Biləsuvar rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Uşaqlar dünyanın sevincidir” adlı tədbir keçirilib.

        

Şirvan-Salyan Regional Təhsil İdarəsindən aldığımız məlumata görə,  tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini yad ediblər.

 

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov uşaqların bizim gələcəyimiz olduğunu söyləyib. Bildirib ki, dünyanın hər yerində uşaqlara qayğı göstərilməsi və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü uzun illərdən bəri bütün dünyada qeyd olunur və hər bir dövlət uşaqları qorumağı, onları müdafiə etməyi özünün əsas vəzifəsi sayır.

 

Regional təhsil idarəsinin müdiri Sənan Mənsimli, Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı çıxış edərək uşaqları təbrik ediblər.

 

Qeyd olunub ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb; uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Vurğulanıb ki, uşaqların qayğısız böyüməsi, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması dövlətin vəzifələrindən biridir.

 

Tədbirdə uşaqların əl işlərindən ibarət sərgi nümayiş etdirilib, onların ifasında rəqs nömrələri və mahnılar təqdim olunub.                                                                      

 

Şakir CƏFƏROV