Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) inşaat fakültəsinin nəzdində  fəaliyyət göstərən  “AzMİU Academy”nin ilk məzunlarının təltif edilməsi mərasimi keçirilib.

 

Universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, inşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, inşaat fakültəsinin dekan müavini Tural Əliyev və tələbələr iştirak ediblər.

 

Tələbələrin mühəndis proqramlarının mənimsənilməsinə olan ehtiyaclarının ödənilməsi məqsədilə fəaliyyətə başlayan “AzMİU Academy”də ödənişsiz olaraq “Autocad”, “3D Max”, “Adobe İllustrator”, “Adobe Photoshop”, “Corel Draw”, “Ofis” proqramları tədris olunub.

 

“AzMİU Academy”nin ödənişsiz kurslarına ilk gündən 172 tələbə müraciət  edib. Bunlardan 64 nəfəri inşaat, 27 nəfəri memarlıq, 33 nəfəri su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri, 15 nəfəri nəqliyyat, 21 nəfəri tikinti-iqtisad, 12 nəfəri isə mexanika və informasiya texnologiyaları fakültələrinin tələbələri olub.

 

Çıxışlarda  layihənin təhsil keyfiyyətinin yüksəldilməsinə, tələbələrin mühəndis proqramlarını daha yaxşı mənimsəməsinə, səmərəli təhsil mühitinin yaranmasına, müasir təhsil texnologiyalarının formalaşmasına təkan verəcəyi vurğulanıb.

 

Qeyd edək ki, hazırda kurslara yeni tələbələrin qeydiyyatı aparılır.

 

Mərasimin sonunda “AzMİU Academy”ni  müvəffəqiyyətlə bitirən tələbələrə sertifikatlar təqdim olunub.