“Araşdırma məsələləri” mövzusunda nümunəvi dərs


Bu günün müəllimindən yüksək  bilik və bacarıq tələb olunmaqla yanaşı, öz dərslərini  müasir təlim metodlarından istifadə edərək nəticələr üzərində qurulmasını, interaktiv formada təşkilini zəruri edib. Bu gün ümumtəhsil məktəblərində təhsilə yanaşma dəyişmişdir. Biz müəllimlərin üzərinə düşən vəzifələrdən biri də məhz  tənqidi  təfəkkürə malik vətəndaş yetişdirmək,  insan kapitalının inkişafına yardımçı olmaqdır.  Etiraf edək ki, bugünün  şagirdləri  həm  analitik düşüncə , hadisələrə anındaca reaksiya vermək baxımından, həm də yüksək  İKT bacarıqlarına malik olmaları ilə sözün yaxşı mənasında,  fərqlənirlər. Və təbiidir ki, belə şagirdlərin müəllimləri də  öz üzərində işləyən, dərslərini müasir təlim metodları ilə  quran, daim axtarışda olan yaradıcı, peşəkar olmalıdır.

 

Müəllimin dərsdə fəal təlim metodlarına geniş yer verməsi, qruplarla iş təşkil etməsi, dərsin motivasiya, problemin qoyuluşu və həlli, qiymətləndirmə kimi mərhələlərini kurikulumun tələblərinə uyğun qurması, müxtəlif resurslardan səmərəli istifadə etməsi yeniləşən müasir təhsilimizin başlıca tələblərindəndir. 

 

Bir gənc müəllim olaraq mən də  riyaziyyat fənninin tədrisində  fəal təlim üsullarından istifadə edirəm. İstifadə etdiyim  elektron dərs vəsaitləri, müxtəlif  resurslar  sinifdə əsl təlim mühiti  yaradır. Məhz belə bir qurulan dərs prosesində  şagirdlər eşitməklə bərabər, dərsi əyani şəkildə görür və bunun nəticəsində mövzunu  daha yaxşı mənimsəyirlər.

 

Bu sahədə topladığım təcrübəni Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə  həsr etdiyim  “açıq dərs”  nümunəsində paylaşmaq istəyirəm.

 

Ulu Öndər  Heydər Əliyev müəllim peşəsinə yüksək qiymət verərək deyirdi: “Müəllimin vəzifəsi ona görə şərəflidir ki, o cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətəndaşlar hazırlayır. Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır”.

 

Dərsin keçirilməsində əsas məqsəd  “Heydər Əliyev İli” çərçivəsində  Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi həyata keçirdiyi işlərdən, o cümlədən ölkəmizdə əsaslı sabitlik və inkişafın əldə olunmasındakı rolunun şagirdlərə çatdırılması, eyni zamanda onlarda  XXI əsr bacarıqlarını (öyrənmə-4K, rəqəmsal və həyati bacarıqlar ) inkişaf etdirmək idi.

 

VII “A” sinfində keçdiyim dərsin  mövzusu “Araşdırma məsələləri” adlanırdı.

 

Standart: 1.3.1: Praktik məsələlərin həllində təqribi  hesablamalar  aparmaq və nəticənin reallığa uyğunluğunu yoxlamaq.

Dərsin məqsədi: Ümummilli Lider Heydər Əliyevin siyasi təcrübəsinin Azərbaycana qazandırdıqları və onların riyazı araşdırmalarını praktik məsələlərə tətbiq etmək.

İş forması: qruplarla, fərdi, kollektiv

İş üsulu: Beyin həmləsi, problemli vəziyyət, müzakirə,  proqnozlaşdırma

İnteqrasiya: Fənlərarası-tarix, coğrafiya, informatika və fəndaxili

Resurslar: Dərslik, iş vərəqləri, İKT avadanlıqları, 3D VR eynəklər

 

Dərs Ulu Öndər Heydər Əliyevin   “Arzu edirəm ki, birlikdə gedək Şuşaya, gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa  Azərbaycanın gözüdür.  Hər bir azərbaycanlı üçün bir iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Amma təkcə Şuşa yox,  Qarabağın bütün bölgələri hər birimiz üçün əzizdir” -ifadələri ilə başladı.  Bu mövzu  şagirdlərimizin müzakirəsi ilə davam etdi. Müzakirələrdə  şagirdlər  gəldikləri nəticələri diqqətə çatdırdılar. Bildirildi ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin olunması mahiyyət etibarilə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi yolun tərkib hissəsi idi.Və 2020-ci il sentyabrın 27-si başlayıb 44 gün davam edən Vətən müharibəsində - 10 noyabrda  yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və Ali Baş Komandan, Prezident İlham Əliyevin bu illər ərzində həyata keçirdiyi uğurlu siyasətinin nəticəsində xalqımız QƏLƏBƏ qazandı.

 

Sonra şagirdlər 4 qrupa bölündü və onlara araşdıracaqları mövzular təqdim olundu.Şagirdlər mövzularla bağlı mobil telefonları  vasitəsilə internetə daxil olaraq lazımi  statistik məlumatları toplamağa başladılar. Hər qrup onlara verilmiş tapşırığa uyğun riyazi hesablamalarını apararaq  10 dəqiqə müddətində  diaqramını təqdim etdi. Bu tapşırığın verilməsində əsas məqsəd şagirdlərimizdə  real həyati situasiyalar qarşısında qoyulmuş problemin  həllinin riyazi yolunu özləri tərəfindən  araşdırılması, əldə etdiklərini təcrübədə tətbiqini öyrənmələrini təmin etmək,  iş prosesində qrup halında işləmək bacarıqlarına, əməkdaşlığa nail olmaq, müxtəlif problemləri birlikdə həll etmək və onlarda kommunikativ bacarıqları inkişaf  etdirməkdir.

 

4 qrupa aşağıdakı tapşırıqlar verilmişdi:

 

I Qrup:

* 1990-2020-ci illərdə hərbi əməliyyatlar zamanı ümumilikdə nə qədər itki vermişik?

* I Qarabağ müharibəsində nə qədər şəhidimiz olub?

* I Qarabağ müharibəsində taleyi hələ də məlum olmayan (itkin düşmüş, əsir və girov götürülmüş) mülki əhalinin sayı nə qədərdir?

* II Qarabağ müharibəsində nə qədər şəhid vermişik?

* II Qarabağ müharibəsində şəhid olan mülki əhalimiz və itkin düşən hərbiçilərimizin   sayı nə qədər olmuşdur?

* II Qarabağ müharibəsində cəmi itkilərimizin sayı

* Ümumilikdə I və II Qarabağ müharibəsində itkilərimizin sayı nə qədər olmuşdur?

 

II Qrup:

* I Qrupun təqdim etdiyi statistik məlumata əsasən I Qarabağ müharibəsində şəhid olanların, itkin və girov düşənlərin  Azərbaycan əhalisinin  nə qədər hissəsini və neçə faizini təşkil etdiyini tapın.

* I Qrupun təqdim etdiyi statistik məlumata əsasən II Qarabağ müharibəsində şəhid olanların, itkin və girov düşənlərin  Azərbaycan əhalisinin  nə qədər hissəsini və neçə faizini təşkil etdiyini tapın.

I və II Qarabağ müharibəsində ümumilikdə verdiyimiz itkiləri eyni  diaqramda müqayisəli  şəkildə qurun.

 

III Qrup:

* I Qarabağ müharibəsi başlayandan nə qədər  kənd təsərrüfatına yararlı torpaq sahəsi itirmişik və həmin torpaqlardan 30 il müddətində nə qədər taxıl götürə bilərdik?

* I Qarabağ müharibəsi ilə əlaqədar Azərbaycanın ümumi və yerli su ehtiyatının neçə faizini itirmiş olduq?

 

IV Qrup:

* I Qarabağ müharibəsində torpaqlarımızın  20%-ni itirməklə 30 il müddətində kənd təsərrüfatımıza dəyən ziyanı hesablayın.

* II Qarabağ müharibəsinə qədər 30 il müddətində Azərbaycanın dağ-mədən sənayesinə vurulan zərər nə qədər olub? (xüsusilə qızıl yataqlarını nəzərə alın).

 

Qeyd olunan tapşırığı  həll etməklə şagirdlərimiz xalq olaraq bu illər ərzində nə qədər şəhid verdiyimizi, 20% torpağımızı itirməklə kənd təsərrüfatımıza, dağ-mədən sənayemizə, mədəni irsimizə, dövlət büdcəmizə, ümumilikdə iqtisadiyyatımıza nə qədər ziyan dəydiynin şahidi oldular.  Bununla da, tədris etdiyim riyaziyyat fənnini tarix, coğrafiya və informatika fənlərinə inteqrasiya edərək əldə etdiyim tarixi  faktları, informatik məlumatları, statistik rəqəmləri  və coğrafi  məlumatları şagirdlərin diqqətinə çatdırdım. Uşaqlar interaktiv tədris prosesinin  fəal iştirakçısına çevrildilər.

 

Şagirdlərə verilən  2-ci tapşırıqlar  fərdi idi. Belə ki, uşaqlar  onlara təqdim edilmiş QR - kodlara daxil olaraq məsələləri müstəqil həll edərək cavab kartlarına qeyd edirdilər. Tapşırığı bitirən şagirdlərin nəticələri zipGrade proqramı vasitəsilə yerindəcə scan edilərək müəyyən olunurdu.

 

Bu tapşırığı verməkdə məqsəd isə  şagirdlərin fərdi potensial imkanlarını müəyyənləşdirmək, hər bir şagirdin fərdi qiymətləndirilməsi nəticəsində onun mövzu ilə bağlı  hər hansı bir çətinliyini aşkarlamaq və bununla bağlı inkişafetdirici sualların köməyi ilə bu problemlərin aradan qaldırılması idi. 

 

Şagirdlərin mövzu ilə bağlı biliklərini müəyyənləşdirmək məqsədi ilə praktik məsələlərin verilməsi də onların riyazi bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Bunu diqqətdə saxlayan bir müəllim olaraq şagirdlərə müxtəlif  məsələlər verdim. Məsələn: Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə Fransaya rəsmi səfəri zamanı yanvarın 26-da Dağlıq Qarabağ probleminin nizamlanması ilə əlaqədar olaraq Ermənistan prezidenti ilə sutkanın 1/12 hissəsini təkbətək danışıqlara, bir o qədər hissəsini isə Fransa və Ermənistan prezidentləri ilə birgə görüşünə sərf etmişdir. Sonra isə dövlət başçılarının şərəfinə ziyafət verilmiş və bu 2 saat davam etmişdir. Heydər Əliyev həmin gün neçə saat bu görüşlərə vaxt sərf etmişdir?

A) 6     B) 12     C) 4     D) 8

 

Şagirdlərin cavabları müxtəlif oldu.  Düzgün cavab, təbii ki, A variantı idi.

 

Digər bir məsələ isə belə idi: Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri (BTC) “Əsrin Müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunacaq xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. Kəmərin uzunluğu 1767 km-dir. Onun 248 km-i Gürcüstanın, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Kəmərin Azərbaycandan  keçən hissəsinin uzunluğu ümumi kəmərin uzunluğunun hansı hissəsini təşkil edir? (Nəticəni onda birlərə qədər yuvarlaqlaşdırın).

A) 0,2     B) 0,3     C) 0,4     D) 0,25

 

Hər qrup bu məsələnin düzgün həlli üçün  müəyyən qədər fikirləşməli oldu. Demək olar ki, şagirdlərin hamısı məsələni düzgün həll etdi. Cavab B  variantı - 0,3 idi. 

 

Şagirdlər təqdim olunan digər məsələlərin də cavablarını  qeyd edərək, həll yollarını göstərdilər. 

 

Bu tapşırıqlarda şagirdlərimiz  riyazi məsələləri həll etməklə yanaşı,  həm də, Ümummilli Lider Heydər Əliyevin  siyasi təcrübəsinin Azərbaycana qazandırdığı mühüm müqavilələr, beynəlxalq layihələr onların əhəmiyyətini və bugünkü Azərbaycan Respublikasının inkişafındakı rolunu müəyyən etmiş oldular.

 

Bu gün müəllim olaraq üzərimizə düşən ən mühüm vəzifələrdən biri də  şagirdlərimizi gələcək dünyaya necə hazırlamaqdır. Biz  müəllimlər düşündüklərini reallaşdıra bilən, XXI əsr bacarıqlarına sahib gənclər  yetişdirməliyik. Təhsilimizdə  artıq yeni yanaşmalardan isitfadə olunur. Rəqəmsal tədris proqramına  keçidi araşdıran bir çox məktəblər müxtəlif  həll yolları müəyyənləşdirirlər. Bu həll yollarından biri oyuna əsaslanan təlimdir. Hazırda oyuna  əsaslanan təlim şagirdlərin xüsusilə diqqətini cəlb edir. Elə  kurikulum və tədrisə bu cür yanaşma rəqəmsal tədris proqramının üstünlüklərindən tam yararlanmaq  üçün xüsusilə məqsədəuyğundur. Məhz  bunu nəzərə alaraq 3-cü tapşırığımız oyun əsaslı öyrənməyə əsaslanırdı.

 

Tapşırığa 1-ci düzgün cavab verən şagird mükafat olaraq Şuşaya virtual səyahət qazandı. Şuşaya virtual səyahət 3D VR eynəkləri ilə  həyata keçirildi. Amma əvvəlcə şagird verilmiş məsələni həll etmək üçün tapşırıqda hansı şərtin  çatışmadığını müəyyən edib, araşdırmalı idi. Verilən tapşırıq belə idi: Miqyas 1:100 olarsa, Şuşa Cümə məscidinin plandakı kiçildilmiş ölçüsünü tapın.

 

Sonra ekranda cədvəl və məlumatlar təqdim edilərək şagirdlərlə müzakirə əsasında 2030-cu ilədək Azərbaycanın inkişafı və Ermənistanın tənəzzülü ilə bağlı proqnozlar verildi.

 

Refleksiya: Bu məqsədlə dərsdə keçirilənlər təkrarlandı, bacarıqlar yoxlanıldı və dərs prosesində şagirdlərin fəaliyyəti səviyyələr  üzrə qiymətləndirildi. Onlar  bugünkü dərsimizdə nəyi  öyrəndiklərini və məqsədimizi bir daha ifadə etdilər.

 

Yaradıcı  tətbiqetmə:

 

Onu da qeyd edim ki,  tədris prosesi boyu mən yaradıcı tətbiqetmə mərhələsinə xüsusi önəm verirəm. Məhz bu mərhələdə şagirdlərin mövzunu necə mənimsədikləri aydın olur.  Ali Baş Komandan, Prezident İlham Əliyevin  “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bundan sonra azad edilmiş torpaqlarımıza həyat qayıdacaq və bu işdə hər birimiz fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var” - fikirlərinə  istinad edərək şagirdlərə ev tapşırığı verdim. Mövzu belə idi:  “İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar biznes qurmaq istəsəydiniz hansı sahəni seçərdiniz? Bunun üçün əlinizdə nə qədər büdcə olmalıdır, xərcləriniz nə qədər olacaq, biznesi qurduqdan sonra aylıq və illik gəliriniz nə qədər olacaqdır. 2030-cu ilə qədər xərclərinizi çıxdıqdan sonra bu biznesdən nə qədər gəlir əldə etmiş olacaqsınız?”

 

Keçdiyim  bu dərsdə şagirdlər mövzunu dərindən mənimsəməklə yanaşı, bilik və bacarıqlarını yaradıcı şəkildə  yüksək səviyyədə nümayiş etdirməyi bacardılar.

 

Şəhla YOLÇUYEVA,

Bakı şəhəri Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi