Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

 

Kosmik hava durumu ilə bağlı bildirilib ki, hesabat dövrü ərzində Günəş aktivliyi orta səviyyədə olub, M sinif alışmalar üstünlük təşkil edib.  Maksimum alışma 23 mayda baş vermiş M 3.08 sinifli alışma olub.  Hesabat dövrü əzrində alışmalara bağlı olaraq II tip və IV tip radioemissiya qeydə alınıb.  Günəş ləkələri artaraq 10 ləkə qrupu və 153 ləkə olub. Yerə istiqamətlənmiş bir neçə CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları)  qeydə alınıb. Həmçinin  Günəşin səthində  Tac dəliyi  müşahidə olunur.

 

Enerjisi 2 MeV-dən çox olan elektron seli həftə ərzində yüksək səviyyədə (max: 4253 pfu),  10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.

 

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 628 km/san qeydə alınıb. Planetlərarası maqnit sahəsinin qiyməti azalaraq hesabat dövrünün əvvəlində Yer orbitində 10 nT,  radial istiqamətdə isə  -7 nT olub, sonra isə bir qədər də azalıb. Hal-hazırda Günəş küləyinin sürəti normallaşaraq 376 km/san, planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 6.8 nT,  radial istiqamətdə isə 3.3 nT təşkil edir.

 

Hesabat dövründə bir neçə Yerə istiqamətlənmiş komponentə malik Tac Kütlə Atılmaları baş versə  də, Yerə çatana qədər zəifləmiş və geomaqnit qasırğası baş verməyib. Ancaq Yerin xarici radiasiya qurşağına təsir edərək enerjisi 2 MeV-dən böyük olan zərrəciklərin hesabat dövrü ərzində yüksək səviyyədə qalmasına səbəb olub.  Hal-hazırda geomaqnit sahəsi sakitdir (Kp=1).   

 

Kosmik hava proqnozuna gəlincə, proqnoz günlərində (30 may - 04 iyun) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif isə 10% təşkil edir.

 

2 MeV-dən çox enerjili elektron selinin yenə də yüksək səviyyələrə qalxacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin yüksələrək S1 səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı var.

 

Günəş küləyinin sürətinin mənfi qütblü CH HSS  (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən sürətlənəcəyi gözlənilir.

 

Geomaqnit sahəsinin CH HSS-in  təsiri ilə 31 may - 01 iyun tarixlərində aktiv olacağı,  01-04 iyun tarixlərində isə geomaqnit qasırğası (G1) gözlənilir.