Ceyhun KƏRƏMOV: “Beynəlxalq əməkdaşlıq çərçivəsində təcrübə proqramlarını artıracağıq”


Artıq yüksək texniki peşə və texniki peşə səviyyəsində təhsil alanlara da təhsil tələbə kreditinin verilməsi mümkün olacaq. 2023-2024-cü tədris ilində peşə təhsilində gözlənilən ən böyük yeniliklərdən biri peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin bu kreditlərdən faydalanacağıdır. Bu da peşə təhsilinə əlçatanlığı artıracaq, peşə təhsili almaq istəyənləri həvəsləndirəcək. Və hədəfə gedən yol daha da qısalacaq.

 

Hədəfə gedən yoldan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov son 5 ilin rəqəmlərinə istinad edərək danışıb. “Həmin rəqəmlərdən görünür ki, hər il peşə təhsili müəssisələrinə qəbulda 10 faizdən çox artım olub. 2026-cı ildə 2021-ci illə müqayisədə tələbə sayı təxminən 50 faiz artacaq: “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda peşə təhsili sahəsində tələbə qəbulunun artırılması nəzərdə tutulub. Proses bu sənədə uyğun gedir. 2022-2023-cü tədris ilində bizim tələbə qəbulumuz 19 min olub. Hazırda 2023-2024-cü tədris ili üçün tələbə qəbulunu planlaşdırırıq. Növbəti tədris ili üçün 26 min yerin ayrılması nəzərdə tutulur. Yəni, 2026-cı ildə tələbə sayı təqribən 28 minə çatacaq”.

 

Artan tələbi ölkəmizdəki 95 peşə təhsili müəssisəsi ödəyə bilirmi? Ən müasir avadanlıqlarla təchiz olunma və beynəlxalq standartlara uyğun peşə təhsili vermək imkanına malik Bakıda 5, Bərdədə 1, Qəbələ və Gəncədə 2, İsmayıllıda 1 müasir peşə təhsil müəssisəsi olduğunu nəzərə alsaq, bu istiqamətdə inkişafa nail olma planları maraq doğurur. C.Kərəmov planlardan birinin artıq reallaşmaq üzrə olduğunu deyib. Onun sözlərinə görə, müasir peşə təhsil müəssisələrinin siyahısına tezliklə Cəlilabadda fəaliyyətə başlayacaq daha bir müasir peşə təhsili müəssisəsi də qatılacaq. Müəssisə kənd təsərrüfatı və müəyyən sənaye sahələrini əhatə edəcək, ölkəmizdə özünün heyvandarlıq ferması olan ilk peşə təhsili müəssisəsi olacaq: “Bu da tələbələrin müasir istehsalat proseslərini öyrənməsinə imkan verəcək”.

 

Lənkəran şəhərində də yeni peşə təhsili müəssisəsinin tikintisi gedir. C.Kərəmovun sözlərinə görə, ilk dəfə olaraq burada yataqxana ilə yanaşı, müəssisəsinin özünün mehmanxana kompleksi olacaq: “Lənkəran iqtisadiyyatında turizmin rolunu nəzərə alaraq, orada turizm ixtisasları üzrə təhsilə üstünlük veriləcək”.

 

İşğaldan azad olunan ərazilərdə peşə təhsili

 

Planlar arasında ən vacib istiqamətlərdən biri işğaldan azad olunmuş ərazilərdə peşə təhsilinin təşkilidir. Ötən il  Füzulidə bünövrəsi qoyulan müasir peşə təhsil liseyində iqtisadiyyatın inkişaf prioritetlərinə uyğun ixtisaslara üstünlük verilib: “Burada sənaye, kənd təsərrüfatı ilə yanaşı, yeni ixtisaslar da tədris olunacaq. Məsələn, burada PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik. Dron təmiri üzrə emalatxanalar qurulur, tədris proqramı hazırlanır. Həmçinin aviasiya istiqamətində bir sıra ixtisaslar təklif etməyi düşünürük”.

 

Böyük şəhər və rayonlarda müasir peşə təhsili veriləcək

 

Reallaşmaq üzrə olan hədəflərdə bir çox rayonlarda peşə təhsili infrastrukturunu yeniləmək də var. 2026-cı ilə qədər Tovuz, Qax, Quba rayonları və Sumqayıt şəhərindəki peşə liseylərində yeniləmə işləri başa çatacaq və bununla da ölkəmizin əsas şəhər və rayonlarında keyfiyyətli, müasir peşə təhsili almaq mümkün olacaq.

 

Əlbəttə, peşə təhsilində keyfiyyətə nail olmadan müasirlikdən danışmaq, peşə təhsili müəssisələrinin nüfuzuna təsir etmək olmaz. Ona görə də təhsilalanlar üçün keyfiyyətli məzmun hazırlanır: “Son 5 ildə 60-a yaxın yeni təhsil proqramı hazırlanıb”.

 

C.Kərəmovun sözlərinə görə, bəzi ixtisasların forması dəyişib: “Bütün dövrlər üçün aktuallığını qoruyan dərzi hazırlığı indi moda-dizaynerlik ixtisası üzrə həyata keçirilir”.

 

Dəyişən təsnifat: artan tələb, yeni ixtisaslar

 

Müasirləşən müəssisələrdə, ilk növbədə, ixtisaslar yenilənir. Ad, forma, məzmunda dəyişiklik bir yana, hətta tamamilə yeni ixtisaslar meydana çıxır. C.Kərəmov peşə təhsili üzrə ixtisasların təsnifatında gözlənilən dəyişiklikdən sonra bir sıra köhnə ixtisasları daha görməyəcəyimiz kimi, xeyli yeni ixtisaslarla qarşılaşacağımızı vəd edir. Məsələn, əvvəllər çox geniş yayılan kassir ixtisası üzrə indi heç bir peşə təhsili müəssisəsində kadr hazırlanmır.

 

C.Kərəmov hesab edir ki, növbəti 20 il ərzində mövcud ixtisasların yarıya qədəri sıradan çıxa bilər: “Bir neçə il əvvəl 200-ə yaxın ixtisas üzrə qəbul aparılırdı. Ötən il qəbulda cəmi 129 ixtisas vardı. Bu, ixtisasların getdikcə azaldığı anlamına gəlmir. Bəzi ixtisaslar çıxarılır və yeniləri əlavə edilir. Təkcə İT sahəsi üzrə veb dizayner, elektronika ustası, kibertəhlükəsizlik, geyim üzrə dizayner və digər yeni ixtisaslar görürük. Bu il də bir sıra yeni ixtisaslar təklif ediləcək. İT, kənd təsərrüfatı sahəsində olan ixtisaslarda artım olacağı gözlənilir: “Yaşıl enerjiyə keçidin təmin edilməsi ölkəmizin əsas prioritetlərindəndir və bu, peşə hazırlığında nəzərə alınmaya bilməz. Ona görə gələn ildən günəş enerji panellərinin quraşdırılması üzrə texnik ixtisasını təqdim etmək istəyirik. Bir çox şirkətlərdən bizə bu ixtisas sahiblərinə ehtiyac olduğuna dair müraciətlər daxil olur. Yəqin ki, növbəti illərdə külək enerjisi ilə işləyən turbinlərin təmiri və istismarı üzrə mütəxəssislər hazırlayacağıq”.

 

Ümumiyyətlə, peşə təhsilində qəbul planlaşdırılarkən, ilk növbədə, əmək bazarının tələbləri araşdırılır, məşğulluq və işsizliklə bağlı vəziyyət təhlil olunur: “Təhlillərin aparılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Milli Observatoriyası və bu tip başqa qurumlardan trendlərlə bağlı araşdırmalar Agentliyə təqdim ediləcək. Təklif formalaşdırılarkən, ilk növbədə, həmin dataya əsaslanacağıq. Əsas məqsədimiz odur ki, tələb hansı sahədə daha çoxdursa, orada tələbə qəbulu elan edək. İqtisadiyyat inkişaf edir, ona görə də rəqabətədavamlı peşələr təklif edilməlidir. Məsələn, turizm sahəsində xeyli yeni ixtisas yaratdıq. Həmin ixtisasları bitirən şəxslərin işə qəbul olma faizləri də yüksəkdir. Demək olar ki, bu ixtisaslar üzrə tələbələrimizin 60 faizə yaxını tədris ili bitməmiş işlə təmin olunurlar. Eynilə digər bir sıra ixtisaslar da var ki, onlara tələb yüksəkdir. Son illərdə ictimai iaşə sahəsində aşpazlıq, qənnadçı-şirniyyatçı, elektronika, rabitə sahəsində bir çox ixtisaslara ehtiyac artıb”.

 

Ən yaxşı peşə müəllimi

 

Müasirləşən peşə təhsili müəssisələrində tamamilə yeni ixtisaslarda yeni proqramla, tamamilə yeni avadanlıqlarla, yeni metodla tədris həyata keçirəcək kadrlar necə, varmı? C.Kərəmov “var” deyib: “Uğur formulumuzun bir hissəsi təhsilverənlərin keyfiyyətindən asılıdır. İki ildir peşə təhsili müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının işə qəbulunu mərkəzləşmiş qaydada aparırıq. Ancaq müəssisələrimizin çoxunda çalışmanın yaş həddinə çatan müəllimlərimiz də var. Regionlarda mütəxəssislərin tapılmaması onların əvəz edilməsində ciddi problem yaradır”.

 

C.Kərəmovun fikrincə, ən yaxşı peşə müəllimi təhsili ilə yanaşı, sənayedə təcrübəsi olanlardır: “Sənayedə çalışan ixtisaslı kadrların peşə təhsili müəssisələrinə cəlb olunması istiqamətində bəzi təkliflərimiz olacaq”.

 

Təhsilverənlərin bilik və bacarıqlarının artırılması, təkmilləşdirilməsi də davam etdirilir: “Neçə ildir həm ölkə daxilində, həm xaricdə təlimlər təşkil edirik. Türkiyə ilə olan əlaqələr çərçivəsində son 2 ildə təqribən 70-ə yaxın müəllimimiz təlimlərdə olub”.

 

Yeni maliyyələşmə mexanizmi

 

Bu ildən ilk dəfə olaraq peşə təhsili sahəsinin maliyyələşdirilməsində də yenilik tətbiq olunur. Artıq peşə təhsili müəssisələrində də adambaşına maliyyələşmə sisteminə keçilir. İlk mərhələdə  8 müəssisə bu sistem əsasında maliyyələşəcək.

 

C.Kərəmovun fikrincə, dünyada təhsilin bütün pillələri üzrə adambaşına maliyyələşmə mexanizmi geniş yayılıb. Müəssisələrdə hər bir tələbə üçün xərclər müəyyənləşdirilir və sifariş bu formada aparılır: “İndiyə qədər peşə təhsili müəssisələrinin tələbələrinə hansı ixtisas üzrə hazırlıqdan asılı olmayaraq, eyni xərc müəyyən olunmuşdu. Tutaq ki, qaynaqçının da, hotel inzibatçısının da hazırlanmasına eyni vəsait düşürdü. Halbuki qaynaqçı hazırlamağın xərcləri daha çoxdur - qaynaq aparatı alınır, elektrik enerjisi sərf edilir, elektrodlar və digər ləvazimatlar tələb olunur. Və ya İT mütəxəssisinin hazırlanması üçün kompüter texnikası, ləvazimatlar və proqram lisenziyaları alınmalıdır. Təbii ki, hotel inzibatçısının hazırlanması ilə müqayisədə bu ixtisaslar üzrə mütəxəssis hazırlanması daha baha başa gəlir”.

 

Yeni maliyyələşmə mexanizmində hər bir təhsilalanın illik xərci nəzərə alınır və ayrılan vəsait səmərəli istifadə edilir: “Bu, hansı müəssisənin daha yaxşı kadr hazırladığını müəyyənləşdirməyə imkan verəcək və uzunmüddətli perspektivdə müəssisələrarası rəqabəti artıracaq”.

 

Özünüidarəetmə imkanı yaranır: “Müəssisələrin əldə olan vəsaiti idarə edə bilmələri üçün müəyyən qədər muxtariyyəti olacaq. Xərcləri daha optimal həyata keçirə bilən müəssisələr həm işçilərin rifahını yaxşılaşdıra, həm də özünün tədris prosesini inkişaf etdirə biləcək”.

 

İşəgötürənlə birgə hazırlıq

 

Peşə təhsilinin keyfiyyətini ölçmək üçün əsas göstəricilərdən biri məzunların əmək bazarında uğurudur. Ona görə də peşə təhsili müəssisələrinin özəl sektorla əməkdaşlığına böyük önəm verilir və kadrların hazırlanmasında peşə təhsili müəssisəsi ilə yanaşı, işəgötürən də iştirak edir. “Dual təhsil” adlanan bu metodun son 3 ildə tətbiqi nəticələrindən danışan C.Kərəmov deyib ki, 1600-dən çox tələbə bu modelə cəlb edilib: “Artıq 70-dən çox işəgötürənlə birgə 9 regionu əhatə etmişik”.

 

Son 2 ildə özəl sektorla əməkdaşlıq çərçivəsində başqa yeni modellər də tətbiq edilib. Məsələn, qeyri-neft sektorunda ən böyük şirkətlərdən biri olan “Azərgold” şirkəti ilə birgə təqaüd proqramı təsis edilib. Son 2 ildə “Azərgold” 26 tələbəyə aylıq 200 manat təqaüd verib.Təqaüd həmin şirkətin ehtiyaclarına uyğun olan ixtisaslaradır. Artıq 5 tələbə həmin şirkətə işə qəbul edilib.

 

Beynəlxalq əməkdaşlıq: Peşə təhsilində ikili diplom proqramı təklif olunur

 

Peşə təhsilinin inkişafı üçün beynəlxalq təcrübə öyrənilir, tətbiq edilir. Belə əməkdaşlıqların uğurlu nəticələri olur. Məsələn, hazırda Qəbələ və Bərdə peşə təhsili müəssisələrinin tələbələri Almaniyada 8 aylıq təcrübə proqramı keçir. Türkiyə ilə imzalanan protokoldan isə gözləntilər böyükdür: “Nəzərdə tutulub ki, iki peşə təhsili müəssisəsi birgə idarə ediləcək. Müəssisənin ixtisas kurikulum proqramları Türkiyədə təsdiq olunacaq. Azərbaycan qanunvericiliyi ilə təsbit olunmuş ümumtəhsil fənləri və digər ixtisasların tədrisi əvvəlki qaydada davam edəcək. Burada bizim seçdiyimiz 4 əsas ixtisas qrupu var: Türkiyə mətbəxinə aid qida və içkilərin hazırlanması, otelçilik və səyahət xidmətləri, informasiya texnologiyaları və tekstil peşə sahələridir. Anlaşma və yanaşma ondan ibarətdir ki, Türkiyə tərəfi həmin müəssisələrdə emalatxanaların təminatını üzərinə götürür, müəssisənin qurulması və digər məsələlər isə Azərbaycan tərəfindən həyata keçirilir. İşçi səviyyədə hazırda işlər aparılır. Ümid edirik ki, tezliklə həmin proqrama qəbul apara biləcəyik”.

 

C.Kərəmov birgə proqramların bir sıra komponentlərindən də bəhs edib: “Təhsil proqramları hazırlanmalı, kitablar tərcümə edilməlidir. Hazırda məktəblərin idarə edilməsi ilə bağlı müəyyən məsələlər razılaşdırılır”.

 

Türkiyə-Azərbaycan birgə peşə təhsili müəssisəsində təhsil alan tələbələrə həm Azərbaycanın, həm də Türkiyənin diplomunun verilməsi nəzərdə tutulur. C.Kərəmov deyir ki, Avropa İttifaqı ölkələri ilə də ikili diplom proqramlarının yaradılması ilə bağlı araşdırmalar aparılıb təkliflər veriləcək: “Burada standartların uyğunluğu məsələsi var. İkili diplom olmasa belə, biz beynəlxalq əməkdaşlıq çərçivəsində təcrübə proqramlarını artıracağıq”.

 

Ruhiyyə DAŞSALAHLI