Bakı Slavyan Universitetində (BSU) 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası ənənəvi formada başlayıb. İmtahanlar mərkəzləşdirilmiş qaydada təşkil olunub, 400 tələbə eyni vaxtda bir zalda imtahan verir. İmtahan keçirilən zalda imtahanın başlanma və bitmə saatlarını göstərən monitorlar yerləşdirilib.

 

İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının təşkili üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib.

 

Hər fənn üzrə tələbələrin giriş balları fakültələrdə müvafiq  lövhələrdə asılıb. 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həllini təmin etmək məqsədilə universitet rəhbərliyi, universitetdə fəaliyyət göstərən valideyn şuraları, tələbə gənclər təşkilatları, mətbuat nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb.

 

Yaz semestrinin imtahan sessiyası 6 iyuladək davam edəcək.