuyurdum. Sonra potensialımı görüb məni layihə koordinatoru elədilər. Daha sonra layihə meneceri oldum. Layihə koordinatoru kimi daha çox bizim klinikalarla, həkimlərlə işləyirdim. Şirkət həkimlərin peşəkar inkişafı, onların təlimlərə yönləndirilməsi, ixtisasartırılması kimi təşəbbüslərinə dəstək olurdu. Layihə meneceri olduqda isə Gürcüstan və Türkiyədə şirkətin fəaliyyətinin qurulması və tənzimlənməsi üzrə məsul şəxslərdən biri idim. Beynəlxalq şirkət olduğu üçün komanda üzvləri müxtəlif millətlərin nümayəndələri idi. Bu da müxtəlif millətlərdən, mentalitetlərdən olan komandanın idarə olunması kimi lazımlı təcrübəni qazanmağıma təsir etdi.

 

“Layihə idarəetməsi yanaşması bütün sahələrdə, eləcə də təhsildə aktualdır”

 

- Təhsildə layihələrin əhəmiyyəti barədə nə deyərdiniz?

- Qarşıya qoyulan hədəflərə nail olmaq üçün hər bir müəssisənin müəyyən  strategiyası olur. Hazırda çevik dəyişən dünyada bu strategiyalara yenidən baxış edilir, onlar 3-5 il toxunulmaz qalmır. Hər bir qurumun olduğu kimi, Elm və Təhsil Nazirliyinin də yaxın 10 -15 ildəki dövrü əhatə edən bir strategiyası var: təhsil sistemimizi harada görmək istəyirik. Bu barədə nazirimizin çox gözəl ideyaları var. Bu ideyaların reallaşdırılmasının ən optimal yolu onlara layihə kimi yanaşıb idarə etməkdir. Belə olduqda, dəyişən məqamlara, gələcək çətinliklərə, risklərə çevik münasibət göstərə bilirsən. Ona görə layihə idarəetməsi yanaşması bütün sahələrdə, eləcə də təhsildə aktualdır. Hazırda çox gözəl təşəbbüslər irəli sürülür. Məsələn, “Məktəblinin dostu” layihəsini xüsusi qeyd etmək istərdim. Bu layihə gənclərimizin uşaqlıq yaşlarından müstəqil fikirli fərd kimi formalaşması, öz hüquqlarını tanımaları, özlərini müdafiə etmələri baxımdan mesajlar verir.

 

Digər önəmli layihələrdən “STEAM” və “Rəqəmsal bacarıqlar” layihələrini qeyd etmək istərdim. Bu layihələrin məqsədi uşaqlarımızın rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir.Təhsilverənlər üçün icra olunmuş layihələrdən ən önəmlisi, zənnimcə, təhsil işçilərinin əməkhaqlarının qaldırılması,onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdir.

 

“Fond olaraq bir neçə layihəni dəstəkləyəcəyik”

 

- Bizi hansı yeni layihələr gözləyir?

- Qeyd edim ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında hazırlanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na müvafiq olaraq Elm və Təhsil Nazirliyi öz qarşısında təhsilin bütün pillələrinin dayanıqlılığını təmin edəcək bir çox hədəflər qoyub. Onlardan xüsusi olaraq diqqətimi çəkənlərdən biri Azərbaycanda tədqiqatçılıq mədəniyyətinin möhkəmləndirilməsi, tədqiqatçılıq bacarıqları, potensialı olan universitetlərin formalaşdırılmasıdır. Fond olaraq hədəflərimizdən biri ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə səviyyəsinin yüksəldilməsinə dəstək olmaqdır. Məlumdur ki, universitetin reytinqinə bir çox faktor təsir edir. Eyni zamanda da tələbə və əməkdaşların,  elmi heyətin yazdığı məqalələr və onlardan sitatların gətirilməsi və s. Hədəflərdən irəli gələrək Fond olaraq, biz elmi məqalələrin yazılmasında da bir neçə layihəni dəstəkləyəcəyik.

 

- Deyək ki, yeni bir layihə yazmaq lazımdır. Şərti olaraq layihənin adını “Uğurlu məktəb” qoyaq. Belə bir layihəni  necə uğurlu etmək olar? Bununla bağlı fikirlərinizi eşitmək maraqlı olardı.

- İlk növbədə, layihənin, təşəbbüsün uğuruna və önəmliliyinə inanmaq lazımdır. İnam olan yerdə bir çox çətinliyin öhdəsindən gəlmək mümkündür. Digər önəmli məqam layihə üzərində birgə işlədiyin komandadır. Komanda üzvləri eyni dəyərləri paylaşdıqda digər məsələlər də həll olunur. Mənim üçün işlədiyim komandanın təcrübəsi və peşəkarlığı önəmlidir, lakin ondan da vacib məsuliyyət, işə sahiblənmək, bir-birinə dəstək kimi dəyərlərdir.

 

“Uğurlu lider uğursuzluğa pozitiv tərəfdən baxmalıdır”

 

- Sizcə, uğurlu idarəçi hansı keyfiyyətlərə malik olmalıdır?

- Zənnimcə, uğurlu idarəçi çalışdığı insanlara qarşı istiqanlı, məsələlərə qarşı isə soyuqqanlı davranmalıdır. Çünki liderin uğurunun böyük hissəsi onun komandasına məxsusdur. Uğurlu lider uğursuzluğa pozitiv tərəfdən baxmalıdır, hər bir uğursuzluğu fürsətə çevirməlidir. Lider təşəkkür etməyi bacardıqda uğurlarının sayı da artır, çünki minnətdarlıq və şükranlıq bəzən qaranlıq tunel kimi görünən situasiyalarda bizim yeganə işıq mənbəyimiz olur.

 

Mən hər zaman həyatımda baş vermiş çətinliklərə pozitiv baxmışam. Şükran olmuşam ki, bu da mənim çox çətin bir situasiyadan çıxmağıma kömək edib. 

 

Uğurlu insan, lider, başına gələn uğursuzluğu fəlakətə çevirmək əvəzinə ondan dərs çıxaran, uğursuzluğu fürsətə çevirə biləndir.

 

Oruc MUSTAFAYEV