“eTwinning” platformasında yaradılan həmin dərslər innovativ öyrənmə metodlarının tədrisdə istifadəsinə yol açır


Bu həftə müəllimlər rəqəmsal bacarıqlarından danışdılar. Özü də, sadəcə azərbaycanlı müəllimlər yox, 7 ölkədən - Albaniya, Bolqarıstan, Çex Respublikası, Finlandiya, Portuqaliya, Slovakiya və Sloveniyadan olan ümumilikdə 53 təhsil işçisinin qatıldığı “İnnovasiya və təhsil” adlı beynəlxalq seminar “eTwinning” layihəsi çərçivəsində reallaşdı və yaddaqalan çıxışlarla zəngin oldu.

 

Məlumat üçün qeyd edək ki, “eTwinning“ layihəsi Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və məktəbəqədər, orta məktəb və ali təhsil sahələrində çalışan təhsil işçilərinə peşəkar inkişaf təlimlərində iştirak, beynəlxalq əməkdaşlıq, ortaq dərs modelləri yaratmaq və Avropada ən böyük öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.

 

Layihədə Avropadan 44 ölkə iştirak edir. Azərbaycan 2013-cü ildən etibarən qonşuluq siyasətinə əsaslanaraq layihəyə qoşulub və indiyədək 1141 məktəbdən 4180 müəllimin iştirakı ilə 4445 layihə həyata keçirilib.

 

Hər ay iştirakçısı artan bu platformada müxtəlif fənlər üzrə müəllimlər təmsil olunurlar.

 

Seminarın açılış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli “eTwinning” layihəsinin təhsil sisteminə inteqrasiyası və ölkəmizdə uğurla icrasından danışdı. O, layihəəsaslı dərs modelinin qurulması və təcrübə mübadiləsinin aparılması baxımından layihənin əhəmiyyətini xüsusi qiymətləndirdi. Nazir müavininin sözlərinə görə, layihə çərçivəsində müəllimlər İKT-nin təhsilə səmərəli şəkildə tətbiqini öyrənir, onlayn peşəkar inkişaf imkanlarından faydalanırlar. 

 

Seminarda ayrı-ayrı ölkələrin layihə rəhbərləri “eTwinning” layihəsinin tətbiqi ilə əldə etdikləri uğurlardan,pedaqoji işçilərə yaratdığı imkanlardan bəhs etdilər. 

 

Həm xarici, həm də yerli mütəxəssislərin iştirakı ilə təlim və panel müzakirələr təşkil olundu. Müzakirələrdə İKT-nin təhsilə tətbiqi, layihəəsaslı tədris və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirməyin yolları araşdırıldı. Sonda iştirakçı müəllimlər “e-Twinning” platformasında innovativ öyrənmə metodlarının tədrisdə istifadəsinə yol açan ortaq dərs modelləri yaratdılar.

 

Müəllimlər “e-Twinning”in uğurlarından danışdılar

 

“eTwinning” layihəsinin tətbiqi ilə həm müəllimlər, həm də şagirdlər qazanır. Seminara qatılan müəllimlərin “Azərbaycan müəllimi”nə söylədikləri bunu təsdiq edir.

 

Ofeliya Qafarova: “Bir müəllim kimi İKT, ünsiyyət, təqdimat bacarıqlarımı inkişaf etdirdim”

 

220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi, layihənin səfiri Ofeliya Qafarova ilk ən böyük uğurunu bu platformada qazanıb. O, 2013-cü ildən layihədə öz məktəbini təmsil edir: “İlk dəfə Almaniya və Litva müəllimləri ilə əməkdaşlıq etdim. Layihəmiz Avropa keyfiyyət nişanı almışdı. Bir müəllim kimi İKT, ünsiyyət, təqdimat bacarıqlarımı inkişaf etdirdim. 1 il sonra İtaliyada keçirilən illik konfransa dəvət aldım. Ölkəmi və məktəbimi həmin konfransda təmsil etdim. Bu, ilk təcrübəm və ilk yaddaqalan uğurum idi. “e-Twinning” çərçivəsində bacarıqlarımızı artırmaqla biz müəllimlikdə fərqlənirik. Qazandığımız bacarıqları şagirdlərimizə aşılayaraq onların da fərqlənənlərdən olmalarına nail oluruq”.

 

İlze Viçeka: “Bacarıqlarımla yanaşı, dostluq əlaqələrimi də genişləndirdim”

 

İlze Viçeka Slovakiyadan qoşulub və layihəni, sadəcə müəllimlər üçün yox, həm də şagirdlər üçün yaxşı imkan kimi qiymətləndirir: “Layihə başlayandan əməkdaşlıq edirəm. Bu çərçivədə rəqəmsal bacarıqlarımla yanaşı, dostluq əlaqələrimi də genişləndirdim. İlk növbədə, əməkdaşlıq etdiyimiz ölkələrin şagirdləri ilə şagirdlərimizin əməkdaşlığı üçün gözəl imkandır”.

 

Aygün Muradova: “Onlar üçün də, bizim üçün də çox maraqlı təcrübə oldu”

 

Bakı şəhəri 156 nömrəli məktəbin müəllimi Aygün Muradova 3 ildir layihəyə qoşulsa da, artıq barəsində danışacağı böyük fəaliyyət var: “Ötən il İtaliya, Sloveniya, Xorvatiya, Tunis, Slovakiya, Türkiyənin qatıldığı layihədə şagirdlərimiz onlara verilən fəaliyyət istiqaməti üzrə komanda şəklində tapşırıqlar yerinə yetirdilər. Onlar üçün də, bizim üçün də çox maraqlı təcrübə oldu. Bu platformaya qoşulduğum 3 il ərzində bir çox vebinarlar təşkil etmişik. Bir neçə dəfə tərəfdaş ortaq tapmaq üzrə beynəlxalq seminarlarımız olub. Həm öz layihəmlə çıxış etmişəm, həm də başqa ölkələrin müəllimləri ilə əməkdaşlıq edərək layihələrimizi inkişaf etdirmişik. Hesab edirəm ki, uşaqların tənqidi düşünmə bacarıqları, İKT bacarıqlarının inkişaf etdirilməsində rolum olub”.

 

Yan Rui: “Layihələrimizin kurikuluma inteqrasiyasını da təmin edirik”

 

Portuqaliyalı müəllim Yan Rui 2006-cı ildən bu platformadadır. Finlandiya, Çexiya, İspaniya kimi ölkələrin müəllimləri ilə birgə layihələr icra edib: “Müəllimlər arasında təcrübə mübadiləsi üçün çox gözəl imkandır. Layihələrimizin kurikuluma inteqrasiyasını da təmin edirik”.

 

Mətanət Əhədova: “Bu əməkdaşlıq bizə uğurlar - çoxlu sertifikatlar, mükafatlar qazandırıb”

 

Bakı  Avropa  liseyinin  ingilis  dili  müəllimi  Mətanət  Əhədova  da  “e-Twinning”-in Azərbaycan üzrə səfiridir: “2013-cü ildən qoşulduğum layihədə 2 dəfə Avropa mükafatına layiq görülmüşəm. Bu əməkdaşlıq bizə uğurlar - çoxlu sertifikatlar, mükafatlar qazandırıb. Ən vacibi, şagirdlərimə fərqli bacarıqlar aşılamışam. Bu layihə bizə başqa ölkələrin müəllim və şagirdləri - məktəbləri ilə dostluq əlaqələri yaratmaq imkanı verib. Xüsusən, Rumıniya, Türkiyə, İsveç, Portuqaliya, Gürcüstan məktəbləri ilə sıx əməkdaşlıq edərək birlikdə layihələr həyata keçirmişik”.

 

“Həm başqa ölkələrin müəllimlərinin metodlarını öyrəndik, həm də öz yeniliklərimiz barədə onlara məlumat verdik”

 

Nazir müavini Həsən Həsənli layihə çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirir. O, “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, istər Azərbaycan müəllimlərinin beynəlxalq təcrübəni öyrənməsi, istərsə də, Azərbaycanda həyata keçirilən islahatları dünya müəllimlərinə təqdim etmək baxımından layihə çox faydalıdır: “Bu layihədə iştirak müəllimlərdən həm dil bilikləri, həm İKT bacarıqları tələb edir. Layihə çərçivəsində başqa ölkələrin müəllimləri ilə tanışlıq, onların maraqlı layihələrini görmək imkanımıız yarandı. Düşünürük ki, layihənin əhatə dairəsi genişlənərsə, beynəlxalq təcrübədəki ən yaxşı metodların, ən yaxşı bacarıqların ölkəmizdə də mənimsənilib tətbiq edilməsi üçün münbit şərait formalaşacaq”.

 

Nazir müavini nəticə barədə danışarkən müəllim üçün öyrənmənin ömürboyu davam edən proses olduğunu da vurğulayıb: “İstənilən halda, öyrənmək bitmir. Günün birində müəllimlərin müəllimliyə hazır olacağını düşünə və ya deyə bilmərik. Çünki müəllimlər daim öz üzərində işləməlidirlər və layihə məhz bu fürsəti yaradır. Ən yaxşı bacarıq və yenilikləri öyrənmək fürsəti iştirakçı olan hər ölkənin müəllimi üçün eynidir”.

 

Nazir müavini H.Həsənli mayın 17-də başa çatan seminarın işini də dəyərləndirib. Onun fikrincə, müəllimlər üçün səmərəli keçdi: “Tədbirdə iştirak etmək üçün 7 ölkədən müəllimlər gəlib. Bu, onlar üçün də Azərbaycan təhsilində həyata keçirilən islahatlarla tanış olmaq fürsətidir. Həm başqa ölkələrin müəllimlərinin təcrübə və metodlarını öyrəndik, həm də yeniliklərimiz, gördüyümüz işlər barədə onlara məlumat verdik. Məsələn, STEAM təhsilinin tətbiqi istiqamətində görülən işləri qürurla təqdim etdik”.

 

Ruhiyyə DAŞSALAHLI