Layihə çərçivəsində gənclərə100 bədii kitab təqdim olunub


Naxçıvan şəhərindəki Saat meydanında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə “Oxunması zəruri olan kitablar”la bağlı tədbirlərin davamı olaraq “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinin təbliğat kampaniyası olub. Tədbirdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli çıxış edərək muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, həmçinin gənclərə göstərilən diqqət və qayğıdan danışıb, kampaniyanın mahiyyəti haqqında ətraflı məlumat verib.

 

“Layihənin keçirilməsində məqsəd gənc nəsildə vətənpərvərlik, tarixə, milli köklərə bağlılığın formalaşdırılması, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünün zənginləşdirilməsi, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsidir”, – deyən Tahir Məmmədli qeyd edib ki, “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinə iyulun 20-də Naxçıvan şəhərində yerləşən “Zirvə” kitab evində start verilib. Bu günədək layihədə 80 nəfər iştirak edib.

 

Təbliğat kampaniyasında “Oxunması zəruri olan kitablar”, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin yer aldığı 100 bədii kitab gənclərə təqdim olunub.

 

Kampaniyada iştirak edən gənclər özləri ilə gətirdikləri kitabları yeni kitablarla dəyişdiriblər. 50 nəfər gəncin iştirak etdiyi kampaniya günün sonunadək Saat meydanında davam edib.