Yetirmələri ilə tanınan Qax məktəbi


İlk tanışlıq zamanı adama ən çox verilən suallardan biri “Hansı məktəbi qurtarmısan?” olur. Və bu sualın cavabı əksər hallarda sənin haqqında həmsöhbətində təsəvvürün yaranmasında az rol oynamır. Məktəbin adı, onun verdiyi təhsilin səviyyəsi səni müsbət yöndən tanıdır. Bəzən əksinə də olur: məktəbi yetirmələrinə görə tanıyırlar.

 

Yaxşı yadımdadır, təxminən, 4 il əvvəl Bakıda nüfuzlu məktəb yarışlarından biri- VIII İNEPO Avrasiya Layihə Olimpiadası keçirilirdi. Tədbir beynəlxalq səciyyə daşıdığından, əvvəlki illərdə olduğu kimi, 2014-cü ilin aprelində baş tutan növbəti olimpiadaya da yaxın xaricdən xeyli məktəbli gəlmişdi. Azərbaycanlı şagirdlərlə yanaşı, 10-dan çox ölkədən iştirakçının qatılması yarışmada rəqabətin xeyli yüksək olacağından, gərgin mübarizə gedəcəyindən xəbər verirdi.

 

Əvvəlki olimpiadaların nəticələri göstərirdi ki, bu mötəbər bilik yarışmasında, adətən, ölkənin ən tanınmış, yüksək təhsil mühiti olan məktəblərinin yetirmələri qalib gəlir. Bu dəfə də oxşar stuasiya gözlənilirdi. Lakin qaliblərin adları elan ediləndə məlum oldu ki, bu ənənə pozulub. Belə ki, qaliblərin srasında  ölkəmizin ucqar bölgələrinin birindən olan bacı-qardaş 2 məktəbli: Vüsalə və Kamran Süleymanovlar da var idi. Onlar tələbkar münsiflər heyətinin “süzgəcindən” cəsarətlə keçərək I yeri tutmuş, qızıl medal almışdılar. Hamı bu məktəbli bacı-qardaşı təbrik edir, onların oxuduğu məktəbin adı dillərdə gəzirdi. Bu, Qax şəhər 3 nömrəli tam orta məktəb idi. Vüsalə və Kamran məktəblərinin adını yüksəltmişdilər. Hamı onlara təlim-tərbiyə verən məktəbə, pedaqoji kollektivə əhsən deyirdi. Özü də olimpiadadan aldıqları qızıl mükafat Vüsalə və Kamranın yeganə uğurları deyildi. Onlar   həmin il Bakı şəhərində  CATEC-II Xəzər Beynəlxalq Su Texnologiyaları sərgisi və konfransında da iştirak etmiş və sertifikat almışdılar.

 

Belə uğurlar gələn il 40 yaşı tamam olacaq şəhid Vaqif Əliyev adına Qax şəhər 3 nömrəli tam orta məktəbdə son illər davamlı olaraq qazanılır. Məktəbin şagirdləri respublika və beynəlxalq səviyyəli bilik yarışlarında, olimpiada  və müsabiqələrdə müntəzəm iştirak edərək uğurlu nəticələrə imza atırlar. Məələn, məktəbin şagirdi Səbinə Rzayeva 2013-2014-cü dərs ilində ABŞ-ın ölkəmizdəki səfirliyinin xətti ilə keçirilən FLEX - şagirdlərin mübadilə proqramında iştirak edərək qalib gəlib və ABŞ-da 1 illik təhsil almaq hüququ qazanıb. O, növbəti - 2014-2015-ci tədris ilində ABŞ-ın Texas ştatında yerli məktəblərdən birində təhsil alıb. Digər bir şagird -Fəridə İmaməliyeva isə ABŞ səfirliyi və FLEG təşkilatı tərəfindən təşkil edilmiş ingilis dili olimpiadasında I yerə layiq görülüb və ABŞ-a səfər etmək hüququ qazanıb.

 

Ayla Əliyeva da doğma məktəbinə uğur qazandırıb. O, 2015-2016-cı tədris ilində gənc meşəçilərin “Meşələri qoruyaq” devizi altında keçirilən IV respublika müsabiqəsində “Meşə ekologiyası və davamlı idarəetmə” nominasiyası üzrə qalib gələrək I yerə çıxıb və diplmla təlif olunub. 2016-cı ildə isə o, Rusiya Federasiyasının Təbii Sərvətlər və Ekologiya Nazirliyi tərəfindən XIII Beynəlxalq “Gənc meşəçilər” msabiqəsində iştirakına görə BMT-nin Parlament Assambleyasının təqdim etdiyi “Büllur Qlobus” mükafatına  layiq görülüb. Heydər Vəlili 2015-ci ildə Vergilər Nazirliyinin Zaqatala şəhər 13 saylı Ərai Vergilər İdarəsinin təşkil etdiyi “Vergi uşaqların gözü ilə” mövzusundakı rəsm müsabiqəsinin qalibi olub və diplom alıb.

 

2016-cı ildə tədris ocağının 4 şagirdi - Fidan Bazayeva, Səltənət Məmmədova, Səbinə Orucova və İslam Manafov orta təhsil müəssisələrinin şagirdləri arasında keçirilən rus dili və ədəbiyyatı üzrə VIII Respublika olimpiadasında  fəal iştiraklarına görə sertifikatla təltif ediliblər. Gülzar Abdullayeva 2015-2016-cı tədris ilində Xətai Sənət Mərkəzində keçirilən “Mənim düşüncəm” adlı rəsm müsabiqəsində iştirakına görə fəxri fərmanla təltif olunub. Emil Xasiyev 2016-cı ildə “Gənc meşəçilər”, 2017-2018-ci illərdə isə rus dili və ədəbiyyatı üzrə respublika olimpiadlarında iştirakına görə diplomlarla mükafatlandırılıb.

 

Ümumiyyətlə, məktəbdə belə istedadlı şagirdlər çoxdur və kollektivin onları vaxtında aşkara çıxarıb düzgün istiqamətləndirməsi nəticəsində şagirdlər öz bilik və bacarıqlarını müxtəlif müsabiqə və yarışlarda nümayiş etdirərək sevimli məktəblərinin və müəllimlərinin adını ucaldırlar.

 

Ölkədə aparılan təhsil islahatlarında, təhsilin keyfiyyətinin yüksəldilməsinə hədəflənmiş proqram və layihələrdə yaxından iştirak edən tədris ocağı və onun işgüzar, yenilikçi kollektivi təhsil sahəsində qazanılmış uğurlara öz töhfələrini verməyə çalışırlar.

 

40 il ərzində Qax şəhər 3 nömrəli tam orta məktəbini, təxminən, 1500 nəfər bitirib. Məktəbin məzunları Azərbaycanda və xaricdə müxtəlif peşə sahələrində çalışırlar.

 

İndi məktəbdə 26 müəllim işləyir. Məktəbin kollektivi çoxmillətlidir, müəllimlərin arasında azərbaycanlılarla yanaşı rus və saxurlar da var. Necə deyərlər, burada əsl multikultural mühit hökm sürür. Məktəbin direktoru Qalina Şəfiyeva bacarıqlı təhsil təşkilatçısıdır. O, artıq 30 ildir ki,  bu tədris ocağına rəhbərlik edir.

 

Məktəb rusdilli olsa da, burada Azərbaycan dilinin  dövlət dili kimi tədrisinə, ölkəmizin tarixinin və Azərbaycan dövlətçilik prinsiplərinin öyrədilməsinə, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir.

 

Məktəbdə Azərbaycan dili müəllimi Səidə Abidova, rus dili müəllimi Fətmət Seydəliyeva, ingilis dili müəllimi Mətanət Vəliyeva, ibtidai sinif müəllimi Mehriban Vəzirova, tarix müəllimi Leyla Məmmədova, kimya müəllimi Jaklin Musayeva kimi səriştəli, yenilikçi, işini bilən müəllimlər çalışır. Onlar şagirdlərin  bilikli, vətənpərvər vətəndaş kimi yetişməsinə bütün qüvvələrini sərf edirlər. Məktəbin kollektivi təhsildə yüksək keyfiyyətə nail olmaq üçün öz üzərində müntəzəm çalışır.

 

Məktəbin məzunları buraxılış və qəbul imtahanlarında da, bir qayda olaraq, yüksək nəticə göstərirlər. Hazırda məktəbdə 285 şagird təhsil alır. Onların arasında azərbaycanlılar, gürcülər, saxurlar, belaruslar var.

 

Bununla belə, məktəb bəzi problemlərlə də üz-üzədir. Tədris ocağının binası müasir tələblərə cavab vermir. Bina 2010-cu ildə  Yaponiya səfirliyinin dəstəyi ilə tikilib, sinif otaqlarının ölçüləri 222-dir. Bu da şagirdlərin həmin otaqlarda yerləşdirilməsinə çətinlik törədir.

 

Məktəbdə istilik sistemi var, amma bufet, akt, idman zalları yoxdur. Köhnə binalardakı otaqlar odunla qızdırılır. Bir otaqdan ibarət olan kitabxananın isə oxu zalı yoxdur. Həmçinin məktəb kitabxanasının rus və Azərbaycan dillərində bədii ədəbiyyatla təmin olunmasında köməyə ehtiyacı var.

 

RTŞ tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulsa da, məktəbin müəllimləri hesab edirlər ki, burada mövcud olan maddi-texniki bazanın gücləndirilməsi şagirdlərin təlim və tərbiyəsini daha yüksək səviyyədə qurmaq imkanı yaradardı. Müəllim və valideynlər ümid edir ki, bu məsələ öz müsbət həllini tapacaqdır.

 

Rövşən Ağayev