Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Haqdan gələn səs - Dahi" adlı tədbir-tamaşa nümayiş olunub.

 

Kollecin akt zalında keçirilən tədbirdə Ulu Öndərin zəngin həyat və fəaliyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində qazandığı böyük Zəfərdən bəhs edən videoçarxlar nümayiş etdirilib.

 

Daha sonra kollec tələbələrinin rol aldıqları "Haqdan gələn səs - Dahi" adlı tamaşa təqdim olunub. Ümummilli Liderin mənalı ömrünə, siyasi fəaliyyətinə həsr olunmuş tamaşa iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Tədbirin davamında tələbələrin ifasında Ulu Öndərə, Vətənə, Qarabağa həsr olunmuş şeirlər, mahnılar səsləndirilib.

 

Tamaşadan sonra mərasim iştirakçıları qarşısında çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov yaradıcı heyəti təbrik edib, nümayiş olunan tamaşadan məmnun qaldığını bildirib. Rektor deyib ki, bu tamaşa zəngin ömür yolu ilə fəxr etdiyimiz Ulu Öndərin irsinin öyrənilməsi və təbliği baxımından çox əhəmiyyətlidir. Çıxışının sonunda rektor tələbələrə elmi yenilikləri dərindən öyrənməyi, bilik və bacarıqlarını artırmağı, fəal və ləyaqətli vətəndaş olmağı tövsiyə edib.

 

Sonda kollecin direktoru dosent İsrayıl İsgəndərov rejissora və tələbə-gənclərə tamaşanın yüksək səviyyədə təqdimatına görə təşəkkür edib.