Ümummilli Liderin əsasını qoyduğu xaricdə təhsil ənənələri bu gün də yaşayır və qalib gəlir


“Azərbaycan gənclərini o vaxtlar Sovetlər İttifaqının çoxsaylı ali hərbi məktəblərinə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm. O vaxt mən inanırdım: Vaxt gələcək ki bu kadrlar Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər...”

 

Heydər ƏLİYEV

 

Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı yolundakı titanik xidmətlərindən biri də 1970-80-ci illərdə şəxsi təşəbbüsü və daimi qayğısı sayəsində Azərbaycandan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox tanınmış ali məktəbində respublikamızın iqtisadiyyatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratmasıdır. Ulu Öndər 1970-80-ci illərdə Azərbaycandan kənarda təhsil almış həmin mütəxəssisləri “Azərbaycanın yetirmələri”, “Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirərək onların potensial imkanlarının vahid amal - milli dövlətçilik məfkurəsi olan azərbaycançılıq ətrafında cəmləşdirilməsi, müstəqil Azərbaycanın sosial-siyasi, iqtisadi və mədəni quruculuğunda səmərəli istifadə olunması, bu tarixi-mədəni ənənələrin bərpası və yeni məzmunda - müstəqillik prinsiplərinə uyğun şəkildə inkişafına kömək məqsədilə həmin mütəxəssislərlə görüşməyin vacibliyindən danışarkən Azərbaycan gənclərinin I Forumunda (1996, 2 fevral) demişdir:

 

“Burada 70-80-ci illərdə hər il 800-900 nəfər gəncin Azərbaycandan kənarda olan təhsil ocaqlarına göndərilməsi yada salındı. Doğrudan da, hər il burada, bu salonda biz həmin gəncləri Moskvaya, Leninqrada, Kiyevə, başqa - başqa şəhərlərə yola salırdıq, onlara xeyir - dua verirdik, onlara yüksək təhsil almaq üçün, yaxud bizim respublikamızda olmayan ixtisasları mənimsəmək üçün həmin təhsil mərkəzlərinə göndərirdik. Bunlar öz bəhrəsini verir. Burada deyildi ki, indi həmin təhsil ocaqlarında təhsil almış, mütəxəssis kimi fəaliyyət göstərən şəxslərin cəmiyyəti yaranıb. Mən bu cəmiyyəti salamlayıram, ona çox böyük ehtiramımı bildirirəm və çalışacağam ki, bu cəmiyyətin üzvləri ilə görüşüm. Çünki vaxtilə belə kadrların hazırlanması üçün mən xeyli səylər göstərmişəm”.

 

1998-ci il avqustun 31-də Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin bir qrupu ilə Ulu Öndərin görüşü keçirildi və bu görüş müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevlə həmin nəslin nümayəndələri -özünün yetirmələrinin, haqlı olaraq “Heydər Əliyev kadrları” adlandırılan keçmiş məzunların, xalq arasında deyildiyi kimi, “inoqorodnik”lərin bayram təntənəsinə çevrildi... Ümummilli Lider görüşdəki dərin məzmunlu, parlaq nitqi ilə XX əsr Azərbaycan təhsili tarixinə qızıl hərflərlə yazılmış həmin milli-mədəni hadisələrə dair bir çox mətləblərə aydınlıq gətirdi, çağdaş təhsil salnaməmizin bu şərəfli səhifəsinə öz əbədi imzasını qoydu, bu sahədə keçilmiş yola yekun vuraraq qarşıda duran vəzifələrin aydın və mükəmməl konsepsiyasını verdi... 

 

Aydın oldu ki, 1970-80-ci illərin tarixi-mədəni əhəmiyyətli uğurlarından biri 70-ci illərin ortalarından başlayaraq hər il 800-900 nəfər, 80-ci illərin əvvəllərindən isə ildə 1000-1400 nəfərə qədər Azərbaycan gəncinin respublikadan kənardakı keçmiş SSRİ-nin məşhur ali məktəblərinə təhsil almağa göndərilmələri olub. Bu faktları, xüsusən 1970-80-ci illərdə Azərbaycanın sosial-iqtisadi və mədəni potensialının sürətlə gücləndirilməsi, bunun üçün respublikadan kənarda yüksəkixtisaslı mülki və hərbi mütəxəssislərin sistemli şəkildə hazırlanması sahəsində Heydər Əliyevin apardığı məqsədyönlü işləri, həyata keçirdiyi qlobal tədbirləri ətraflı təhlil edən siyasi analitiklərin gəldiyi “Heydər Əliyev hələ o illərdə SSRİ-nin dağılacağını və Azərbaycanın müstəqil dövlət olacağını görürmüş” kimi nəticənin doğruluğunu tarix və zaman təsdiqlədi...

 

Maraqlıdır ki, Ulu Öndər özü də həmin görüşdə bu faktı belə etiraf etmişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 1970-ci ildən başlamışdıq. Mən bu gün çox böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barədə düşünmüşəm, həmin illərdən başlayaraq gələcəyimiz haqqında düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə sizinlə görüşərək və problemlərlə daim şəxsən məşğul olaraq Azərbaycanın XXI əsri haqqında düşünürəm”.

 

Doğrudan da, bu, Azərbaycanın çağdaş tarixində Heydər Əliyev həqiqətlərinin təntənəsi, qələbəsi, milli təhsil və ziyalılıq tariximizin qızıl hərflərlə yazılmış şanlı səhifələridir. Heydər Əliyevin 1970-1980-ci illərdə respublikadan kənarda azərbaycanlı gənclərin təhsil almalarına geniş imkan yaratmasını və bu işə daim qayğı göstərməsini qiymətləndirərkən, onun tarixi dəyərinin miqyasını müəyyənləşdirərkən bu həqiqəti də etiraf etməliyik. Ulu Öndər Azərbaycandan kənara Vətən üçün ali təhsil almağa göndərilən azərbaycanlı gənclərin sayının ilbəil artırılmasının hansı çətinliklər və gərgin mübarizələr bahasına başa gəldiyindən danışarkən demişdir: “... Mən bu işə başladım, genişləndirdim. Özüm də təsəvvür etmədən gördüm ki, “Azərbaycan üçün yeni bir ali məktəb yaratmışam...”

 

Bu, tarixi həqiqətdir ki, bu rəmzi, simvolik ali məktəbin - universitetin yaradıcısı və rəhbəri Heydər Əliyev idi. Bu gün istər ölkəmizdə, istərsə də xarici ölkələrdə fəaliyyət göstərən həmin mütəxəssislər 1970-ci illərdə əsası qoyulan və 15 mindən çox yetirməsi olan Heydər Əliyev məktəbinin məzunları, Heydər Əliyev kadrlarıdır...

 

Hesab edirik ki, o illərdə bu yöndə görülən işlərin tarixi-mədəni və dövlətçilik baxımından önəmini, miqyasını və perspektivliyini dərindən dərk etmək üçün Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində (1969-1982-ci illər) respublikadan kənara ali təhsil almağa göndərilən gənclərlə bağlı bəzi statistik rəqəmləri yada salmaq yerinə düşərdi...

 

Belə ki, 1969-1970-ci tədris ilində respublikadan kənara 60 nəfər plana qarşı 47 nəfər göndərilmişdisə, Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində az müddətdə bu rəqəm 1969-cu illə müqayisədə 1975-ci ildə 14 dəfədən çox artaraq 700 nəfərə yaxın olmuşdur. 1975-ci ildən başlayaraq gənclərin respublikadan kənara ali təhsil almağa göndərilməsi daha intensiv xarakter almış və 1978-ci ildən respublikadan kənara hər il 800-900 gəncin göndərilməsinə nail olunmuşdu ki, bu da əvvəlki illərlə müqayisədə həm tələbə, həm ali məktəb, həm də ixtisasların sayı baxımından yüksək artım sürəti ilə seçilir.  Belə ki, təkcə 1977- ci ildə 1970-ci illə müqayisədə göndərilən tələbələrin sayı 14 dəfədən çox artaraq 818 nəfərə, ixtisasların sayı 5 dəfə artaraq 244-ə çatmış, ali məktəblərin sayı 140-a, ali məktəblərin yerləşdiyi şəhərlərin coğrafiyası genişlənərək 40-a yüksəlmişdir. Bu proses sonrakı illərdə də (1978-1982) intensiv olaraq artmış, 1978-ci illə müqayisədə 1982-ci ildə tələbələrin sayı 11 faiz çoxalmış, ali məktəblərin sayı 151-dən 170-ə yüksəlmiş, ixtisasların miqdarı 244-dən 250-yə qalxmış, ən zəruri istiqamətlərin sayı 80-ə çatmışdır.

 

1970-1980-ci illərdə Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların yeri 1970-ci ilədək 40% təşkil edirdi. Heydər Əliyevin apardığı uzaqgörən siyasət, milli mənafe üçün mövcud imkanlardan bacarıqla istifadə sayəsində 1976-cı ildə göndərilənlər içərisində azərbaycanlıların real çəkisi 85%-ə, 1977-ci ildə 92%-ə, 1980-ci illərin əvvəllərində isə 97,6%-ə yüksəlmişdi. Bu, o dövr üçün nadir hadisələrdən biri idi, əslində böyük milli tarixi-mədəni nailiyyət idi və bu tarixi uğur xalqının taleyini hər zaman uca tutan Heydər Əliyevin adı və müstəsna xidmətləri ilə bağlı idi...

 

Ulu Öndərin 1970-1980-ci illərdə respublikadan kənarda milli kadr hazırlığı sahəsində apardığı siyasətin mühüm istiqamətlərindən biri də milli hərbi kadrların yetişdirilməsi yolundakı tarixi xidmətləridir. 1970-1980-ci illərin ən önəmli  hadisələrindən biri kimi indi müstəqillik dövründə ölkəmizdə çox zəruri olan ilk orta ixtisas və ali hərbi təhsil müəssisələrinin yaradılması ilə yanaşı, o illərdə keçmiş SSRİ-nin ali hərbi məktəblərinə azərbaycanlı gənclərin sistemli şəkildə göndərilməsi faktını qeyd etməliyik. Bunlar  Heydər Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilmişdir. Onun qayğısı ilə 1972-ci ildən etibarən hər il 300-400, 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərindən Azərbaycandan kənara ildə 800-900 nəfər gənc keçmiş SSRİ-nin böyük təcrübəyə malik ali hərbi məktəblərinə təhsil almağa göndərilirdi. Bundan əlavə, 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda C.Naxçıvanski adına hərbi məktəb yaradıldı və bununla da Azərbaycanda hərbi məktəblər şəbəkəsinin sonrakı inkişafında mühüm rol oynadı. Bu gün müstəqil Azərbaycanın milli ordusuna rəhbərlik edən və ya etmiş zabitlərin əksəriyyəti, məhz Heydər Əliyevin o illərdə təhsil almağa göndərdiyi məzunlardır. İstər Azərbaycandan kənarda, istərsə də respublika daxilində milli hərbi kadrların hazırlanması sahəsində Heydər Əliyevin xidmətləri əvəzsizdir. Nəzərə almaq lazımdır ki, məhz 1970-1980-ci illərdə yaradılan baza hərbi məktəbləri, eləcə də respublikadan kənarda təhsil almış milli kadrlar hesabına bu gün müstəqil Azərbaycanın ordu quruculuğu və milli hərbi təhsil sistemi məhz o illərdə yaradılan təməl üzərində formalaşmışdır.

 

Yeri gəlmişkən, burada bir tarixi məqama da toxunmaq istərdik. Ulu Öndər Azərbaycandan kənarda təhsil almış məzunlarla görüşündə milli hərbi təhsil sahəsində apardığı siyasətin hədəflərindən danışarkən demişdir: “Azərbaycan gənclərini o vaxtlar Sovetlər İttifaqının çoxsaylı ali hərbi məktəblərinə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm. O vaxt mən inanırdım: Vaxt gələcək ki bu kadrlar Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər...”

 

Şükürlər olsun ki, tarix və zaman bu dahi şəxsiyyətin uzaqgörənliklə söylədiyi ümummilli ideyaların doğruluğunu təsdiq etdi...

 

İftixar etməli haldır ki, 1970-1980-ci illərdə Heydər Əliyevin böyük uzaqgörənliklə istər mülki, istər hərbi ixtisaslar üzrə respublikadan kənar təhsil müəssisələrində kadr hazırlığı siyasətinin bu gün müstəqil Azərbaycanın xoşbəxt gələcəyi üçün nə qədər böyük əhəmiyyət daşıdığının, ümummilli, ümumdövlət miqyaslı əməl olduğunun canlı şahidi oluruq. Burada bu tarixi şəxsiyyətin millətinin taleyi ilə bağlı müstəsna xidmətlərinə aid bir örnəyə də toxunmadan keçinmək mümkün deyil. Yuxarıda xatırladığımız tarixi görüşdə Ulu Öndər bəyan etdi ki, o illərdə Azərbaycandan kənara oxumağa göndərilən gənclərin hamısının siyahısı şəxsi arxivimdə əziz xatirə sənədi kimi qorunub saxlanılır. Bəli, bu faktın özü bu böyük İnsanın xalqının gələcəyi olan gənclərə ürəkdən bağlılığının, canından əziz bildiyi xalqına olan sonsuz məhəbbətinin parlaq ifadəsidir...

 

Lakin Heydər Əliyevin 1982-ci ilin sonunda Moskvada işə keçməsi, Sovetlər Birliyinin ali rəhbərliyində ölkənin bütün təhsil sisteminə də nəzarət etməsi bu sahədə işlərə təkan versə də, bu tarixi işin miqyası 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində ölkədə baş verən siyasi proseslər səbəbindən tamamilə unuduldu. Sonrakı hadisələr, xüsusən Moskvada rəhbər vəzifədən uzaqlaşdırıldığı illərdə, eləcə də 1990-cı ilin iyulunda Vətənə - Azərbaycana - Naxçıvana qayıdışı Heydər Əliyevin təhsilə, o cümlədən respublikadan kənar təhsilə qayğısını nəinki azaltmadı, əksinə artırdı. Təkcə onu demək kifayətdir ki, Naxçıvana rəhbərliyi dövründə öz təşəbbüsü ilə hələ 1992-ci ildə 75 nəfər naxçıvanlı gəncin Türkiyənin ali məktəblərində təhsil almağa göndərilməsinə nail olmuşdu...

 

Lakin həmin dövrdə Azərbaycanda təhsil sahəsində geriləmə, tənəzzül prosesi gedirdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə  Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışı həmin proseslərin qarşısını aldı. Xarici ölkələrdə azərbaycanlı gənclərin ali təhsil almaq təcrübəsi yenidən canlandı. Bunu demək kifayət edər ki, onun prezidentliyi dövründə ölkəmizdən kənara 100-dən çox ixtisas üzrə müxtəlif hökumətlərarası tələbə mübadiləsi proqramları və şəxsi təşəbbüslər hesabına 4 mindən çox azərbaycanlı gənc göndərilmişdir.

 

İftixar edilməli haldır ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan xaricdə təhsil ənənələri müstəqillik illərində uğurla davam etdirilmiş, bu dövrdə insan kapitalının inkişafı üzrə bir sıra Dövlət Proqramları gerçəkləşdirilmişdir. Belə ki, Prezident İlham Əliyevin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın 32 ölkəsinin 350-dən çox nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə, ümumilikdə 3558 azərbaycanlı gəncə dövlət təqaüdü verilmişdir. Bu Dövlət Proqramının uğurlu icrası ölkədə insan kapitalının milli sərvətdə payının artmasına, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına böyük töhfə verdi.

 

Ölkə Prezidentinin 11 noyabr 2018-ci il tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəfi qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycanın ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Bununla yanaşı, dövlət başçısının 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nda hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək azərbaycanlı gəncin xaricdə ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil almalarının təmin ediləcəyi gözlənilir.

 

Böyük iftixarla qeyd etmək istərdik ki, müstəqillik illərində xaricdə təhsil üzrə qəbul olunmuş üç dövlət proqramından birinin icrası bitmiş, fəaliyyətdə olan digər iki proqram üzrə isə indiyədək 900 nəfərə yaxın magistr və doktoranta dövlət təqaüdü verilmişdir. Bütün bunlar onu göstərir ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu xaricdə təhsil ənənələri bu gün də yaşayır və qalib gəlir.

 

Hesab edirik ki, “Təhsil millətin gələcəyi, milli dövlətin təməlidir” , - deyən Heydər Əliyev Azərbaycan dövlətçiliyindən, Azərbaycan tarixi və mədəniyyətindən, Azərbaycan elmi və təhsilindən ayrılmaz bir milli dəyər, milli Azərbaycan varlığında əbədi qalacaq tarixi şəxsiyyətdir. Ruhu şad olsun!..

 

Əsgər  QULİYEV,

ARTİ yanında Tədris Resursları Mərkəzinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim