12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğur qazanan məktəblilərimiz


Xəbər verildiyi kimi, 13-19 aprel tarixlərində Sloveniyanın Portoroz şəhərində 12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilib. 57 ölkədən 213 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub. Riyaziyyat fənnini əhatə edən olimpiadada şagirdlərimiz uğurla çıxış edərək 1 qızıl, 1 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. Azərbaycan komandasının əldə etdiyi qızıl medalı Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fidan Qarayeva, bürünc medalı Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Sevinc Mahmudova, “Həvəsləndirici mükafat” sertifikatlarını isə həmin liseyin XI sinif şagirdləri Fidan Cəfərli və Səfurə Ramizqızı əldə ediblər.

 

Onu da qeyd edək ki, yarışda 42 mümkün baldan hamısını toplayan 14 iştirakçılardan biri qızıl medal qazanan Fidan Qarayeva olub. Mükafata layiq görülən məktəblilərin hər biri ilə söhbətləşdik. Onlar öz təəssüratlarını, əldə etdikləri nailiyyətlərini, gələcək hədəflərini “Azərbaycan müəllimi”nə danışdılar. Onları tanıyaq.

 

“Olimpiadalar mənim təhsilimin mühüm hissəsi olub”

 

10 yaşından başlayaraq olimpiadalarda iştirak edən və EGMO-da qızıl medal qazanan Fidan Qarayeva FRİTL-in XI sinif şagirdidir. O, eyni zamanda, Massaçusets Texnologiya İnstitutuna (Massachusetts İnstitute of Technology) birbaşa qəbul alan məktəblimizdir. Fidan dəfələrlə beynəlxalq olimpiadalarda iştirak edərək medallar qazanıb.

 

2021, 2022 və 2023-cü illərdə Beynəlxalq Jautikov olimpiadalarında iştirak edərək gümüş medal qazanıb. 2022-ci ildə Avropa Qızlar Riyaziyyat Olimpiadasında qızıl, Dünya Riyaziyyat Olimpiadasında bürünc, Avropa Qızlar İnformatika Olimpiadasında isə bürünc medal əldə edib: “2019-cu ilin aprel ayında Kiyevdə keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasında bürünc medal qazanmışam və ilk dəfə olaraq Azərbaycana bu olimpiadadan medal gətirmişik. O zaman məsələnin birini çox uzun yolla həll etmişdim, həlli 11 səhifə yer tutmuşdu, məsələyə 3 saata yaxın vaxt sərf etmişdim. Cəmi 13 yaşım olsa da, məsələ qarşısında təslim olmamışdım. Heç vaxt gördüyüm işi çətinliyinə görə yarımçıq qoymamışam, ruhdan düşməmişəm. Ümumiyyətlə, hər zaman olimpiadalar mənim təhsilimin mühüm hissəsi olub”.

 

O qeyd edib ki, Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) iştirakı əsas hədəflərindən olan iyul ayında keçiriləcək Dünya Riyaziyyat Olimpiadasına (İMO) hazırlıq rolunu oynayır.

 

“Olimpiada mühiti özünü təkmilləşdirməyə şərait yaradır”

 

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Fidan Cəfərli uşaqlıqdan riyaziyyat fənninə böyük maraq bəsləyib. Bu da onu olimpiadalarda iştirak etməyə sövq edib. VI sinifdə Respublika Fənn Müsabiqəsində riyaziyyat fənni üzrə 1-cilərin 1-si olub. VII sinifdə fizika üzrə Respublika Fənn Müsabiqəsində qızıl medal qazanıb. VIII sinifdə riyaziyyat üzrə Respublika Fənn Olimpiadasında bürünc, IX və X sinifdə gümüş medal əldə edib. IX sinifdə Balkan Olimpiadasında gümüş medala, Avropa Kubokunda 2-ci yerə layiq görülüb. Fənn Müsabiqələrində uğurlu iştirakı Fidanın öz üzərində səylə işləməyinə, olimpiadalara daha ciddi hazırlaşmağına səbəb olub. Nəticədə o, 16-17 fevral 2022-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVIII Beynəlxalq Jautikov Olimpiadasından riyaziyyat üzrə bürünc medal qazanıb. 2022-ci ildə Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) iştirak edərək bürünc medal qazanıb. Fidan 13-19 aprel tarixlərində keçirilən yarışda bir balla medala düşə bilmədiyini, “Həvəsləndirici mükafat” sertifikatına layiq görüldüyünü qeyd edib: “Qəbul üçün bir neçə universitetə müraciət etmişəm. Toronto Universitetindən (University of Toronto) qəbul gəlib. Seçimi hələ etməmişəm. Başqa universitetlərdən də cavab gözləyirəm. Olimpiadalar insana daim bir-birinə dəstək olan, eyni zamanda bir-biri ilə rəqabətdə olan mühit, bu mühit isə iştirakçının özünü təkmilləşdirməsinə şərait yaradır”.

 

 

 

 

“Qalib olmağım gələcək hədəflərimə çatmağa stimul oldu”

 

7-ci sinifdən etibarən Elm və Təhsil Nazirliyinin, Beynəlxalq Olimpiadalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən dərslərdə iştirak etdiyini deyən Sevinc Mahmudova Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdidir. Riyaziyyat fənninə marağı uşaqlıqdan yaranıb və bu maraq onun daha böyük yarışlarda iştirak etməyi ilə nəticələnib: “Olimpiadalarda iştirak etməyim mənə kifayət qədər təcrübə qazandırdı, hər şeydən öncə məni yaxşı bir cəmiyyətin üzvü elədi. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə maraqlı insanlar tanıdım. Ümumiyyətlə, olimpiada sahəsinə 6-cı sinifdə Kenquru Olimpiadasında fərqlənməklə başladım. Respublika Fənn olimpiadalarında ötən il iştirak edərək gümüş medala layiq görülmüşəm. Bu qalibiyyət məni daha da həvəsləndirdi, 2022-ci ildə EGMO-da iştirak edərək “Həvəsləndirici mükafat” qazandım, bu il isə bürünc medala layiq görüldüm. Qalib olmağım mənə daim özümə inanmağa, gələcək hədəflərimə çatmağa stimul oldu”.

 

Növbəti illərdə daha yaxşı nəticə göstərəcəyinə  inanan Sevinc deyir ki, nədəsə uğur əldə etmək istəyiriksə,  heç  vaxt geri çəkilməməli, daim irəli baxmalı və çox çalışmalıyıq.

 

 

“Fənnə olan sevgi, uğurlara aparan yol”

 

Sözügedən olimpiadada “Həvəsləndirici mükafat” sertifikatına layiq görülən Səfura Ramizqızı da Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdidir. O, uşaqlıqdan  şahmatla məşğul olduğunu, riyaziyyat fənninə sevginin də buradan qaynaqlandığını bildirib. 6-cı sinifdən başlayaraq Respublika Fənn olimpiadalarında iştirak edib, elə həmin il riyaziyyat fənnindən bürünc medal qazanıb. VII sinifdə fizika üzrə gümüş, VIII sinifdə riyaziyyat fənni üzrə bürünc medala layiq görülüb. Ötən il, yəni X sinifdə oxuyarkən Avropa Qızlar Riyaziyyat Olimpiadasında bürünc medal qazanıb. Elə həmin ildə Respublika Fənn Olimpiadasında da müvəffəqiyyət əldə edərək bürünc medala layiq görülüb.

 

Hər bir məktəblini təbrik edir, gələcək inkişaflarında müvəffəqiyyətlər arzulayırıq. İnanırıq ki, şagirdlərimiz ölkəmizi, vətənimizi dünya arenasında layiqincə təmsil edəcəklər.

 

 

Tünzalə QULİYEVA